“DİRÇƏLƏN RUSİYA” - Əsl həqiqətdə çöküşün həyəcanlı əlamətlərini nümayiş etdirir

putin_81

Tam olaraq aydın deyil, lakin Qərb nümayəndələri daima Rusiya haqqında gah məşhər ssenarisi yazırlar, gah da bu ölkə barəsində hədsiz optimist fikirlər söyləyirlər. Onların uzun illər ərzindəki baxışları ilə tanış olsaq, görərək ki, Rusiya ya dağılır, ya da bütün dünyanı zəbt etməyə hazırlaşır. (Forbes)

Qərbdə 2000-ci illərin böyük hissəsi, əsas etibarı ilə “Rusiya məhkumdur” ideyası üzərində köklənmişdi. Qeyd etmək lazımdır ki, bu cür əhval-ruhiyyə ABŞ-ın hər iki partiyasında mövcud idi. Co Bayden tipli demokratlar və Dik Çeyni kimi respublikaçılar bir-birinə bənzər mənzərə barəsində – əhalinin sayının kəskin azalması, kasıblamış və müflisləşmiş millətin tezliklə çinlilər tərəfindən ayaqlanacağından danışırdılar. Düzdür, onların içərisində az saylı “ağ qarğalar” da vardı, amma ümumiyyətlə əksər ekspertlər belə bir yekdil fikirdə idilər ki, Rusiyanın böyük dövlət olması məsələsinin sonu çatıb və gec-tez Kreml bu faktı anlayacaq.

Lakin Rusiyanın bu yaxınlarda Suriyaya müdaxiləsi və Kremlin ilhaqı, kütləvi informasiya vasitələrinin baxışlarını qəfildən və kəskin şəkildə dəyişdirdi. İndi onlar Rusiyanın dirçələn böyük dövlət olması haqqında söhbət salmağa başlayıblar. Əlavə maliyyə almağa cəhd edilməsini həvəssiz hazırlanmış analizdən seçmək çətindir. Amma yüksək vəzifəli amerikalı hərbçilər yaxın vaxtlara qədər Moskvanın ABŞ-ın mövcudluğuna təhlükə olması barəsində danışırdılar və hətta ruslarla müharibə aparılacağı təqdirdə məğlub olacaqları barəsində xəbərdarlıq etməyə başlamışdılar.

Beləliklə demək olar ki, bir göz qırpımında Rusiya ümümi məsxərə obyektindən və “solğun qocadan” dirçəlmiş və daha qorxulu olmuş Sovet İttifaqının versiyasına çevrilib.

Ancaq bəllidir ki, əsl həqiqətdə istənilən ölkənin dünya səhnəsindəki təsir imkanları tamamilə onun iqtisadi gücü ilə müəyyənləşirir. ABŞ dünyadakı hökmran mövqeyini güclü və dinamik iqtisadiyyatı olmadan saxlaya bilməzdi. Hal-hazırda Çinin artan təsiri onun iqtisadi böyüməsinə bağlıdır. Heç kimə sirr deyil ki, enerji resurslarının və xammalın qiymətinin aşağı düşməsi hesabına indiki vəziyyətdə Rusiya iqtisadiyyatı özünü xoş hiss etmir.

Yox, bu hələ Rusiya iqtisadiyyatının məhv olmağa başlaması deyil. Əgər hər hansı kəskin xarici təlatümlər baş verməzsə, Rusiyanın iqtisadiyyatı gələn il normal böyümə vəziyyətinə qayıda bilər. Amma tamamilə aydındır ki, Rusiya iqtisadiyyatının qlobal təsir mübarizəsində iştirak etməsi üçün lazımı böyümə tempi çatışmır. Hökmdar güc kimi Yaxın Şərqdə Rusiyanın Amerikanı əvəz edə biləcəyini həyəcanla səsləndirən həmin şahinlər dəstəsi dərin köks ötürməlidirlər. Çünki hətta çox şübhəli görünməsinə baxmayaraq, əgər belə hesab etsək ki, Moskva doğrudanda bunu həyata keçirmək istəyir, onda bəlli olar ki, bunun üçün onun imkanı, gücü və vəsaiti çatmır.

Hətta əgər iqtisadiyyatının keçirdiyi güclü stressə göz yumsaq, görərik ki, dirçələn güc hesab edilən Rusiya yenə də əlavə problemlər nümayiş etdirir. Bütün 2015-ci il ərzində ölkədə doğumun səviyyəsi azalıb, ölüm isə artıb. Statistik məlumatlara görə son on il ərzində ilk dəfə olaraq, əhalinin təbii artımının orta illik göstəricisi aşağı düşüb. Daha böyük həyəcanı isə alkoqol zəhərlənmələrinin çoxalması yaradır. Alkoqol zəhərlənmələrindən ölüm özünəməxsus sosial xəbərdarlıq siqnalıdır və cəmiyyətin iqtisadi çətinliklər keçirdiyi zamanlarda xüsusi yüksəliş nümayiş etdirir. Bu Rusiyanın məhvə getdiyi tezisinin doruluğu mənasına gəlməsə də, lakin belə vəziyyət onu göstərir ki, Rusiya Yaxın Şərqdə hegemon rolunu oynamağa qətiyyən hazır deyil. Başqa sözlə desək, Rusiya öz çiyninə daima artan xarici siyasət yükünü götürür. Ancaq onun imkanları bu cür yükü qaldırmağa müqabil olmur.

Digər tərfdən isə Qərbin məsələyə bu cür dolanbac yollarla yanaşması çox qəribə görünür. 2000-ci illərin ortalarında Rusiyanın iqtisadi inkişaf tempi Çinin iqtisadi tempinə yaxın səviyyədə böyüdüyü zaman deyirdilər ki, proses Rusiyanın dağılmasına doğru gedir. Amma indi Rusiyanın gücünün əsası (onun iqtisadiyyatı) 1990-cı illərin sonundakı defolt zamanındakı kimi gərginlik altında olduğu halda, ümumi fikir tamamilə əks istiqamətə yönəlib. Hazırda Qərbdə söyləyirlər ki, əgər NATO qətiyyətli addımlar atmazsa, onda Rusiya bütün dünya nizamının altını üstünə gətirəcək.

Rusiya kommunizmin dağılması ərəfəsində olduğu kimidir. Bu ölkə özünün keçmiş imperiya sərhədləri daxilində böyük hakimiyyətə və təsir imkanlarına malikdir. Ancaq Rusiya keçmiş Sovet İttifaqı sərhədlərinin xaricində yalnız kiçik beynəlxalq rol oynaya bilər.

 AzPolitika.info
 






Fikirlər