Sələmçiliyi deputat RÜFƏT Quliyevi mandatsız qoya bilər

 Sələmçiliyi deputat Rüfət Quliyevi mandatsız qoya bilər

Deputatın faizə pul verdiyi təsdiqlənsə, səlahiyyətlərinə xitam verilməsi mümkündür; Azərbaycan qanunvericiliyində faizlə borc vermək cinayət hesab olunurmu?

 

Lənkərandan 3-cü dəfə deputat seçilən Rüfət Quliyevin sələmçiliklə məşğul olması mətbuatda, ictimaiyyətdə geniş müzakirə mövzusuna çevrilib. Deputat 2011-ci ildə iş adamına 10 faizlə külli miqdarda sələmə borc verib, sonradan borclu dünyasını dəyişdiyi üçün onun ailəsini məhkəməyə verib və yığılıb qalan faizləri israrla geri tələb edir. O, sələmə verdiyi 82 min dollar qarşılığında 246 min dollar tələb edir.  
Deputat Rüfət Quliyev barəsində səslənən bu və ya digər ittihamlara cavab verməsə də vəkili Kamandar Nəsibov “Yeni Müsavat”a açıqlamasında sələmə verilmiş pulun deputata deyil, onun oğluna məxsus olduğunu deyib.
Amma hər kəsə bəllidir ki, deputatın oğlu bu prosesdə formal xarakter daşıyır. Bir fakt da odur ki, iddiaçı deputat Rüfət Quliyev şəxsən özüdür.  
Deputatın “sələm qalmaqalı” sələm və sələmçilik mövzusunu yenidən gündəmə gətirdi. Cəmiyyətimizdə bu gün də faizə götürüb ödəyə bilmədiyi üçün müflis olan, ailəsi dağılan, tam çarəsiz vəziyyətdə qalan insanların sayı kifayət qədərdir.
Bəs Azərbaycan qanunvericiliyində faizlə borc vermək necə tənzimlənir? Milli Məclisin deputatının sələmlə borc verməsi nə dərəcədə qanuna uyğundur?
 
“Hüquqi Dövlət” Araşdırmalar Mərkəzinin rəhbəri Müzəffər Baxışın sözlərinə görə, Azərbaycan qanunvericiliyində rəsmi şəkildə, yəni sahibkarlıq fəaliyyəti olaraq faizə pul vermək cinayət hesab edilməsə də, Milli Məclisin deputatının belə bir fəaliyyətlə məşğul olması qadağandır: “Gəlir əldə edilirsə, bu, sahibkarlıq hesab edilir. Amma Milli Məclisin deputatı belə bir fəaliyyətilə məşğul ola bilməz. Deputatlara bu cür fəaliyyətlə məşğul olmaq qadağandır. Bu halda onun səlahiyyətlərinə xitam verilməlidir. Fərdi şəxslərin faizlə borc pul verməsi sahibkarlıq məşğuliyyəti hesab edilir və onlar VÖEN alıb fəaliyyətlərini qanuniləşdirməlidirlər. Əgər belə olmazsa, bu, qanunsuz məşğuliyyət hesab edilir və Cinayət Məcəlləsinin  190-cı maddəsinə əsasən cinayət əməli yaranır. Əgər əldə olunan gəlir 20 min manatdan çox olarsa, şəxslər cinayət məsuliyyətinə, həmin məbləğdən az olarsa, İnzibati Xətalar Məcəlləsinə əsasən qanunsuz sahibkarlıqla məşğul olmağa görə inzibati məsuliyyətə cəlb olunur”.
İslamda sələm necə qarşılanır?
Hüquqşünas rəyindən də aydın olur ki, ölkə qanunvericiliyində qanuniləşdirilmiş  formada sələmlə, yəni faizlə borc pul vermək cinayət hesab edilmir. Bəs İslam dinində sələm necə qarşılanır?
İlahiyyatçı Bəhruz Camal mövzuya bu cür aydınlıq gətirdi: “İslam ölkəsi olsaq da qanunvericilik epilyar qaydalar üzərində qurulub. Doğrudur, bəzi qanunlar İslam şəriətinə uyğun olsa da digərləri müvafiq deyil, o cümlədən bankçılıq sektorunda olan bəzi qanunlar və xüsusən də sələm. Ola bilsin ki, qanunvericilikdə sələmlə, faizlə pul vermək cinayət  xarakterli olmasın, amma İslam şəriətində sələm vermək və almaq ən böyük günah, haram hesab olunur. Bu baxımdan, hətta qeyri-müsəlman ölkələrində belə yaşayan müsəlmanlar sələm almaq və verməkdən çəkinsələr daha yaxşı olar”.
Dini ekspert Kənan Rövşənoğlu da İslam şəriətində faizli borcların, sələmçiliyin qadağan olunduğunu bildirdi:
“İslam dini bütün növ haram, zəhmətsiz qazanc, möhtəkirlik, çəkidə aldatmaq kimi saxtakarlıq, yalanla pul qazanmağa qadağa qoyur. Çünki faizli borc insanı yük altında qoyur, onu ən çıxılmaz duruma qədər sala bilər. Bu səbəbdən də faizli borclar, sələmçilik qadağandır. Bunun əvəzinə Quran çoxlu sayda ayələrdə imkansız, pulu qurtarıb yolda qalan insanlara kömək etməyi təkidlə tövsiyə edir”.
Sələmçiliyin kökü haradan başlayıb?
Məlum məsələdir ki, sələmçilik hazırda bütün dünyada geniş yayılıb, xüsusən də iqtisadi durumu ağır, sosial problemləri daha çox olan ölkələrdə. Maraqlıdır, görəsən, ilk dəfə sələm harada yaranıb? Çox təəssüf ki, bu barədə məlumat çox azdır. Lakin bəzi ekspertlərin iddiasına görə, sələm və sələmçilik ilk dəfə varlı yəhudilər tərəfindən yaradılıb, sonralar xaçpərəst ölkələrdə yayılmağa başlayıb. “Sələm” sözünün mənası artmaq, çoxalmaq deməkdir. Onun iki növü var, fəzl və nəsiə sələmi. Fəzl sələmi - bu, eyni cinsdən olan malların birini digəri ilə alıb satmaqdır, məsələn, qızıl ilə qızılı, gümüş ilə gümüşü və sairə. Nəsiə sələmi - bu, borcun üzərinə əlavə gətirməkdir. Hər iki növ sələmin daha geniş yayılmış növləridir. 
İslam dini bütün növ sələmləri haram buyurur.






Fikirlər