Sağlam gələcəyin ayaq səsləri - ÖZƏL
Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin 4 ildə gördüyü işlər heyrət doğurur... Azyaşlıların kollektiv mühitə alışması, cəmiyyətə hazırlanması, məktəbə qədər hazırlıq kursu keçməsi və digər uşaqlarla təmas quraraq ilkin ünsiyyət vərdişlərinə yiyələnməsi baxımından uşaq bağçalarının əhəmiyyəti əvəzsizdir. Sovet hakimiyyətinin tarixə qovuşmasından sonra bir çox sahələr kimi, məktəbəqədər təlim və tərbiyə müəssisələrinin fəaliyyətində çoxsaylı nöqsanlar yaranmış, xeyli boşluqlar ortaya çıxmışdı. Bir neçə il əvvəl uşaq bağçalarının Təhsil Nazirliyinin nəzarətindən çıxarılaraq icra hakimiyyətlərinin balansına verilməsi həmin çatışmazlıqların aradan qaldırılması istiqamətində kifayət qədər mühüm addım oldu. Aradan keçən qısa müddət ərzində paytaxtda fəaliyyət göstərən belə müəssisələrin işində müsbətə doğru ciddi dəyişikliklərin baş verməsi həmin qərarın çox uzaqgörənliklə verildiyini təsdiqləyir. Konkret olaraq qeyd edək ki, “Azərbaycan Respublikasında körpələr evlərinin, uşaq bağçalarının və uşaq evlərinin inkişafı ilə bağlı tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2011-ci il tarixli, 1941 nömrəli Sərəncamına əsasən Təhsil Nazirliyinin tabeliyində olan körpələr evləri, uşaq bağçaları, uşaq evləri yerli icra hakimiyyəti orqanlarının tabeliyinə verilib. Bundan sonra Bakı şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Hacıbala Abutalıbov məlum sərəncamdan irəli gələn vəzifələrin yerinə yetirilməsi istiqamətində genişmiqyaslı işlərin başlanmasına şəxsən rəhbərlik edib. İlk olaraq Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsi yaradılıb, bu idarənin görəcəyi işlər müəyyənləşdirilib. Daha sonra idarəyə Eldar Yunusov kimi peşəkar, təcrübəli kadr rəhbər təyin olunub. İdarənin bu müddət ərzində gördüyü işlər Hacıbala müəllimin kadr seçiminin həmişəki kimi çox doğru olduğuna dəlalət edir. Onu da yada salmaq yerinə düşər ki, hələ 2012-ci ilin iyununda ölkə başçısı İlham Əliyev uşaq bağçalarındakı qeyri-qənaətbəxş vəziyyətin hökm sürməsindən narahatlığını ifadə etmişdi.“2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunmuş konfransda ölkə başçısı uşaq bağçaları ilə bağlı vəziyyətə toxunaraq, demişdi: “Mən çox narahatam və narahat idim gələn siqnallar da onu göstərir ki, hətta uşaqlara heç o aşağı səviyyəli normativlər də, onlar da verilmir. Uşaqlar ya ac qalır, ya da ki, evlərindən özü ilə yemək gətirirlər. Bu, dözülməz haldır. Mən son müddət ərzində dəfələrlə uşaq bağçalarında vəziyyətlə tanış olmuşam və eyni zamanda, bu yemək məsələləri ilə də maraqlanmışam. İndi bu məsələlər paytaxtda Bakı Şəhər İcra Hakimiyyətinə həvalə edilibdir və çox ciddi göstərişlər verilmişdir ki, yemək məsələləri birinci planda olmalıdır.Hacıbala Abutalıbovun mənə verdiyi məlumata görə, bu sahədə dönüş yaranmışdır. Əlbəttə ki, bu məlumat inandırıcıdır...” Dövlət rəhbəri daha sonra qarşıya konkret tapşırıqlar qoyaraq demişdi: “Uşaq bağçalarının hamısı təmirli olmalıdır. Hamısında da keyfiyyətli yemək verilməlidir ki, uşaqlarımız sağlam böyüsünlər”. Sevindirici haldır ki, Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin uğurlu