ƏMƏK VƏ ƏHALİNİN SOSİAL Müdafiəsi Nazirliyindənyeni xidmət
Sosial yardım üçün müraciətə baxılmasının nəticəsi barədə müvafiq informasiya sistemindən telefonla məlumat əldə etmək imkanı yaradılıb. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Nazirliyin ünvanlı dövlət sosial yardımı üzrə Vahid Elektron Müraciət və Təyinat Alt Sistemində (VEMTAS) sosial yardım üçün edilmiş müraciətlərə məmur müdaxiləsi mümkün olmadan, şəffaf şəraitdə baxılaraq, nəticəsi barədə vətəndaşların "Ərizə-bəyannamə"də qeyd etdikləri əks əlaqə vasitələrinin birinə (mobil telefona, şəxsi kabinetinə və s.) elektron formada məlumat göndərilir. Bununla belə, vətəndaşların həmin məlumatları almaq imkanlarının daha da sadələşdirilməsi üçün onlara sosial yardımın təyin olunması və ya imtina edilməsi barədə məlumatları sadəcə telefon vasitəsilə nazirliyin mərkəzləşdirilmiş informasiya sistemindən birbaşa əldə etmək imkanı da yaradılıb. Nazirliyin 142-"Çağrı mərkəzi"nin fəaliyyətinin elektron texnologiyaların tətbiqi əsasında təkmilləşdirilməsi, onun əhaliyə xidmət funksiyalarının genişləndirilməsi işlərinin davamı olaraq, "Çağrı mərkəzi" tərəfindən artıq qeyd edilən istiqamətdə məlumat xidməti əhalinin istifadəsinə verilib. Belə ki, təmsil etdikləri ailələrə ünvanlı dövlət sosial yardımının alınması üçün "Ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi" elektron xidməti vasitəsilə müraciət edən vətəndaş 142-"Çağrı mərkəzi"nə zəng edərək interaktiv rejimdə nazirliyin informasiya sistemindən müraciətinin cari vəziyyəti barəsində məlumatı əldə etmək üçün 0 düyməsini seçir. Bundan sonra 2 düyməsini yığaraq təmsilçinin şəxsiyyət vəsiqəsinin nömrəsini və sosial yardımın alınması üçün ailəni təmsil etməsi barədə notarial qaydada təsdiq edilmiş ərizənin nömrəsinin sonuncu 4 rəqəmini daxil edir. Daxil edilən rəqəmlər sistem tərəfindən avtomatik qaydada yoxlanılaraq düzgünlüyü təsdiqləndikdən sonra sosial yardım üçün edilmiş müraciətə VEMTAS-da baxılmasının nəticəsi olaraq qəbul edilmiş qərar barədə məlumat səslənir. Vətəndaşın ailəsinə ünvanlı sosial yardım təyin olunubsa, yardımın məbləği və təyin edilmə müddəti, onun əldə edilməsi üçün plastik kartın hansı bankdan hansı tarixdən sonra alınacağı barədə məlumat verilir. Sosial yardım təyin olunmasından imtina edildiyi barədə qərar çıxarıldığı halda isə yardım təyinatından imtina edildiyi barədə məlumat vətəndaşın diqqətinə çatdırılır. Qeyd edək ki, cari il fevral ayının əvvəlindən vətəndaşlara əlillik müayinəsinin nəticəsi barədə də 142-"Çağrı mərkəzi" vasitəsilə məlumat əldə olunmasına imkan yaradılıb. Əlilliyinin və ya sağlamlıq imkanları məhdudluğunun müayinəsi aparılmış vətəndaş "Çağrı mərkəzi"nə zəng edərək 0 düyməsindən sonra 1 düyməsini yığaraq aparılmış müayinənin nəticəsi (əlillik qrupunun dərəcəsi, təyin olunma tarixi və müddəti) barədə məlumat ala bilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əhaliyə xidmətlər sisteminin şəffaflıq prinsipinə uyğun təkmilləşdirilməsi və əhalinin bu xidmətlərdən daha rahat istifadəsinə şərait yaradılması yönündə tədbirlər bundan sonra da davam etdiriləcək(trend). AzerTaym.az