General türmələrdə bazar açıb - FAKTLAR

Ölkənin Penitensiar Xidmətində xaos hökm sürür. Həbsxanalarda alver mühitinin yenidən bərpası bu sahənin ciddi şəkildə nəzarətsiz qaldığına işarədir.

Son günlər türmələrdə dustaqların döyülməsi haqda yeni-yeni xəbərlərin tirajlanması, cəzaçəkmə müəssisələrində açıq bazar şəraitinin yaradılması bu günə qədər görülən işlərin, islahatların üstündən xətt çəkməkdədir. Xüsusilə, Mədət Quliyevin gedişindən sonra “kalon”lar bazara çevrilib.

 

Generalın bazarkomu kimdir?

 

Bu mövzuda araşdırmalar da isbat edir ki, CÇM-də total şəkildə özbaşınalıq, dərəbəylik və qanunsuzluq hökm sürür. Eynilə, eks-nazir Səfər Əbiyevin dövründə orduda baş verənlər və yaşanan məlum hadisələrin həbsxanalara transformasiyası başlanıb. Ona görə də həm dustaqlar, həm onların yaxınlarının narazılıqları günbəgün artmaqdadır.

 

Eyni zamanda PX rəhbərliyi uğrunda gedən amansız didişmələr və pərdəarxası konfliktlər həbsxanalardakı əsas problemləri diqqətdən yayındırıb. M.Quliyevin dönəmində həyata keçirilən reformalar, müsbətə doğru atılan addımlar indi çeynənməyə başlanıb. Özəlliklə, general Hüseynağa Əlixanovun müvəqqəti rəhbər əvəzi olması nəticəsində PX-də qanunsuzluqlar xirtdəyə çatıb.

 

Məlumatlarda vurğulanır ki, cəzaçəkmə müəssisələrində ticarət köşklərinə ərzaq bazadan verilirdi. H.Əlixanovdan sonra ticarət köşkləri müəssisələrə verilib. Nəticədə müəssisə rəhbərlərinə həvalə edilib. Əlixanov Quliyev gedəndən sonra açıq bazar açıb. Məlumatlarda bildirilir ki, general bu biznesi Təchizat İdarəsinin rəisi İlham Məmmədova tapşırıb. Ədliyyə naziri Fikrət Məmmədovun baş verənlərdən ya xəbəri yoxdur, ya da göz yumur.

 

Araşdırmalar göstərir ki, həbsxanalarda neqativ halların artmasında Əlixanovun iştirakı az deyil. Son zamanlar məhkumların müəmmalı ölüm faktları, onların işgəncə ilə öldürülməsi haqda səslənən ittihamlar və versiyalar da generalın imicinə ciddi şəkildə zərbə vurub. Bu baxımdan PX rəhbəri təyin olunması bu sahədə vəziyyətin daha da dərinləşməsinə, ağırlaşmasına gətirib çıxara bilər. Hər halda nazir bu faktları nəzərdən keçirir.

 

Əlixanova ölüm faktları

 

Son faktlara diqqət yetirmək kifayətdir ki, mənzərə aydın olsun: fevralın 12-də Penitensiar Xidmətin 6 saylı cəzaçəkmə müəssisəsində iki dustağın döyülərək öldürüldüyü haqda xəbər ölkə mediasının əsas gündəmidir. Ölən məhbuslardan biri Nurani İbrahimovun ailə üzvləri açıqlama veriblər ki, onun meyiti üzərində zorakılıq izləri var. Mətbuata təqdim olunan fotolarda da mərhumun meyitinin üzərində zorakılıq izləri görünür.

 

Ailə üzvləri N.İbrahimovun və digər dustağın işgəncə nəticəsində öldüyünü deyiblər. Məlumatlarda deyilir ki, N.İbrahimov və digər dustaqlar 6-cı kalona 2-ci kalondan köçürülüblər və əslində, işgəncəni də 2-ci kalonda alıblar. 2 saylı kalonun rəisi nəqliyyat nazirinin müavini Arif Əsgərovun qardaşı olub.

