Trampın Əfqanıstana gizli və qəfil səfərinin PƏRDƏARXASI
ABŞ prezidenti Donald Tramp “Şükran günü”nü Birləşmiş Ştatların hərbi qüvvələri ilə qeyd etmək üçün Əfqanıstana gözlənilmədən səfər edib. Tramp ABŞ və Talibanın danışıqlar apardığını, Talibanın atəşkəs məsələsinə açıq olduğunu bildirib. Səfər Trampın Kabildə amerikalı əsgəri də daxil olmaqla, 12 nəfərin ölümü ilə nəticələnmiş bomba hücumunun ardınca Talibanla danışıqları qəfil dayandırmasından iki aydan çox vaxtın keçdiyi zaman edilib. Trampın səfəri eyni zamanda, impiçment prosesinin davam etdiyi vaxt onun prezidentliyi üçün mürəkkəb bir dövrə təsadüf edir. ABŞ prezidenti və birinci xanım Melaniya Tramp keçən il Milad bayramı zamanı İraqa - ilk dəfə olaraq münaqişə zonasına səfər etmişdi. Vitse-prezident Mayk Pens də bu həftə İraqda ABŞ hərbi qüvvələrini ziyarət edib. “Baxacağıq, anlaşma istəyirlərmi...” - deyə Tramp əfqan həmkarı Əşrəf Qani ilə görüşündə qeyd edib. Ağ Ev başçısı əlavə edib ki, ölkəsi Əfqanıstanda hərbçilərinin sayını ciddi şəkildə azaldaraq 8600-ə endirib: “Biz müqavilə imzalana və qələbə tam təmin olunana qədər burada qalacağıq”. Trampın impiçmenti prosesi ərəfəsində qəfil Kabul səfəri və Talibanla bağlı açıqlaması suallar doğurur.
Politoloq Tofiq Abbasovun “Yeni Müsavat”a bildirdiyinə görə, ABŞ müxtəlif ölkələrə hərbi qüvvələr yerləşdirib. Onun sözlərinə görə, bu, Vaşinqtonun siyasi və iqtisadi maraqları ilə əlaqəlidir: “Yəni yerli elitalara işarədir ki, bu regionda maraqlarımız var. Bir tərəfdən isə öz həyat standartlarını sırıyır. Əfqanıstan həmişə Amerika üçün diqqət mərkəzindədir. Ümumiyyətlə, bu dövlət müqavilələr əsasında yaranıb. Orada qismən yerli puştunlar olmaqla, xəzərlər, taciklər, türkmənlər yaşayır. Əfqanıstan 1947-ci ildə kompromislər hesabına dövlət kimi yaranıb və ilk gündən münaqişəli vəziyyətdə olub. İkinci dünya müharibəsindən sonra istədilər ki, Əfqanıstana çarə qılsınlar. Orada vaxtaşırı millətlərin qırğını olurdu, ölkəni müasir konfiqurasiyaya oturtmaq fikrindəydilər. Amerikalı siyasi xadim Henri Kissincer deyirdi ki, Əfqanıstana toxunmayaq, arxaik dövrün qoruğu kimi saxlayaq, ora belə rahat giriş tapacağıq. Prezident Riçard Nikson razılaşmışdı. Sovet qoşunları isə ora girəndə siyasi texnoloji oyun quruldu ki, guya Qərb Əfqanıstanı işğal etmək istəyir və SSRİ çaşqın vəziyyətə salındı”.
