Səddam Hüseyn və Qəzzafi öldürülməsəydi... İŞİD OLMAZDI?

Səddam Hüseyn və Qəzzafi öldürülməsəydi... İŞİD olmazdı?

Qabil Hüseynli: Qəzzafi Səddamın tayı deyildi, çünki...” 

 

Dünyada İŞİD təhlükəsi davam etdikcə, bu terror təşkilatı da gündəmdə qalmaqda davam edir. Bütün ölkələrin qorxulu röyasına çevrilən qruplaşmanın yarandığı və mövcudluğu barədə ən müxtəlif mövqelər var. 
Əksəriyyət Amerikanın Yaxın Şərqdə son 15 ildə apardığı əməliyyatlara görə İŞİD-ın yarandığını düşünür və dünyanın terror təhlükəsi altında qalmasında rəsmi Vaşinqtonu günahkar görür. 
Bir çoxları isə hesab edir ki, İraqda Səddam Hüseyn, Liviyada Müəmmər Qəzzafinin devrilməsi və Yaxın Şərqdə təhlükəsizliyin pozulması sonucda İŞİD-ın yaranmasına gətirib. Artıq belə fikirlər nəinki dünya dövlətləri, eyni zamanda, ABŞ, Böyük Britaniya, Almaniya və digər Avropa ölkələrinin yüksək rütbəli dövlət məmurları tərəfindən də səslənir. Hətta xatırlatmaq kifayət edər ki, ABŞ-ın yeni prezidenti Donald Tramp da seçki öncəsi təbliğat kampaniyası zamanı S.Hüseyn və M.Qəzzafinin öldürülməsindən təəssüfləndiyini və terror təhlükəsinin bundan sonra artdığını bildirmişdi. 
Trampın fikirləri belə idi: “Əgər İraq və Liviyada dövlət çevrilişləri olmasaydı, Yaxın Şərqdə hazırda tam dəyişik bir mənzərəni müşahidə etmiş olardıq. Səddam Hüseyn və Müəmmər Qəzzafini öldürmək Qərb üçün yanlış addım oldu. İraqa baxın! Əvvəl orada terrorçular olmazdı. Hüseyn onları dərhal məhv edərdi. Amma hazırda İraq terrorçular üçün Harvard görünüşü alıb. Mən demirəm ki, Hüseyn yaxşı adam idi. Doğrudur, o, pis idi, amma ölümündən sonra vəziyyət daha da pisləşdi. Liviyaya gəlincə, bu dəqiqə heç kim başa düşmür ki, orada nə baş verir”.
İraq müharibəsinin əsas təşəbbüskarlarından biri olan Böyük Britaniyanın keçmiş baş naziri Toni Bler də İraq savaşına görə təəssüfləndiyini və məhz bu savaşın İŞİD-i əmələ gətirən əsas səbəb olduğunu bildirmişdi. 
Əslinə qalsa, S.Hüseyn  də edam olunarkən bənzər fikirlər səsləndirmişdi. O demişdi: “Məni öldürməklə İraqa nəzarət edəcəyinizi düşünürsünüz, amma yanılırsınız. Yaxın Şərqdə hər şey yeni başlayır”.
Related image
Politoloq Qabil Hüseynli isə hesab edir ki, Səddam Hüseyn və Qəzzafini ayrı-ayrılıqda dəyərləndirmək lazımdır: “Səddam haqqında fikirlərim Qəzzafi haqqında fikirlərimdən tam fərqlidir. Hesab edirəm ki, Səddam o dövrdə diktator, avtoritar başçı kimi Yaxın Şərqi silkələyirdi. Amerikanın da maraqlarına zidd siyasət yürüdürdü. Səddamın dövründə İranla 8 illik müharibə aparıldı. Bu, həmin dövr idi ki, İranda ruhanilər yenicə hakimiyyətə gəlmişdilər. Bu müharibə Yaxın Şərqi kifayət qədər silkələdi. Müsəlman dünyası da tamamilə qarışdı. Bunun ardınca o, Küveyti işğal etdi və iddia etdi ki, bu ərazi vaxtı ilə İraqın bir hissəsi olub. Amerikanı Küveytlə yaxın əməkdaşlıq telləri bağlayırdı. Həmçinin Küveyti Səudiyyə