fəaliyyəti nəticəsində ölkə başçısının həmin göstərişləri ötən qısa müddət ərzində yerinə yetirilib. Bunu ilk növbədə Hacıbala Abutalıbovun müəyyənləşdirdiyi düzgün fəaliyyət strategiyası ilə izah etmək lazımdır. Həmçinin idarəyə Eldar Yunusov kimi peşəkar və məsuliyyətli kadr təyinatı da bu qurumun qısa vaxtda qarşıya qoyulan məqsədlərə çatmasında önəmli faktora çevrilib. Əslində paytaxtın çoxsaylı problemlər məngənəsində çabalayan uşaq bağçaları BŞİH-in tabeliyinə verilərkən bunun müsbət nətricələrinin olacağını təxmin etmək o qədər də çətin deyildi. Gəlin Bakının Hacıbala müəllim şəhərə icra başçısı təyin edilərkən vəziyyəti ilə hazırki vəziyyətini müqayisə edək. Hacıbala müəllim çox qısa vaxtda paytaxtda geniş səliqə-sahman yaratmağa, məqsədyönlü şəkildə aparılan quruculuq-abadlıq işləri sayəsində Bakını dünyanın ən gözəl, müasir şəhərlərindən birinə çevirməyə nail olmuşdu. Bu da belə düşünməyə əsas verirdi ki, paytaxtın uşaq bağçalarının fəaliyyəti ilə bağlı saysız-hesabsız problemlərin uğurlu həllini də çox gözləmək lazım gəlməyəcək. Bunlardan biri mövcud olan uşaq bağçalarının yenidənqurulması, onların işinin sözün bütün mənalarında yeni döğvrün tələblərinə uyğunlaşdırılması idi. Əminliklə demək olar ki, Hacıbala müəllimin birbaşa nəzarəti, rəhbərliyi altında bu istiqamətdə fantastik işlər görülüb, ağılagəlməz nəticələr əldə edilib. Hazırda Bakıdakı uşaq bağçalarının mütləq əksəriyyəti öz yaraşıqlı görünüşü, texniki imkanları, keyfiyyətli qida ilə təminatı, uşaqların təlim və tərbiyəsinin düzgün təşkili sayəsində bir neçə il əvvəllə müqayisədə kifayət qədər müsbətə doğru dəyişib,yeniləşiblər. İkinci ciddi məsələ, paytaxtda yeni uşaq bağçalarının tikilərək istifadəyə verilməsidir. Hacıbala müəllim ilk gündən bu məsələni xüsusi olaraq diqqətdə saxlayıb. Hazırda Bakıda uşaq bağçalarına duyulan ehtiyacın aradan qaldırılması istiqamətində planlı şəkildə işlər görülür. Heç bir şübhə yoxdur ki, yaxın gələcəkdə Bakıda bir nəfər də olsun uşaq bağçadan kənarda qalmayacaq. BŞİH-in Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin yarandığı 4 il ərzində gördüyü ən mühüm işlərdən biri də uşaq bağçalarının ərazisində ötən illər ərzində inşa edilən qeyri-qanuni tikililərin ləğvi ilə bağlı olub. Hazırda belə tikililərin demək olar, hamısı ləğv edilib. Nəticədə həmin müəssisələrin xeyli boş sahələri yaranıb ki, bu da onların fəaliyyət imkanlarının genişləndirilməsi üçün yeni fürsətlərin meydan çıxması deməkdir. Qeyd etmək lazımdır ki, bu problemin həllində də məhz BŞİH başçısı Hacıbala Abutalıbovun qətiyyəti həlledici rol oynayıb. Əlbəttə, hələ görüləcək işlər çoxdur. Amma Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin indiyədək gördüyü işlər bundan sonra görəcəyi işlərin ən yaxşı təminatıdır. Qurumun bu günə qədər olan fəaliyyəti gələcəkdə paytaxtda məktəbəqədər təhsil sahəsində daha böyük uğurların qazanılacağına şübhə yeri qoymur. Belə bir məşhur söz var: “Uşaqlar bizim gələcəyimizdir”. Deməli, Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin öz işini düzgün, müasir tələblərə uyğun qurması Azərbaycana həm fiziki, həm də zehni baxımdan sağlam gələcək vəd edir! Azər Abdul.