20.08.201- "Ərimə qarşı çox hörmətsizlik edildi” -Gülün xanımı gileyləndi
Səlahiyyət dövrü başa çatmaqda olan Türkiyə prezidenti Abdullah Gül Çankaya köşkündə vida mərasimi keçirib.
“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, mərasimə keçmiş birinci xanım Hayrünnisa Gülün sözləri damğa vurub. Belə ki, mərasimdə olduqca əsəbi olan H. Gül həyat yoldaşına qarşı seçkilər ərəfəsində xeyli haqsızlıq edildiyindən şikayətlənib: “Çətin bir mərhələdən keçirik. Nələr yazıldığını gördük, nələr deyildiyini eşitdik. Mən hər şeyi bilirəm. Abdullah bəy üzülməyim deyə interneti bağlayırdı, qəzetləri məndən alırdı ki, oxumayım.Amma mən nəyin nə olduğunu çox yaxşı bilirəm. Abdullah bəy mədəniyyətli olduğuna görə heç nə demir. Ona qarşı çox haqsızlıqlar, hörmətsizlik edildi. Biz 28 fevral dövründə mənim hicabımın müzakirə edildiyi günlərdə belə bu qədər haqsızlıq görməmişdik”.
Avqustun 19-da axşam Ankarada QHT nümayəndələri, iş adamları, sənətçilər, idmançılar və media təmsilçiləri ilə vida görüşü keçirərkən Abdulla Gül də önəmli açıqlamalarla çıxış edib. Prezident kreslosunu Rəcəb Tayyib Ərdoğana təhvil verməyə hazırlaşan A. Gül Ədalət və İnkişaf Partiyasının (AKP) liderinin və yeni baş nazirin Əhməd Davudoğlu olduğunu açıqlamaqla bərabər, narazılığını da dilə gətirib: “Demokratik rejimlərin ən yaxşı tərəflərindən biri dönəmlərin olmasıdır, vəzifəni yerinə yetirirsən və gedirsən. Hayrunnisa xanım burada səliqə-səhman yaratmaq üçün çox çalışdı, buraları yenidən yaratdı. Hərdən deyirdim ki, çox can yandırırsan, mən kral deyiləm, bir gün gedəcəyəm, onda üzüləcəksən. O da mənə deyirdi ki, gedərkən buraları gözəl buraxıb gedək. Vədəmiz yetişdi, böyük bir şərəf və qürurla buradan ayrılırıq”.
A. Gül 2007-ci ildə prezident olarkən ölkədə bəzi dairələrin buna kəskin etiraz etdiyini, dini radikalizmin güclənəcəyini və dünyəvi dövlətə təhlükə yaranacağını söyləyənlərin olduğunu xatırladıb: “Lakin mən siyasi kimliyə malik bir şəxs olaraq gəlsəm də, Konstitusiyaya uyğun olaraq siyasi mənsubiyyətimi bir kənara qoyub tərəfsiz oldum. İndi prezidentlik müddətim başa çatdıqdan sonra yenidən qurucusu olduğum partiyaya qayıtmağımdan daha təbii bir şey ola bilməz. Lakin bizim cinahdan da mənə qarşı xeyli hörmətsizlik edənlər oldu. Bunların hamısını izlədim”.