“Türk axını” üzrə danışıqlar bərpa olunur – Aİ-də NARAHATLIQ
Moskva və Ankaranın “Türk axını” layihəsinin mümkün bərpası barədə bəyanatları Avropa İttifaqında narahatlıqla qarşılanıb. Belə ki, layihənin reallaşması Avropanın Rusiya qazından asılılığını artıracaq. “Report” xəbər verir ki, bu barədə diplomatik mənbələrə istinadən “Reuters” agentliyi məlumat yayıb.
Məlumata görə, “Türk axını” layihəsinin istifadəyə verilməsindən sonra Rusiyanın qazını Avropaya ötürməsi üçün Ukraynadan tranzit kimi istifadə etməsinə ehtiyac qalmayacaq və Xəzər dənizi regionundan digər qaz tədarükü variantları da bağlanacaq.
“Türkiyə və Rusiyanın dostluğunun bərpa edilməsi Rusiyanın Ukraynanı Türkiyə ilə əvəz etmək niyyətinə düşəcəyi təqdirdə problem ola bilər”, – bunu isə Aİ məmurlarından biri bildirib. Adı açıqlanmayan həmin şəxs onu da əlavə edib ki, Türkiyə Rusiyadan ucuz qazın tədarükündə maraqlıdır, amma bütün bunlar Avropanın qarşısına bir çox tələblərin qoyulmasıyla nəticələnəcək.