General MTN çetesinin toruna düşübmüş; ordu komandanı barəsində sensasion xəbərlər
Naxçıvan Əlahiddə Ümumqoşun Ordu komandanı, general-leytenant Kərəm Mustafayevlə bağlı redaksiyamıza son dərəcə ilginc məlumatlar daxil olub. İddialara görə, K.Mustafayevin Naxçıvan rəhbərliyi ilə münasibətlərinin “soyuması” gizli şəkildə yazılan telefon danışıqlarının stenoqramının ələ keçirilməsidən sonraya təsadüf edib.
İddiaya görə, Naxçıvanın milli təhlükəsizlik naziri Vəli Əsgərov işdən çıxarılaraq həbs olunandan sonra aparılan qeyri-rəsmi araşdırmalar zamanı gizli və qanunsuz şəkildə yazılan xeyli telefon danışığının stenoqramı ələ keçirilib. K.Mustafayevin də danışıqlarının stenoqramı həmin ələ keçirilən sənədlər sırasında olub. Bundan sonra ordu komandanı ilə Naxçıvan rəhbərliyinin münasibətləri kəskinləşib. Biz iddiaların doğru olub-olmaması haqda konkret fikir söyləmirik. K.Mustafayevin Naxçıvan rəhbərliyi haqda şəxsi telefon danışıqlarında hər hansı neqativ fikirlər söylədiyini də iddia etmirik.
Qeyd edək ki, K.Mustafayevin adı neqativ planda ötən ilin dekabrın 19-da qardaşı Nemət Mustafayevin həbs olunması xəbərində çəkilməyə başlayıb. Həmin məlumatda K.Mustafayevin Vəli Əsgərovla çox yaxşı münasibətlərinin olması xüsusi olaraq vurğulanırdı. Bu məqam maraqlı bir sualı ortaya çıxarır. Əgər V.Əsgərovla ordu komandanının yaxın münasibəti var idisə, onu niyə dinləyiblər?
Bu sualın cavabını birmənalı şəkildə vermək üçün əlimizdə kifayət qədər məlumat yoxdur. Amma V.Əsgərovun 15 il müddətində Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun ən inanılmış kadrlarından biri olmasını, nazirin Naxçıvan rəhbərliyini gizli dinləməsi üzündən işdən çıxarılaraq həbs olunması haqda iddiaları nəzərə alanda, K.Mustafayevin dinlənilməsi də sıradan bir hərəkətlilik kimi qəbul oluna bilər.
Bununla belə, K.Mustafayevin ötən il oktyabrın 17-də MTN-də başlayan əməliyyatla əlaqəli hədəfə gəldiyi də iddia edilirdi. Bildirilirdi ki, onu sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovla bağlayan tellər olub. Bu iddiaların nə dərəcədə doğru olduğunu təsdiqləyən məlumatlar da ictimailəşməyib. Ehtimallar var ki, ordu komandanı gizli telefon danışıqlarının dinlənilməsi, şantaj olunması üzərindən MTN çetesinin toruna düşə bilərdi.
General-leytenant Kərəm Mustafayev 1983-cü ildə Bakı Ümumqoşun Komandirləri Məktəbini bitirib. 1990-cı illərin əvvəllərindən Azərbaycan Silahlı Qüvvələrində xidmət edən K.Mustafayev 1991-1994-cü illərdə Ermənistanla müharibə zamanı Naxçıvan Muxtar Respublikasının müdafiəsinin təşkilində xüsusi rol oynayıb. Sonrakı dövrlərdə Naxçıvan 5-ci ordu birləşməsinin komandanı vəzifəsində çalışıb. Silahlı Qüvvələrin formalaşmasında roluna görə Azərbaycanın müxtəlif orden və medalları ilə təltif olunub. 2013-cü il dekabrın 20-də isə yeni yaradılmış Əlahiddə Ümumqoşun Ordusunun komandanı vəzifəsinə təyin edilib.