Türkiyə hökuməti bir çox dövlətdən ərazisində fəaliyyət göstərən Gülən məktəblərini bağlamağı tələb edir. O cümlədən də Azərbaycanda Türkiyədəki çevriliş cəhdindən dərhal sonra bu istiqamətdə bir çox işlər görülməyə başladı. İlk olaraq Qafqaz universiteti Ali Neft Məktəbinə birləşdirildi. Qafqaz Universitetində çalışan 50-dən çox türkiyəli müəllim işdən çıxarıldı. Bir məsələni də xatırlatmaq yerinə düşər ki, Türkiyədə də çox sayda erməni məktəbləri fəaliyyət göstərir.
Maraqlıdır, belə olan halda Azərbaycan da Türkiyə hökumətindən həmin erməni məktəblərinin bağlanılmasını tələb edə bilərmi?
Moderator.az-ın mövzu ilə bağlı sualına sabiq Baş prokuror Əli Ömərov aydınlıq gətirib.
Ə.Ömərov sualımızı sırf hüquqi aspektdən cavablandırıb:
“Ola bilər ki, başqaları kiməsə yaltaqlanmaq, yarınmaq üçün bu barədə müxtəlif fikirlər bildirirlər. Mən isə hər şeydən öncə bu məsələyə hüquqşünas kimi yanaşmaq istəyirəm və sualınızı ancaq hüquqi tərəfdən cavablandıracağam.
İlk növbədə deyim ki, Gülən məktəblərini bağlamaq üçün həmin məktəblərdə həm o ölkənin, həm də Türkiyənin əleyhinə təlimlərin keçirilməsini müəyyən etmək lazımdır. Araşdırmaq lazımdır ki, o məktəblərdə tədris olunan dərs vəsaitləri Gülən tərəfindənmi yazılıb, yoxsa adi qaydada olan dərsliklərdir? O dərsliklərdə Azərbaycanın, Türkiyənin, ümumiyyətlə Türk dünyasının əleyhinə hansısa ifadələr, ibarələr, təhlillər varmı, yoxsa yoxdurmu? Əgər aydınlaşdırılsa ki, həmin məktəblərdə Gülənin yazdığı dərsliklərdən yox, Azərbaycan Təhsil Nazirliyinin dərsliklərindən istifadə olunur, o zaman çox maraqlı bir situasiya yaranır.
Bilirəm ki, Türkiyədə 40-a qədər erməni məktəbi, 45-ə qədər erməni kiləsi var. Erməni də təbii ki, Azərbaycan xalqının düşmənidir, o cümlədən də Türk xalqının. Təsadüfi deyil ki, nənələrimiz belə danışırdılar ki, erməni uşağı anadan doğulanda qulağına pıçıldayırlar ki, Türk sənin düşmənindir, bir türk başı kəsməlisən. Belə olan təqdirdə, əlbəttə ki, Türkiyədəki erməni məktəbləri də bağlanmalıdır.
Ərdoğan Azərbaycan xalqını sevirsə, Türkiyədə 40 erməni məktəbi, 45 erməni kilsəsi necə fəaliyyət göstərir? Axı biz bilirik ki, erməni məktəblərində də, kilsələrində də erməni ideologiyası təbliğ olunur. Bu, faktdır, ermənilərin kimliyi, ideyalarının nədən ibarət olduğu, milli tələbləri, digər xalqlara münasibətləri erməni müəllimlər tərəfindən tədris və təbliğ olunur. Ancaq mən əminəm ki, Gülən məktəblərində Azərbaycanın, Türkiyənin əleyhinə hər hansı bir təbliğat aparılmayıb. Belə olan halda, Türkiyədə, Azərbaycanda və ya başqa yerdə Gülən məktəbləri bağlanırsa, Türkiyədəki Türk millətinə və Azərbaycana qarşı təbliğat aparan erməni məktəblərinin bağlanması ən ümdə, vacib məsələlərdən biri olmalıdır.