Ərəbistanı müdafiə edirdi. Bir sözlə, ərəb ölkələri, ABŞ Səddam Hüseynin cızığından çıxdığını aydın görürdülər. İş o yerə çatmışdı ki, Səddam Hüseyn Bağdadın mərkəzindəki ”Hilton" otelinin qarşısında ata Buşun yerə döşənmiş böyük bir şəklini çəkdirmiş və otelə gələn hər bir şəxs onun şəklini tapdalayaraq, otelə girirdi. O, hər siyasətində ABŞ-la münasibətləri kəskinləşdirən addımlar atırdı. Bunun nəticəsində Amerika Küveytə hücum etdi, oranı azad etdilər və hətta Bağdadın mərkəzinə qədər gəlib çatdılar. 
O zaman Səddamı devrilməkdən və edam olunmaqdan Səudiyyə kralı qurtardı. O, ABŞ-dan xahiş etdi ki, hücumu dayandırsın və Səddamın hakimiyyətdə qalmasına imkan versin. O da həmin arqumentləri gətirdi ki, başqa cür olsa, vəziyyət gərgin olacaq. Bir sözlə, vəziyyətdən çıxmaq mümkün oldu. Amma Səddam Hüseyn heç cürə öz ənənələrindən kənara çıxmadı və Amerikanı təhdid etməkdə davam etdi. Onun ardınca kürdlərə qarşı böyük qətliam həyata keçirdi, hətta bu zaman kimyəvi silah da tətbiq etdi. Səddam elədikləri hərəkətləri ilə həmin dövrü düşünəndə o, qəddar, qaniçən diktator kimi xatırlanır. O zaman onun  devrilməsini dünyada hamı istəyirdi. İndi ABŞ-da elə şəxslər var ki, Küveyti azad etdikdən sonra Səddamı devirməməyə görə ata Buşu bu dəqiqə də qınayırlar. Tramp kimi siyasəti dərindən başa düşməyən birisi bu məsələni ayırd edə bilməz. 
Qəzzafiyə qarşı edilənlərə isə, heç cür haqq qazandırmıram. Çünki o, Səddamın tayı deyildi. Qəzzafi öz ölkəsində avtoritar rejim qursa da, sosial xarakterli bir cəmiyyət yaratmışdı. Bu cəmiyyət də əhalinin normal yaşaması üçün təminat verirdi. Bu başqa məsələdir ki, Yaxın Şərqdə vəziyyətin gərginləşməsində kim daha böyük rol oynadı. Zənnimcə, İŞİD-ın yaranmasında və vəziyyətin gərginləşməsində İraqdakı 250 minlik amerikan qoşununun oradan çıxarılmasının rolu oldu. Burada da Barak Obama günahkardır. O, hakimiyyətə gələn kimi ordunun çıxarılmasına başladı və beləliklə, bu ölkədə çox böyük sabitsizliyin əsasını qoydu. Liviya isə təkcə Amerikanın günahı deyil, burada NATO ordusu da var. Düşünürəm ki, o dövrü dərindən analiz edib, qiymət vermək lazımdır. Əməliyyatlarda iştirak edən ölkələr daxilində rəsmilər səviyyəsində üzr istəmələr, təəssüflənmələr var. Burada onların bir-birilərinə qarşı qısqanclıqları, siyasilərin istifadə halları var. Bu iddiaların irəli sürülməsinin hamısı subyektiv xarakter daşıyır".
Image result for DEASH
Politoloq S.Hüseynin dediyi son sözlərə də toxundu: “Zənn etmirəm ki, o hadisələri bu cür proqnozlaşdırırdı. Sadəcə, özünü qəhrəmanlar kimi aparıb, gələcəyi görmüş bir siyasi xadim kimi tarixə həkk etmək istəmişdi. İŞİD-ın əsasını Səddam Hüseynin qüvvələri təşkil edirdi. Bu doğrudur, amma Barak Obamanın terror təşkilatının yaranmasında rolu çox böyükdür. Söylənilən fikirlərin əksəriyyəti pafosdan o tərəfə keçmir”.






Fikirlər