TƏDQİQAT UNİVERSİTETİ NECƏ OLMALIDIR? – EKSPERT FİKRİ

etibar-eliyev 

Yaxud Azərbaycan universitetlərini uğur layihəsinə çevirməyin əsl məqamıdır

Hələ XIX əsrdə böyük alim və təhsil islahatçısı Vilhelm fon Humbolt tədqiqat və tədris fəaliyyətinin vəhdəti prinsipini formalaşdırdı. Alman universitetləri indiyə qədər bu prinsipə riayət edirlər. 

Bu ölkənin klassik universitetlərinin başlıca vəzifəsi təkcə tələbələri oxutmaq deyil, həmçinin yeni elmi ideyaların generasiyası, müstəqil fundamental və tətbiqi tədqiqatların aparılması, tədqiqatçıların hazırlanmasıdır. Alman ixtiralarının böyük əksəriyyətinin kökündə Humboltun ideyası əsasında formalaşmış təhsil və tədqiqatın vəhdəti durur. Üstəlik, bu ideya bütün dünyaya yayıldı və məşhur universitetlər bu prinsiplə işləməyə başladı. İndi də uğurla fəaliyyət göstərən bütün universitetlər bu ideya ilə çalışır.

Göründüyü kimi, “tədqiqat universiteti” ideyası yeni deyil. Dünya Bankının ekspertlərinin hazırladığı “Akademik təkmilləşməyə gedən yol: dünya səviyyəli tədqiqat universitetlərin yaranması” kitabında 9 ölkədən 11 universitetin keçid iqtisadiyyatı və baş verən böhranlar şəraitində tədqiqat universiteti qarşısında dayanan problemləri uğurla həll etmələrindən söhbət açılır.

Həmin kitabdan bir qeydə diqqət ayıraq: “Uğurlu ali məktəb nümunəsi onu göstərir ki, sürətli akademik inkişaf utopiya deyil. Məsələn, Qazaxıstanda çox qısa bir vaxtda Nazarbayev Universitetinin kampusu yaradıldı və Qərb ali məktəblərinin tanınmış mütəxəssisləri ilə əməkdaşlıq sayəsində Mərkəzi Asiyada dünya səviyyəli universitet formalaşdı”.

Deməli, məqsəd varsa, doğru və aydın baxış mövcuddursa, əsrlərin sınağından çıxmış yol ən qısa müddətdə uğura imza atmağa imkan yaradır.

Bu məqamda hökmən haqlı bir sual yaranacaq: bəs bizdə vəziyyət necədir? Elə biz də ADA Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti və Neft və Sənaye Universitetinin timsalında sürətli akademik inkişafın şahidi oluruq. Ənənəvi olaraq Bakı Dövlət Universiteti elmi tədqiqatlarda öndə gedən ali məktəbdir. Etiraf etmək lazımdır ki, son 3 ilə qədər bizdə elmlə təhsilin vəhdətindən söhbət belə getmirdi. Nəhayət, yuxarıda sadaladığım ali məktəblərdəki yeni tendensiyalar bütün ali məktəbləri oyada bilər. Ayaqlaşmaq da, yerindən tərpənməyin, ayaq açmağın, irəli getməyin bir üsuludur.

Universitetlərin tanınmış reytinqlərdə yer tuta bilməməsi bir tərəfdən islahatların gecikməsi ilə bağlıdırsa, digər tərəfdən isə uzun illər dərin kök atmış neqativ halların aradan qaldırılmasındakı gecikmələrdir. Son illər universitetlərdə sessiyalar zamanı baş verən neqativ halların aradan qaldırılması üçün köklü işlər aparılır. Nəhayət, bu işlər gözdən pərdə asmaq, imitasiya xarakteri daşımır. Qərbdə universitet təsis olunduğu andan neqativ hallar olmur. Bunlar ağıla belə gələ bilməz. Amma bizdə niyə belə olduğunu çox düşünməkdənsə, bu halları aradan qaldırmaq lazımdır və bir neçə universitetdə doğrudan da real dəyişiklərin əsası qoyulub.

