ANKARADA TERROR HÜCUMU OLUB - Ölən və yaralananlar var + VİDEO (Yenilənib)

Ankaranın Kahramankazan rayonunda Türk Təyyarə Sənayesi Anonim Ortaqlığı (TUSAŞ) obyektinə terror hücumu nəticəsində 5 nəfər şəhid olub, 22 nəfər yaralanıb. 

Bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya məlumat verib. O, bildirib ki, yaralılardan 3-nün vəziyyəti ağır hesab olunur.

***

Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğan TUSAŞ-ın istehsal obyektində baş verən terrorda 4 nəfərin şəhid olduğu , 14 nəfərin yaralandığını deyib.

Türkiyə lideri bunu Kazanda Rusiya Prezidenti Vladimir Putinlə görüşündə bildirib.

Türkiyənin daxili işlər naziri Əli Yerlikaya isə  "X" sosial şəbəkəsindəki səhifəsində  bildirib ki, 2 terrorçu da hüquq-mühafizə orqanları tərəfindən zərərsizləşdirilib.

***

TUSAŞ-ın obyektində ikinci partlayış baş verib, terrorçular insanları girov götürüblər.

Türkiyə mətbuatı xəbər verir ki, ilkin məlumata görə, üç terrorçu nəzarət-buraxılış məntəqəsinə partlayıcı qurğu ataraq müəssisənin ərazisinə girib.

Terrorçuların insanları girov götürdüyü ehtimal olunur. Polis ərazini mühasirəyə alıb.

Türkiyə mətbuatının məlumatına görə, söhbət kamikadzenin partlayıcı qurğunu işə salmasından gedir.

Daha əvvəl verilən məlumata görə, Ankarada TUSAŞ-ın istehsalat müəssisəsində partlayış baş verib, bundan sonra atəş səsləri eşidilib. Müəssisənin işçiləri təhlükəsizlik məqsədilə təxliyə edilib.

Terror aktından sonra atışmanın davam etdiyi, təhlükəsizlik qüvvələri, yanğınsöndürənlər və tibb işçilərinin hadisə yerinə getdiyi bildirilir.

***

Ankaranın Kahramankazan rayonunda Türk Təyyarə Sənayesi Anonim Ortaqlığı (TUSAŞ) obyektinin qarşısında silahlı hücum olub.

APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə yerli media məlumat yayıb.

"SABAH" qəzetinin məlumatına görə, yerli vaxtla saat 15:20 radələrində girişdə kamikadze hücumu həyata keçirilib.

Türkiyə daxili işlər naziri Əli Yerlikaya "X" platformasında terror hadisəsinin baş verdiyini, ölən və yaralananların olduğunu vurğulayıb.

 

Hücum anının görüntülərini təqdim edirik:

 






Fikirlər