ABŞ-la Türkiyənin Suriyada toqquşan maraqları və lağa qoyulan Ankara -Təhlil

 

ABŞ prezidenti Barak Obama son həftədə iki dəfə prezident Tayib Ərdoğanla telefonda danışıb. Birinci dəfə Ankaradakı teraktla bağlı başsağlığı verdi. İkinci dəfə isə onun Suriya siyasəti ilə bağlı “başsağlığı verdi” (lakin türk hökuməti hələ də inadla bunu öz hesabına yazmır).

Ağ Evə yaxın məlumatlı qaynağa əsasən, Obamanın son zəngi sıradakı faktı bir daha təsdiq etdi: Türkiyənin Suriyadakı xarici siyasəti “sıfıra vuruldu”. Durum, həqiqətən də, ciddidir. Əsəd, həmçinin “Demokratik Birlik” partiyası (PYD) və PKK ilə əlaqəsi olan Xalq Özünümüdafiə Dəstələri (YPG) Ankaranın maraqları üçün təhlükə təşkil edir. Bu təhlükələrdən birinə Türkiyənin Yaxın Şərqdəki “strateji tərəfdaşı” Rusiya, digərinə isə ABŞ-ın simasında Qərbdəki “strateji tərəfdaşı” dəstək verir. Hətta həm ABŞ, həm də Rusiya bir-biri ilə rəqabət aparır ki, Suriya kürdlərini öz nəzarətində saxlasın. Və əlbəttə, heç birində fikir doğmur ki, “Allah eləməsin, Ankara incisin”.

Son zamanlar iki kürəsəl gücün taqətdən saldığı Ankara öz narahatlığını daha açıq şəkildə ifadə etməyə başlayıb. Keçən həftə ABŞ və Rusiyanın səfirləri ayrı-ayrılıqda Tükiyə XİN-ə çağrılıb və hökumətin reaksiyası onlara çatdırılıb. Diplomatiyada demarş kimi bu cür qeyri-dostanə alternativlərə əl atmaq münasibətlərdəki ciddi problemlərə işarə edir. Ankaranın bu jestindən rahatsız olan ABŞ administrasiyası Obamanın zəngi vasitəsilə indiki siyasətdə öz qətiyyəti haqda ən yüksək səviyyədə məlumat verdi.

 

Kobani haqda zənglə bağlı əhvalat təkrar olunur

 

Vaşinqtonda bu baxışın tərəfdarları var ki, Obamanın Ərdoğana son zəngi bir çox baxımdan Kobani böhranının gedişatındakı zəngini yada salır. Diqqətə layiqdir ki, Kobani haqda zəng də Türkiyə üçün risklərə baxmayaraq, ABŞ İŞİD-lə döyüşən kürdlərə birbaşa yardımdan sonra edildi. Bu telefon danışıqlarından sonra Ankara əvvəlki xətdən geri çəkildi və sərhəddə peşmərgə üçün dəhliz açdı. Ruslar Suriyaya girəndən sonra öz planlarını tələsik şəkildə yenidən nəzərdən keçirdən ABŞ İŞİD-ə qarşı duran kürd və ərəb döyüşçülərinə hərbi dəstəyi artırmaq qərarına gəldi və Türkiyə yenə də baş tutmuş faktın qabağında qaldı.

Yalnız güman etmək qalır ki, bu telefon danışıqları zamanı Ərdoğan Obamanı məzəmmət edibmi:“Məgər bu, strateji tərəfdaşlıqdır?” Yəqin ki, ABŞ administrasiyası Suriyada kürdləri hərbi və siyasi baxımdan dirçəltməyi nəzərdə tutmuş bu cür önəmli addımı atmazdan öncə Ankara ilə məsləhətləşməyə ehtiyac duymayıb. Əks halda Amerika səfiri Con Bassanı Türkiyə XİN-ə çağırmazdılar.

Soruşacaqsınız ki, amerikalılar niyə onlar üçün strateji önəm kəsb edən Türkiyəyə narahatlıq gətirən addımları bu cür asanlıqla atırlar? Doğrudan da, onlar, adətən, bunu etmir və yaxud buna ehtiyac görmürlər. Lakin ABŞ lazım gələrkən öz fikrini, siyasətini müttəfiqlərinə sırımağa iqtidarı çatan kürəsəl gücdür. Xüsusən də söhbət tamamilə əks mövqedən gedirsə. ABŞ 2003-cü ildə İraqı işğal edərkən nəsə buna bənzərini etməyə cəhd etdi. Ankaranın bütün xəbərdarlıqlarına baxmayaraq, ABŞ İraqı tutdu və Türkiyədən quzey cəbhəsni açmağı tələb etdi. Burada məsələ “kim haqlı və kim haqsızdır” aspektinin çərçivələrindən xeyli kənara çıxır. Adətən, beynəlxalq münsibətlərə daha güclü olan yön verir.