Maraqlıdır ki, universitetlərimizə və Təhsil Nazirliyinə həmişə yüksək elmi adlar daşıyan şəxslər rəhbərlik edib. Lakin onlar ali məktəbləri yalnız “təhsil müəssisəsi” kimi görüblər. Tədqiqat universiteti anlayışını dilə gətirən olmayıb. Təhsillə elmin vəhdəti, tanınmış elmi-analitik informasiya təminatçısı olan “Thomson Reuters” şirkəti ilə müqavilənin imzalanması, tədqiqat universitetlərinin yaradılması və ali məktəblərdə elmin dövlət büdcəsindən maliyyələşməsi ideyası Mikayıl Cabbarova məxsusdur. Elmi adları ilə öyünənlər isə təhsillə elmin vəhdətinin yollarını aramağa belə cəhd etməyiblər. Universitetin gəlirləri elmdən başqa nəyə desən xərclənib.
Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”ndə Ali təhsil müəssisələrinin “təhsil-tədqiqat-innovasiya” formatında inkişafı nəzərdə tutulur.

Bu formatın gerçəkləşməsi üçün mütləq bacarıqlı, elmli, təhsil prosesini və innovasiyaları dərindən bilən rektor obrazı önəm kəsb edir. Adını çəkdiyim üç ali məktəbin rektorunda göstərdiyim keyfiyyətlər var. Görülən işlər bunu deyir. Deməli, uğura imza atmaq üçün nazirin iradəsi və məqsədi, həmçinin pionerlik edəcək rektorlar da var. Əgər təhsil naziri özü bu yöndə təşəbbüs göstərirsə, deməli, universitetlər üçün dəyişməyə gərəkli şərait mövcuddur. Bəhanənin heç yeri yoxdur.

Dünyanın ali təhsil sistemləri çərçivəsində tədqiqat universitetləri peşəkarların, alimlərin, tədqiqatçıların hazırlanmasında, həmçinin milli innovasiya sisteminin dəstəklənməsi üçün yeni biliklərin istehsalında mühüm rol oynayır.

Tanınmış universitetlərdə hesab edirlər ki, tədqiqat professorların işinin ayrılmaz tərkib hissəsi olmalıdır. Yalnız elmlə aktiv şəkildə məşğul olan professor öz sahəsində son tədqiqatlardan məlumatlı olur və bu səbəbdən dərs dediyi materialı daha dərindən bilir. Digər tərəfdən hesab edirlər ki, dərs demək elmi tədqiqatlar üçün olduqca vacibdir. Yəni tələbələrə mürəkkəb materialları izah etməyə cəhd etmək lektoru problematikanı və elmi paradiqmaları daha yaxşı və dərindən dərk etməyə məcbur edir. Buna görə də dərs demək və tədqiqat aparmaq bir-birilərini yaxşı tamamlayırlar. Lakin buna başqa komponent də əlavə olunur: onların sosial mahiyyəti.

Bu universitetlərin elmi əməkdaşları və müəllimləri ekologiya, iqtisadiyyat, kənd təsərrüfatı, təbiət elmləri sahələrində ekspert kimi mühüm sosial rol oynamaqla ekspert institutlarının inkişafına təkan verə bilirlər.
Nəhayət, iqtisadi faydalar göz önünə alınmalıdır. Tədqiqatlar və bu mühitdə yetişən kadrlar elə insan kapitalıdır. Həm də kapitalı uğura çevirən insanlar deməkdir.
Azərbaycan öz universitetlərini uğura və uğurların dəstəyinə çevirmək üçün çox vacib məqamdadır və onları uğur layihəsinə çevirmək üçün ciddi cəhdlər davam etməlidir.

 Etibar ƏLİYEV

 






Fikirlər