Varşava Tehrana hərbi-texniki dəstək verir? – İran dronlarında Polşa DETALLARI

Poznandan olan Polşa dövlət şirkəti İrana “Şahed 136” döyüş dronları üçün detallar satıb. Faktı bir neçə gün öncə Polşa daxili təhlükəsizlik agentliyi aşkarlayıb. Məlumata görə, İranın pilotsuz uçuş aparatları Polşanın Sənaye İnkişafı Agentliyinə məxsus şirkət tərəfindən istehsal olunan nasoslarla təchiz edilib.

Maraqlıdır, NATO üzvü olan Polşa Alyansla əks qütbdə dayanan, Rusiya-Ukrayna müharibəsində Moskvanın yanında yer alan, onu PUA-larla təchiz edən İrana belə bir avadanlığı nə üçün satsın? Silah-sursat və avadanlıq istehsalının, ixracının hər bir ölkədə ciddi nəzarət altında olduğunu nəzərə alsaq, Polşanın İrana satdığı avadanlıq həqiqətənmi dövlətdən kənar baş verib, yoxsa rəsmi Varşama buna bilərəkdən göz yumub, amma fakt ortaya çıxanda təkzib etmək məcburiyyətində qalıb?

 

Mövzu ilə bağlı Medianews.az-a danışan hərbi ekspert Elxan Şıxəliyev deyib ki, müharibə üzərindən bir çox ölkələr dividendlər əldə edir. Onun qənaətincə, Moskva-Kiyev münaqişəsi üzərindən Rusiyaya İrandan servis edilən pilotsuz uçuş aparatlarının mühərriklərinin Polşa istehsal olunması faktı da bu qəbildəndir: “Bu o deməkdir ki, NATO-ya daxil olan ölkələrinin müdafiə sənaye şirkətləri və ya hərbi-texnoloji sektorda çalışan şirkətlər ikinci, üçüncü ölkələrin vasitəsi ilə sanksiyalardan yayına bilirlər. Onlar müharibədəki tərəfdaşlarına və ya müharibə iştirakçısı ölkələrin hərbi-texniki sənayesinin komplekslərinə dəstək verə bilirlər. Burda əsas məsələ, sırf dividendlər qazanmaqdır. Müharibədə iştirakçılar itirən ölkələr olsa da, müharibələrin üzərindən, xüsusilə Rusiya-Ukrayna müharibəsi üzərindən bir çox müdafiə sənaye şirkətləri böyük maliyyə vəsaitləri əldə edirlər”.

Hərbi ekspert deyib ki, ABŞ və Avropa İttifaqının Ukraynaya ayırdığı yardımlar, onların müdafiə sənayesi şirkətlərinə yönəldilir: “Bu şirkətlər də, hərbi-texniki avadanlıqları istehsal edir və baha qiymətə Ukraynaya satırlar. Bu aradakı vasitəçilər, şirkətlər böyük maliyyə vəsaitlərini qazanırlar. Polşa kimi ölkələrdə də şirkətlər görürlər ki, hansısa hərbi texnikaya, avadanlığa həm İranda, həm də Rusiyada böyük tələbat var. Başlayırlar hansısa yollarla bu istiqamətdə fəaliyyət göstərməyə. Bunlar aşkar olunduqda isə təbii ki, “araşdıracağıq”, “cəzalandıracağıq” kimi ab-hava yaradılır. Lakin müharibəni dəstəkləyən ölkələrin bunu hansı yollarla, necə etməsini söyləmək çox çətindir. Prosesin özü mürəkkəbdir. Ermənistanın özü də bu gün Rusiyanı sanksiyalardan yayındıraraq, onun hərbi-sənaye kompleksində istifadə olunan avadanlıqların qeyri-leqal yollarla alqı-satqısını həyata keçirən ölkədir. Baxmayaraq ki, bunu görməzdən gəlirlər. Ermənistan kimi bir çox belə ölkələr var. Eləcə də leqal olaraq müharibə üzərindən çox böyük maliyyə vəsaiti əldə edən ölkələr, şirkətlər var”.

E.Şıxəliyev söyləyib ki, Rusiya-Ukrayna müharibəsində də müəyyən şəxslər, şirkətlər bu kimi fəaliyyətləri icra edirlər: “Aşkara çıxanda da ölkələr bunu “araşdıracağıq” kimi yanaşma ortaya qoyurlar. Təbii ki, bu səbəbdən hər hansı bir qütbün, xüsusilə Rusiya-Ukrayna müharibəsində müəyyən ölkələrin böyük ölçüdə kimi və necə dəstəkləməsinə nəzarət etmək praktiki olaraq mümkün deyil. Bir tərəfdən Polşadırsa, digər tərəfdən Çinin, Şimali Koreyanın, İranın da Rusiyanı dəstəkləməsi var. 52 ölkə də bu tərəfdən Ukraynanı dəstəkləyir. Bu koalisiyaların hər birinin müharibədə maliyyə maraqları, qazancları var. Bu səbəbdən müharibənin davamlı olmasını istəyirlər. Heç kəs müharibənin qısa bir zamanda sona çatmasını istəmir. Çünki, savaş olmazsa böyük maliyyə vəsaitləri əllərindən çıxacaq. Bu səbəbdən düşünürəm ki, hələlik qeyri-leqal silah-sursat və ya avadanlıq satdığı üzən çıxan yalnız Polşadır. Bir çox ölkələr, şirkətlər müharibələrdə bununla davamlı məşğul olublar və indi də bu fəaliyyəti davam etdirirlər”.






Fikirlər