Analitik indi Əfqanıstanın həyatında böyük boşluqlar olduğunu hesab edir: “Ölkədə vahid dövlət anlayışı, mərkəzləşmiş hakimiyyət sistemi yoxdur, prezident və parlament bütün ərazilərə nəzarət etmək iqtidarında deyil. Bundan qabaqkı prezident Həmid Kərzai, indiki rəhbər Əşrəf Qani Amerikanın adamlarıdır. Sadəcə, Talibanın böyük nüfuzu var, başqa islamçı qruplar güclüdür, məsələn, şimal alyansında özbək icması taciklərlə əlbirdir, bir sözlə, Əfqanıstan parçalanıb. Bu parçalanma isə Amerikanın orada öz hərbi kontingentini saxlamağa mane olmur. Əksinə, ABŞ qoşunları Əfqanıstana gələndən 17 dəfə narkotik istehsalı artıb”. Siyasi şərhçi ABŞ-ın Əfqanıstan siyasətində əsas məqsədinin həm də Çin, İran, Rusiya və Pakistan olduğunu güman edir: “Bu rəqiblərə qarşı Əfqanıstanda vəziyyəti nəzarətində saxlayır. Son dövrlər Türkmənistanla sərhəddə atışma olur, Tacikistanla və Qırğızıstanla sərhədlərdə atışmalar baş verir. Amerikalılar bunu bilir və regionu belə idarə edirlər. Ona görə, əvvəlcə 5+1 formatı yaratdılar ki, Mərkəzi Asiya ölkələri və Əfqanıstan əməkdaşlığı başlanılsın. Dedilər ki, Əfqanıstan niyə 6 olmasın? Amerika belə izah verdi ki, oranı özümüz həll edəcəyik və 5+1 yaxşıdır. Ona görə də sual yaranır ki, Əfqanıstana ürəyiniz yanırsa, niyə onun Qazaxıstan, Özbəkistan və digər ölkələrlə normal əməkdaşlıq qurmasına imkan vermirsiniz? Düzdür, əməkdaşlıq qurulub, amma genişlənməsinə, cızığından çıxmasına qoymurlar”. T.Abbasov Əfqanıstanın böyük potensiala malik olduğunu vurğuladı: “ABŞ texnoloqları bir layihə başladı və orada dağ-mədən sənayesi yaratdılar. Əfqanıstan zəngin torpaqdır, zümrüd, minerallar, yanacaq materialları var. Əslində bir dəfə müasir formasını yaratmağa cəhd elədilər, sonra imtina etdilər. O baxımdan ABŞ Əfqanıstandan heç vaxt çıxmayacaq. Üstəlik İraqda da hərbi kontingentini gücləndirir. Eyni zamanda, bəlluclar məsələsi var. Vaşinqton müsəlman bölgəsində separat dövlətlər yaranmasının tərəfdarıdır ki, bu da Qərb iqtisadiyyatını dirçəldir”. Trampın Talibanla bağlı açıqlamasına gəlincə, ekspert hesab edir ki, indi həmin silahlı birləşmə ilə danışıqların müsbət nəticə verəcəyi mümkün görünmür. “ABŞ 2003-cü ildə Talibanı dəstəklədi. Sonra Amerika istədi ki, Əfqanıstan ərazisindən Hindistana və Pakistana qaz verilsin. Amma bu təklifi Taliban rədd elədi və amerikalıları küsdürdülər, onların lideri molla Ömər devrildi, öldürüldü. İndisə Taliban parçalanıb. Onun bir qolu Rusiyanın, bir qolu İranın nəzarətindədir. Üçüncü qolu isə Amerika ilə danışıqlar aparır. Vahid Taliban olmadığına görə danışıqların nəticə verəcəyini söyləmək yerinə düşmür. Çünki həmin üç qanadın bir-biri ilə münasibətləri hamar deyil. Amerikalılar 2003-də səhv elədilər, Talibanla münasibətdə çevik və yumşaq siyasət yürütsəydilər, indi onlarla asan dil tapardılar. İndiki Taliban başağrıdır və hərəkatın Rusiya ilə İran şaxələrinin Amerika ilə kompromisə gedəcəyi inandırıcı deyil”.
Politoloq Ramiyə Məmmədovanın sözlərinə görə, Tramp başqa ölkələrdə hərbi-müdafiə xərclərini azaltmaq istəyir. Onun fikrincə, ABŞ prezidenti əsgərlərinin sayını Əfqanıstanda minimuma endirməyə hazırlaşır və Talibanla bunu razılaşdırmağa çalışır: “Çünki Trampın Talibanla əlaqələri kəsilmişdi. İndi isə hərbi kontingenti saxlamaq, xərc çəkmək, əsgərinin ölməsini istəmir, danışıqların baş tutmasına cəhd edir. Lakin bu, o demək deyil ki, Vaşinqton Əfqanıstandan birdəfəlik əlini çəkəcək, ordusunu çıxaracaq”. Ekspertlərə görə, ABŞ bu ölkəni arxaik qoruq kimi saxlayır və heç vaxt buradan çıxmayacaq, çünki...