 

O, 10 saylı kalona rəis təyin edildikdən sonra yerinə gələn Elçin Əlicanov dustaqlara qarşı aqressiya nümayiş etdirib. Məhkumların ona etirazı rəisi daha da qəzəbləndirib. Bildirilir ki, Elçin Əlicanovun tapşırığı ilə 2 saylı kalonda əməliyyat keçirilib. Əməliyyat zamanı daha çox hədəfə gələnlər isə Nurani İbrahimov və Sahib Abbasov olub. Qəribədir ki, M.Quliyevin rəhbər olduğu dövrdə CÇM-dən belə tükürpədici xəbərlər gəlmirdi. Ancaq H.Əlixanovun yaratdığı mühit rəislərin qol-qanadını açıb və həbsxanalar işgəncə yuvası olmaq işinə təkrar qayıdıb.

 

2-ci kalonda hazırda da az qala fövqəladə vəziyyətdir: bir neçə cəzaçəkmə müəssisəsinin rəhbəri, eləcə də xüsusi təyinatlılar buraya cəlb olunub. Xüsusi təyinatlıların hücumu nəticəsində əksər dustaqlar döyülüb, işgəncəyə məruz qalıb. Nəticədə xeyli sayda məhkum ağır bədən xəsarətləri alıb, ikisi isə məlum olduğu kimi, həyatını itirib.

 

Əməliyyatın səbəbi kimi isə bu göstərilir ki, Penitensiar Xidmətin rəhbərliyi 2-ci kalonda vəziyyətin nəzarətdən çıxması və az qala “oğru qanunları”nın işləməsi barədə məlumata malik olub və yeni rəis E.Əlicanovun qarşısında bu vəziyyəti aradan qaldırmaq vəzifəsi qoyub. Lakin müəyyən müddət keçsə də, vəziyyət dəyişməyib və Penitensiar Xidmət rəhbərliyi yeni rəisə töhmət verib. Bundan bir neçə gün sonra isə həbsxananın “şmon” edilməsinə qərar verilib.

 

Çörək üsyanı və 4 namizədin qırğını

 

Çox çəkmir daha bir xəbər 12 saylı cəzaçəkmə müəssisəsindən gəlir. Bu həbsxanada üsyan başlayır. Məlumatda bildirilir ki, üsyana səbəb cəzaçəkmə müəssisəsindəki mağazada 180 qramlıq çörəyin qiymətinin 50 qəpiyədək bahalaşmasıdır. Narazı məhbuslar həbsxanadakı mağazanı yandırıblar. Bundan sonra həbsxanaya qoşun yeridilib.

 

Şək-şübhəsiz ki, H.Əlixanovla başlayan bu xoşagəlməz problemlər onun PX-in rəisi olmasının təhlükəliliyindən xəbər verir. General vəzifəyə keçdiyi halda daha acınacaqlı vəziyyət yarana və belə xəbərlər kütləviləşə bilər. Hər halda nazir bu məsələlərdən vaqifdir və uğursuz bir kadrı M.Quliyevin sələfi etməz.

 

Qeyd edək ki, təxminən 5 aydır Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin rəisi vəzifəsi boşdur. Sözügedən qurumun rəisi vəzifəsinə təyinatın yubanması iddialıların çoxluğu ilə bağlıdır.

 

Məlumatda bildirilir ki, hazırda bu posta 4 namizəd var: Penitensiar Xidmətin rəis müavini Hüseynağa Əlixanov, digər müavin Nizaməddin Cəlilov, Ədliyyə Nazirliyi cəzaların icrasına nəzarət müfəttişliyinin rəisi Malik Ələkbərov və Penitensiar Xidmətin əməliyyat rəisi Mirsaleh Seyidov.

 

İddialara görə, İsmayıllının keçmiş polis rəisi Nizami Qocayev də bu posta iddialı olub. Və onun bu vəzifəyə təyinatı da demək olar ki, gün məsələsi imiş. Daha doğrusu, Nizami Qocayev polis rəisi vəzifəsindən azad edilən gün bu vəzifəyə təyin olunmalı imiş. Lakin bu barədə mediaya məlumat sızdırılması Nizami Qocayev barədə qərarın dəyişməsinə səbəb olub və o, Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin Gəncə regional şöbəsinə təyinat alıb.

 

Məlumatda bildirilir ki, hazırda iddialılar arasında ciddi rəqabət var. Mədət Quliyevin Penitensiar Xidmətdən getməsindən sonra həbsxanalarda ölüm hallarının artması, korrupsiya və rüşvətin tüğyan etməsi iddialılardan xüsusilə ikisinin - Hüseynağa Əlixanovla Nizaməddin Cəlilovun rəis olmaq şanslarını heçə endirib. Malik Ələkbərovun isə fəaliyyətilə bağlı araşdırma aparıldığı barədə iddialar var.

