Yeni Sərkisyanın nə SƏLAHİYYATLARİ olacaq?
Ermənistanın yeni seçilmiş prezidenti Armen Sərkisyan səlahiyyətlərinin icrasına aprelin 9-da, parlamentin iclasında and içməklə başlayacaq. Armen Sərkisyan martın 2-si parlamentdə, gizli səsvermədə prezident seçilib. Dövlət başçısı funksiyası daşıyan prezidentin səlahiyyət müddəti 7 ildir. Səlahiyyət müddətində prezidentin partiya üzvü olması qadağandır. Armen Sərkisyanı hakim fraksiya namizəd irəli sürüb. Fraksiyaya Respublika Partiyası və Daşnaksütun Partiyası daxildir. 2008-ci ildən Ermənistan dövlətinə başçılıq edən Serj Sərkisyanın prezident postunda səlahiyyət müddəti aprelin 9-da başa çatır. Həmin gün ölkə tam parlament idarə üsuluna keçir, icra hakimiyyətinə baş nazir rəhbərlik edir. Novator.az bildirir ki, Ermənistan Konstitusiyasına görə, prezidentin parlamentə öz səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciət hüququ var. Dövlət başçısı parlamentin qəbul etdiyi qanunları 21 gün ərzində imzalayır və yaxud həmin müddət ərzində Konstitusiya Məhkəməsinə müraciət edir. Konstitusiya Məhkəməsi qanunun konstitusiyaya uyğunluğuna rəy versə, prezident 5 gün ərzində onu imzalamağa borcludur. Əks halda həmin qanunu imzalamaq hüququ parlament sədrinə keçir. Yeni seçilmiş parlament fəaliyyətə başlayan gün prezident hökumətin istefasını qəbul edir. Nazirlər Kabineti üzvləri baş nazirin təqdimatı ilə təyin olunur. Prezident xarici siyasət sahəsində bu səlahiyyətlərə sahibdir: hökumətin təqdimatı ilə beynəlxalq müqavilələr bağlamaq; baş nazirin təqdimatı ilə xarici ölkələrdə və beynəlxalq təşkilatlarda diplomatik nümayəndələri təyin etmək və onları geri çağırmaq; xarici ölkələrin və beynəlxalq təşkilatların diplomatik nümayəndələrinin etibarnaməsini qəbul etmək. Prezidentin ratifikasiya tələb etməyən beynəlxalq müqavilələri hökumətin təqdimatı ilə təsdiq və ləğv etmək, baş nazirin təqdimatı ilə ali diplomatik rütbələr vermək səlahiyyəti də var. Silahlı Qüvvələrlə bağlı səlahiyyətlər belədir: baş nazirin təqdimatı ilə qoşunların ali komandan heyətini vəzifəyə təyin və vəzifədən azad etmək; baş nazirin təqdimatı ilə ali hərbi rütbələr vermək. Vətəndaşlıq məsələlərinin həlli, əfv, orden və medallarla, fəxri adlarla təltif prezidentin səlahiyyətidir. Prezident parlamentin təsdiqi gecikdirilən halda bəzi vəzifələrə müvəqqəti icraçı təyin edə bilər. Nazirlər Kabinetinə gəlincə, hökumət baş nazirin birinci müavinindən, 2 müavinindən və 18 nazirdən ibarət olur. Baş nazir təyin olunandan sonra prezidentə hökumət üzvlərinin tərkibi ilə bağlı təkliflər verir. Prezident tərkibi təsdiqləməli və ya Konstitusiya Məhkəməsinin rəyinə göndərməlidir. Üzvlərin azı üçdə ikisi təsdiqləndikdə hökumət formalaşmış sayılır. Fəaliyyətə başlayanda hökumət üzvləri prezidentin hüzurunda and içir. Baş nazirin aprelin 17-si parlamentdə seçilməsi gözlənir. İndiki prezident Serj Sərkisyanın baş nazir kürsüsündə əyləşəcəyi real görünür. 1954-cü il iyunun 30-da Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətinin mərkəzi şəhəri Stepanakertdə (Xankəndi) doğulan Serj Sərkisyan Yerevan Dövlət Universitetinin filologiya fakültəsini bitirib. 1975-1979-cu illərdə Yerevan Elektrotexnika Zavodunda tokar vəzifəsində çalışıb. 1979-1988-ci illərdə Stepanakert Şəhər Komsomol Komitəsində şöbə müdiri, ikinci katib, birinci katib, Stepanakert Şəhər Partiya Komitəsində şöbə müdiri, Dağlıq Qarabağ Muxtar Vilayəti Partiya Komitəsində təlimatçı, birinci katibin köməkçisi postlarını tutub. O, işğalçı müharibənin qaniçən liderlərindən biridir. 1989-cu ildən Dağlıq Qarabağ separatçılarının komandanı, 1993-cü ildən Ermənistanın müdafiə naziri olub. 1995-2008-ci illərdə Serj Sərkisyan Dövlət Təhlükəsizliyi İdarəsinin rəisi (sonradan milli təhlükəsizlik naziri), daxili işlər və milli təhlükəsizlik naziri (sonradan yenə milli təhlükəsizlik naziri), Prezident Aparatının rəhbəri, Milli Təhlükəsizlik Şurasının katibi (eyni zamanda müdafiə naziri), baş nazir kürsülərini tutub. 2008 və 2013-cü illərdə prezident seçilib. 2007-ci ildən Ermənistan Respublika Partiyasının sədridir.