 

Türkiyənin kozırları qalmayıb

 

İndi isə yuxarıdakı sualı bir qədər başqa cür biçimləyək: Türkiyə özünə icazə verərmi ABŞ-a qarşı dursun? Qüvvələr disbalansı bu ehtimalı sıfıra çevirir. Amerikalılar İncirlikdən və digər bazalardan istifadə etməyə Türkiyədən icazə almasaydılar, güman ki, buna nail olana qədər Ankaraya məmnunluq verməyə cəhd edərdilər. Bundan başqa, indiki anda sövdələşmə baxımından onların qarşısındakı zəif Ttürkiyədir: iqtisadiyyatı böhrandadır, ictimai sabitlik sarsılıb, bölgənin üzərindəki təhdidlər, idarəçilikdə zəiflik və daxili mübahisələr ölkənin qüdrətini qırıb. O, ayaqüstə möhkəm dura bilmir.  

Obama administrsiyası təmsilçilərinin açıqlamalarına baxanda Ankara ilə hər şey qaydasındadır.  Əslində işlərin necə olduğu isə rəsmilərin çıxışından deyil, adı çəkilməyən qaynaqların dediklərindən aydın olur. Məsələn, Tim Aranqo və Ənn Bernardla söhbət edən rəsmilər (14 oktyabr, New York Times) bildiriblər: “...İncirlik aviabazasının açılmasına və Türkiyənin İŞİD-in obyektlərinə zərbə endirmək üçün müttəfiqlərin təyyarələrinə qoşulmağa hazır olmasına baxmayaraq, Ankara nə qədər dilxor olsa da, ABŞ istədiyini edəcək və nə vaxt istəsə,  edəcək”.

Obama Ərdoğana zəng edəkən Türkiyə tərəfinin nəzərinə “düzgün sözlərlə”məhz bu mövqeni çatdırdı.

 

ABŞ Ankaranı ələ salır

 

Amerika tərəfi sanki Ankaraya rişxənd edərək təkidlə iddia edir ki, PYD və kürdlərə deyil, ərəb müxalifətinə hərbi yardım edir. Pentaqonun rəsmi təmsilçilərindən Piter Kuk cümə axşamı dedi ki (bəlkə də, ağzından buraxdı), ABŞ-ın atdığı silahlardan bir hissəsi kürdlərin əlinə keçib. Pentaqonn dərhal düzəliş etdi və bildirdi ki, həftənin sonunda tədarük edilmiş silahı Suriya ərəbləri əldə ediblər. Digər tərəfdən, PYD lideri Salih Müslüm ANF-ə müsahibəsində təsdiqlədi ki, onlar ABŞ-dan 50 ton silah alıblar. Paytaxt Rakkanı İŞİD-in əlindən almaq üçün ABŞ-ın Suriyanın quzey-şərqində dəstək verdiyi qrupun tərkibində 25 minədək YPG-ni təmsil edən kürd və beş min ərəb döyüşçüsü var. Bu silahlar hətta əvvəlcə ərəblərə ötürülsə də, onun YPG-nin əlinə keçmədiyini təsəvvür etmək çətindir.

ABŞ administrasiyası bilməyə bilməz ki, Türkiyədə kürd döyüşçülərin əksəriyyəti PKK-nın kaskasını, Suriyada isə YPG-nin kaskasını qoyur. Lakin ABŞ özünü elə göstərir ki, bundan xəbəri yoxdur, çünki bu onun maraqlarına cavab vermir. Axı Suriyada yerdə vuruşacaq qüvvələr ona son dərəcə lazımdır.

Yəqin ki, ABŞ Suriyada İŞİD-ə qarşı müharibəni udmaqdan ötrü NATO üzrə müttəfiqi Türkiyənin (haqlı və ya haqsız) təhdid saydığı silahlı qrupa hərbi yardım etməkdən çəkinmir. Ankara isə öz növbəsində Əsəd rejiminə qarşı savaşı yad əllərlə udmq üçün ABŞ-ın terrorçu hesab etdiyi qruplara yardım edirdi (silah daşıyan türk yük maşınlarının saxlanmasını yada salmaq yetərlidir). Beləliklə, bu iki dövlətin hər biri öz maraqları xatirinə Suriyada müttəfiqlik anlayışı ilə əsla uyuşmayan addımlar atır.

 

 






Fikirlər