20 Yanvar faciəsi - Azadlığa gedən yolun ZİRVƏSİ
Bakının Nizami rayonunda 20 Yanvar faciəsinin 27-ci ildönümü ilə bağlı “Azadlığa gedən yolun zirvəsi” mövzusunda tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə 20 Yanvar faciəsini əks etdirən rəsm əsərləri ilə tanış olublar. Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə 20 Yanvar faciəsində şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra çıxış edən Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov, Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatları Sədaqət Vəliyeva və Rasim Musabəyov, 20 Yanvar faciəsinin iştirakçısı, II qrup əlil Gülağa Şərifzadə və başqaları Azərbaycan xalqının qürur mənbəyinə çevrilmiş 20 Yanvar faciəsindən 27 il keçməsinə baxmayaraq, həmin hadisənin təkcə Ümumxalq Hüzn Günü kimi deyil, eyni zamanda, öz azadlığına və müstəqilliyinə can atan xalqımızın mübarizliyini, məğrurluğunu nümayiş etdirən qəhrəmanlıq tarixi kimi qeyd olunduğunu söyləyiblər. Bildirilib ki, Qanlı Yanvarda şəhid olmuş həmvətənlərimizin əziz xatirəsi istər respublikamızda, istərsə də onun hüdudlarından kənarda yaşayan soydaşlarımız tərəfindən daim uca tutulur və hörmətlə anılır. Sonda 220 saylı məktəb-liseyin şagirdlərinin hazırladığı “Azadlığa gedən yolun zirvəsi” adlı ədəbi-bədii kompozisiya nümayiş etdirilib. AzerTaym.az