İkincisi, Gülən məktəbləri Azərbaycanda açılarkən bundan Heydər Əliyev kimi bir liderin xəbəri olmuşdu. Böyük siyasətçi və görkəmli xadim olan Heydər Əliyev bilsəydi ki, Gülənin açdığı məktəblər Azərbaycan xalqının əleyhinə hər hansı bir iş aparacaq, qətiyyən buna yol verməzdi. H.Əliyev hətta müsahibələrinin birində deyir ki, Azərbaycanda açılan Gülən məktəbləri ən yüksək təhsil verən məktəblərdən biridir. Əgər belədirsə, biz nəyə görə yüksək təhsil verən məktəbi kiminsə xətrinə bağlamalıyıq?
Bağlamaq üçün ya sübt etməliyik ki, bu məktəblərdə Gülən təlimi keçilib, dərs vəsaitlərində Azərbaycanın, Türkiyənin əleyhinə nələrsə tədris olunub. Bu hallar olmadıqda isə, məktəblərin nə günahı? Gülənin müxtəlif ölkələrdə məktəbləri var.
Qeyd edim ki, Gülən deyilən adamın özündən şəxsən zəhləm gedir. Amma Ərdoğan özü vaxtilə Gülənin əlini öpən adamlardan biri idi. Gülən məktəblərini bağlamağa təşəbbüs göstərməkdənsə, Türkiyədəki erməni məktəblərini bağlamaq lazımdır.
Digər bir məsələni də qeyd edim ki, mətbuatdan izlədiyimə görə, Türkiyədə 2 minə qədər general saxlanılıb. Mənim aləmimdə həmin generalların hər biri vətənpərvər, xalqını, millətini sevən adamlarır. Onlardan soruşmaq lazımdır ki, nəyə görə dövlət çevrilişinə cəhd ediblər, hansı səbəblərdən bu yola əl atıblar? Hər şeydən əvvəl bunları araşdırmaq lazımdır. Öyrənmək lazımdır ki, onlar Türkiyəni məhv etmək istəyiblər, yoxsa konkret kiminsə hakimiyyəti ilə bağlımı, hakimiyyətdən narazı qalqılarına görəmi çevrilişə cəhd ediblər? İstintaqda ilk öncə bunlar araşdırmalıdır, sonra qiymət verilməlidir.
FETÖ terror örgütü artıq ASALA-ya bərabər terror təşkilatı adını alıb. Fətullah Gülənin həqiqətən də bu işdə əli varsa, o layiqli cəzanı almalıdır, lap belə asılmalıdır, güllələnməlidir. Məktblərin, məktəblərdə dərs deyən minlərlə müəllimlərin nə günahı? O müəllimləri işdən azad edərkən müəyyən ediblərmi ki, bunlar Fətullah təlimi keçiblər, tələbələri Türkiyəyə qarşı üsyana çağırıblar? Necə ki, Türkmənistan, Özbəkistan, Qazaxıstandan bildirirlər ki, biz araşdırmayana qədər heç bir məktəbi bağlayan deyilik. Bunlar sübut olunmursa, onların işdən çıxarılmasını, açığa alınmasını qeyri qanuni hesab edirəm.
Kilsələrin bağlanmasına gəldikdə isə, fikrimi onunla əsaslandırıram ki, vaxtilə İrəvanda cəmi bir dənə Göy Məsçid var idi. Oradan azərbaycanlıları qovandan sonra həmin məsçidi çox biabırçı halda dağıtdılar. Hətta o vaxt erməni mətbuatında bir vəzifəli şəxs erməni dilində dedi ki, ora it bağlamaq lazımdır. Bizim millətimizin dini və əqidə düşməni olanların Türkiyə kimi bir dövlətdə 45 kilsəsi olmasını və erməni təbliğatı aparmasını heç cürə qəbul edə bilmirəm.
Sonda bir vurğulamaq istəyirəm ki, Güləndən zəhləm gedir, onun qarğış etməsi və s. bütün hərəkətləri Qurani Kərimə, ümumiyyətlə İslama zidd olan hərəkətlərdir".