Baş direktor: 'Yeni şərtlərlə DESFA bizim üçün o qədər də maraqlı deyil'

Baş direktor: 'Yeni şərtlərlə DESFA bizim üçün o qədər də maraqlı deyil'

SOCAR Yunanıstan qazpaylayıcı şəbəkəsinin operatoru DESFA-nın özəlləşdirilməsi çərçivəsində səhmlərinin alınması üzrə razılaşmanın uğurla başa çatması üçün Yunanıstan hökumətindən təkliflər gözləyir.
"APA-Economics" xəbər verir ki, bunu "SOCAR Energy Greece" şirkətinin baş direktoru Anar Məmmədov bildirib.
 "İyul ayında Yunanıstan hökuməti tərəfindən energetika nazirinin təşəbbüsü ilə qanunvericiliyə bir neçə dəyişiklər olunub. Bunun DESFA-nın tariflərinə çox mənfi təsiri olub. Fikrimizcə, DESFA-nın dəyəri 40-50% azalıb. Bu dəyişikliklər olduğu kimi qalsa, yeni şəraitdə, yeni şərtlərlə artıq bu layihə bizim üçün o qədər də maraqlı deyil. Biz bu barədə Yunanıstan hökumətinə də öz mövqeyimizi bildirmişik. Yunanıstan hökumətinə birlikdə kompromis tapmaq üçün təklif verilib. Onlardan təklifimizə cavab gözləyirik. Yunanıstan dövlətinin bu özəlləşdirməni başa çatdırmağa marağı varsa, ümid edirik ki, hansısa təkliflər veriləcək", - deyə o qeyd edib.
 A. Məmmədov bildirib ki, Azərbaycan tərəfi DESFA-nın özəlləşdirilməsində maraqlıdır: "Lakin proses kommersiya nöqteyi-nəzərindən mənalı və məntiqli olmalıdır. Bizim marağımız var, Yunanıstana sərmayə qoymaq istəyirik. SOCAR-ın bu layihədən çəkilmək ehtimalı var. Yunanıstanda bizim digər layihələrimiz də var. Onlar davam edəcək. TAP layihəsi bizim üçün çox önəmli və böyük layihədir".






Fikirlər