Bu gün hüquq müdafiəçiləri NATİQ CƏFƏRLİ ilə bağlı toplanır

 Bu gün hüquq müdafiəçiləri Natiq Cəfərli ilə bağlı toplanır

İqtisadçının azadlığı üçün görüş istəniləcək; Novella Cəfəroğlu: “Natiq həbs edilən gündən hamımız şokdayıq”; Qubad İbadoğlu: “Həmrəylik nümayiş etdirməliyik”

 

Respublikaçı Alternativ Hərəkatının (REAL) icraçı katibi, iqtisadçı ekspert Natiq Cəfərlinin avqustun 12-də saxlanılması son günlərin əsas gündəmi oldu. Barəsində qanunsuz sahibkarlıq və vergidən yayınma ittihamları ilə cinayət işi açılan, 4 aylıq həbs qətimkan tədbiri seçilən iqtisadçı artıq 1 saylı Bakı İstintaq Təcridxanasına köçürülüb.

Həbsi həftənin son günlərinə təsadüf etdiyinə görə N.Cəfərli barəsindəki qərardan bu gün apelyasiya şikayəti verilə bilər. Bu barədə sosial şəbəkələrdə onun vəkili Cavad Cavadov status paylaşıb. Vəkil statusunda həmçinin REAL-ın icraçı katibinin həbsindən sonra onun mənzilində aparılan axtarışlarla bağlı da Apelyasiya Məhkəməsinə müraciət edəcəklərini vurğulayıb.
N.Cəfərlinin həbsi ilə bağlı ölkənin hüquq müdafiəçiləri bu gün toplanacaqlar. Bu barədə “Yeni Müsavat”a Novella Cəfəroğlu məlumat verdi: “Natiq bəyin həbsi ilə bağlı avqustun 13-dən fəaliyyətə başlamışıq. Avqustun 15-də toplantımız olacaq. Rüstəm Usubovun qəbuluna düşməyə çalışacağıq. Çünki Natiq Cəfərlini prokurorluq həbs edib. Zakir Qaralovun da qəbulunda iştirak etməyə çalışacağıq. Referendumdan qabaq bu həbsə heç bir ehtiyac yox idi. Bu şəxs siyasətçidir. Çox ağıllı, savadlı bir şəxsdir. Onu yaxından tanıyan biri kimi deyə bilərəm ki, çox yaxşı insandır. Onun həbsini ancaq düşmənlər istəyə bilərdilər - Azərbaycanı xarici dövlətlər qarşısında gözdən salmaq üçün. Özü də elə bir vaxt da Natiqi həbs etdilər ki, siyasi məhbus problemi yekunlaşmaq üzrə idi. Özü də çox gülməli maddə irəli sürüblər - milyonlarla Azərbaycandan pul mənimsəyən şəxslərin qanunsuzluğu qarşısında. Mətbuatda deputatın milyonları, dəbdəbəli villaları dərc olundu. Bunun müqabilində hansı haqla savadlı, ağıllı bir şəxs həbs edilir? 
Maraqlıdır ki, bu şəxsin iqtidar əleyhinə sərt çıxışları, fəaliyyəti olmayıb. Natiq həbs edilən gündən hamımız şok vəziyyətindəyik. Yuxarıda adlarını çəkdiyim şəxslərlə çox çalışacağıq ki, görüş olsun, olmasa müraciətlərimiz aidiyyəti orqanlara ünvanlanacaq. Natiqi orada qoymayacağıq, azadlığa çıxması üçün əlimizdən gələni edəcəyik. Bu insan böyük siyasi lider deyil ki, ondan çəkinsinlər. Onun həbsini heç cür başa düşə bilmirəm. Onu həbs edənlərin də siyasəti anlaşılan deyil”.
İqtisadçı ekspertin həmkarı, Azərbaycan Demokratiya və Rifah Hərəkatının rəhbəri Qubad İbadoğlu bütün iqtisadçıların bu məsələdə bir mövqedən çıxış etməsinin tərəfdarıdır: “Həmrəylik nümayiş etdirməliyik. Bu barədə ilkin açıqlamamda məlumat vermişəm. Yəqin ki, belə bir təşəbbüs olacaq. İqtisadçılara müraciət etməklə, həm də iqtisadçılar adından öz mövqeyimizi bildirəcəyik. Amma bunları tək mənim mövqeyimlə müəyyənləşdirmək çətindir. İqtisadçıların bu istiqamətdə mövqeyimə müsbət yanaşmalarına böyük ehtiyac var. Şəxsən mən onun həbsindən sonra yaranan boşluğun doldurulmasına çalışacam. Əvvəlkindən daha çox iqtisadi məsələlərlə bağlı şərhlərlə çıxış edəcəyəm. Həqiqətən Natiq Cəfərlinin indiki həssas məqamda, iqtisadi böhranın olduğu bir vaxtda dəyərli və əhəmiyyətli şərhləri var idi. Bu nöqteyi-nəzərdən onun boşluğunu hiss etdirməmək üçün iqtisadi şərhlər, təkliflərlə çıxış etmək niyyətindəyəm”.
Q.İbadoğlu rəhbəri olduğu təşkilatın adından iqtisadçının həbsi ilə əlaqədar bəyanat veriləcəyini də qeyd etdi: “Natiq bəyi biz həmçinin ictimai fəal hesab edirik. Düşünürəm ki, onun həbsi həm də siyasi fəaliyyəti ilə bağlıdır. Bu baxımdan Azərbaycan Demokratiya və Rifah Hərəkatının bu məsələ diqqətindədir. Biz hərəkat adından Natiq Cəfərlinin həbsi ilə bağlı bəyanatla çıxış edəcəyik. Artıq belə bir sənəd üzərində işləyirik. Yaxın günlərdə təşkilatımızın idarə heyəti adından belə bir bəyanatla çıxış edəcəyik”.

 






Fikirlər