Putinin keçmiş dostu ondan 10 milyard dollar tələb edir – FOTO
Məşhur Rusiyalı milyarder, “Mejprombank”ın əsasını qoyan, keçmiş senator Sergey Puqaçov Rusiya hökümətinə qarşı iddia qaldırıb. Strateq.az bildirir ki, bu barədə “Röyter” xəbər yayıb. Məlumatda deyilir ki, iddia ilə bağlı sənədlər Haaqa məhkəməsinin üçüncü palatasına daxil olub. Bankirin yaxın ətrafının verdiyi məlumata görə, Puqaçov Rusiya hökümətindən 10 milyard dollar tələb edir. Məhkmə işinin digər təfərrüatları bu gün Parisdə açıqlanacaq. Rusiyalı milyarder, 52 yaşlı Puqaçov əvvəl Yeltsinin, sonra da Putinin təbliğat üzrə müşaviri olub. Rusiyanın hüquq-mühafizə orqanları Puqaçovu təsisçisi olduğu, 2010-cu ildə müflisləşən “Mejprombank” vasitəsilə 1 milyard dolları mənimsəməkdə ittiham edərək onu İnterpola axtarışa veriblər. KİV müsahibələrində Puqaçov iddia edib ki, Putinin prezidentliyə namizədliyi fikrini ilk dəfə məhz o, irəli sürüb. Məqsədi də Yeltsinin güc strukturlarındakı sərt xətt tərəfdarları tərəfindən devrilmək təhlükəsini aradan qaldırmaq olub.