 

Bildirilir ki, həbsxanalardakı ərzaq dükanları onun nəzarətindədir. Araşdırmalar da məhz bu dükanlarla bağlı aparılır. Mirsaleh Seyidova gəlincə, onun həbsxana rəisi olduğu vaxtlarda qanunsuz əməlləri barədə mediada çoxsaylı faktlar dərc edilib. Məlumatda bildirilir ki, bu 4 şəxslə bağlı ciddi tərəddüdlər olsa da hələlik başqa namizəd yoxdur.

 

Ancaq Əlixanovun şansları bu namizədlər sırasında ən aşağı olandır. Çünki məhz onun M.Quliyevdən sonra hardasa sınaq müddətini keçə bilməməsi, qısa vaxtda həbsxanalarda neqativ halların çoxalmasına imkan yaratması, yarıtmaz idarəçiliyi, ölüm faktları və rüşvət piramidasının yaradılması ona olan ümidləri sıfıra endirdi.

 

Mirsaleh Seyidovun işləri və hesabat

 

“Gündəm-xəbər”ə verilən özəl məlumatlarda o da deyilir ki, Penitensiar Xidmətin fəaliyyətində baş verənlər ölkə başçısının diqqətindədir. Eləcə də Avropa Şurasının cəzaçəkmə müəssisələrində acınacaqlı vəziyyətlə bağlı narahatlığı ciddi araşdırılması ehtiyac olan məsələdir. Beləliklə 5 ayda Pentenisiar Xidmətdə baş verənlər indiyə qədər bu sistemdə baş verənləri kölgədə qoyub. Digər məlumatlarda isə Penitensiar Xidmətin əməliyyat rəisi Mirsaleh Seyidovun qaranlıq fəaliyyəti yer alıb. “Zon” daxilində işgəncə hallarına tez-tez rast gəlmək olur. Bunu gizlədirlər və açıqlamırlar.

 

Xatırladaq ki, 10 saylı CÇM rəisi Mirsaleh Seyidov “razvod”un qarşısında dava-dalaş salan dustaqlara xitabən beləcə də demişdi: “Elə vurun ki, izi qalmasın”. Təsadüfi deyil ki, 14 saylı CÇM-də baş verən ölüm hadisəsi bunun bariz nümunəsidir. Orada Elşad Babayevi döyərək öldürdülər və sonra mətbuata telefon edən şahidi də onun arxasınca öldürdülər. Bu cür maraqlı iddialar isə əməliyyat rəisinin dosyesində yer alıb.

 

Onu da deyək ki, Azərbaycanın qoşulduğu beynəlxalq konvensiyalara görə ölkədə işgəncə halları azalmalıdır. Amma son zamanlar bunun artma meylləri müşahidə olunmaqdadır. Yada salaq ki, ötən il Birləşmiş Millətlər Təşkilatının (BMT) İşgəncələr Əleyhinə Komitəsi növbəti hesabatını yayıb.

 

Hesabatda Azərbaycan həbsxanalarında mövcud olan işgəncə halları kəskin şəkildə pislənilibİllərdir ki, ölkəmizdə həbsxanalarda dustaqların saxlanma şəraitinin insan həyatı üçün dözülməz həddə olması, qanunsuzluğun, korrupsiyanın, ayrı- seçkiliyin, işgəncənin ayaq tutub yeriməsi, ölkədə cəzasızlıq mühitinin hökm sürməsi, məhkəmələrin qeyri- müstəqil olması və s. barədə faktlar qulaqardına vurulur.

 

Komitə həbs yerlərində məhbusların hüquqlarının pozulması və ölümlər barədə çoxsaylı şikayətlərdən narahatdır. Narahatlığa əsas verən məqamlardan biri də türmələrdəki şəraitdir. Həbsxanada baş verən bütün ölümlər operativ və obyektiv şəkildə araşdırılmalı, adamların işgəncə nəticəsində ölümünə bais olanlar cəzalandırılmalıdır. Komitə bu tövsiyəsini bir daha təkrarlayır ki, həbs yerlərində, xüsusən 6 və 14 saylı cəzaçəkmə müəssisələrində saxlanma şəraiti yaxşılaşdırılmalıdır.

 






Fikirlər