SƏFƏR Əbiyevlə bağlı ən son xəbər: Bakıda, evindədir...

Səfər Əbiyevlə bağlı ən son xəbər: Bakıda, evindədir...

Deputat Vahid Əhmədov: “Onun heç bir problemi yoxdur” 

 

Sabiq müdafiə naziri general-polkovnik Səfər Əbiyev bugünlərdə ölkəni tərk edib. Bu barədə gununsesi.info-ya sabiq nazirə yaxın mənbələr məlumat verib. Məlumatda qeyd olunur ki, Səfər Əbiyev hazırda Almaniyadadır. 
 
Onun Almaniyaya səhhətindəki problemləri yoluna qoymaq üçün getdiyi bildirilir. Yayılan xəbərdə qeyd olunub ki, sabiq nazirin ölkəyə qayıdacağı isə bilinmir.
 
Xatırladaq ki, bundan əvvəl də sabiq müdafiə nazirinin ölkəni tərk etməsi barədə çeşidli xəbərlər yayılmışdı və az sonra təkzib edilmişdi. S.Əbiyevin barəsində yazılanları sükutla qarşılaması isə şayiələri daha da artırır. Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəisi, ehtiyatda olan polkovnik Eldar Sabiroğlu isə modern.az-a açıqlamasında demişdi ki, aprelin əvvəllərində cəbhədə baş verənlərlə bağlı Səfər Əbiyevlə söhbətləri olub: “Söhbət zamanı o, aprel döyüşlərini çox yüksək qiymətləndirdi və qələbəyə, hər bir əsgərin uğuruna sevindi. Hələ də şübhə var ki, ordumuzun uğurlarına Səfər Əbiyev tərəfindən qeyri-münasibət göstərilir?! Bunu heç cür başa düşə bilmirəm. Səfər Əbiyev adi əsgərdən diviziya komandirliyinə qədər yüksəlib. O, ordunun nə demək olduğunu və necə idarə edilməsini çox gözəl bilir...”
Yayılan sonuncu xəbərin doğru olub-olmadığını dəqiqləşdirmək üçün E.Sabiroğlu ilə əlaqə yarada bilmədik. 
Deputat Vahid Əhmədov isə bu barədə “Yeni Müsavat”a bildirdi ki, sabiq müdafiə nazirinin hər hansı problemi yoxdur: “Kim nə deyir, nə yazır, yalandır, Səfər Əbiyevin hər hansı bir problemi yoxdur. Mən sonuncu dəfə onunla 20 gün əvvəl danışmışam. Hərdən səhhəti, yaxud digər şəxsi işləri ilə bağlı Türkiyəyə, digər xarici ölkələrə gedib-gəlir”. Deputat sabiq nazirin ölkəyə giriş-çıxışı üçün də hansısa problemin olmadığını vurğuladı. 
 
Bir neçə dəqiqədən sonra V.Əhmədov əməkdaşımıza özü telefon açaraq bunları bildirdi: “Sizinlə danışandan sonra Səfər Əbiyevə zəng etdim. Bakıda, öz evində-eşiyindədir. Yazılanlar da hamısı şayiədir. Səfər Əbiyevin heç bir problemi yoxdur”. 

 






Fikirlər