20 YANVAR ŞƏHİDLƏRİ FÜZULİDƏ ANILDL - Fotolar
Yanvarın 20-də Füzuli rayonundakı Şəhidlər Xiyabanında anım tədbiri keçirilib.
Azərtaym.az AzNews.az-a istinadən xəbər verir ki, tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, rayonun hüquq mühafizə orqanları, idarə, müəssisə, təşkilatları, ziyalılar, gənclər və ictimaiyyət nümayəndələri iştirak edib
Tədbirdə 20 Yanvar şəhidlərinin xatirəsi 1 dəqiqəlik sükütla yad edilib, ruhlarına dualar oxunub.
Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev 20 Yanvarın faciəsindən danışıb, şəhidlərin xatirəsini ehtiramla yad edib.
Alı Alıyev 20 Yanvar hadisələrini Azərbaycan xalqının azadlığı və ərazi bütövlüyü uğrunda qəhrəmanlıq mübarizəsi kimi səciyyələndirib. Faciənin Azərbaycan xalqına və insanlığa qarşı törədilmiş dəhşətli cinayət olduğunu vurğulayan Alı Alıyev mərhum prezident Heydər Əliyevin o vaxt hələ Moskvada ikən həyatını təhlükəyə ataraq 20 Yanvar hadisələri ilə bağlı cəsarətli bəyanatla çıxış etdiyini, Ulu öndərin səyi ilə hadisələrə əsl siyasi qiymətin verildiyini bildirib: “20 Yanvar faciəsi Azərbaycan xalqının azadlığı uğrunda apardığı mübarizəsinin şanlı tarixidir. Ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları həmin gün canlarından keçərək şəhidlik zirvəsinə ucalıblar. Böyük itkilərlə, günahsız insanların qətlə yetirilməsi ilə nəticələnən bu faciə eyni zamanda xalqımızın mübarizliyini, əyilməzliyini və məğrurluğunu bir daha nümayiş etdirib. Müstəqil Azərbaycan durduqca faciə qurbanlarının xatirəsi də daim qəlblərdə yaşayacaq".
Çıxış edənlər 20 Yanvar faciəsi qurbanlarının Azərbaycanın müstəqilliyi yolunda şəhid olduqlarını və onların işıqlı xatirəsinin xalqımızın qəlbində daim yaşayacağını vurğulayıblar.
Həmin gün saat 12:00-da bütün resapublikamızda olduğu kimi Füzuli rayonu ərazisində də 20 yanvar şəhidlərinin ruhu 1 dəqiqəlik sükutla yad edilib.
20 yanvar faciəsinin 26-cı ildönümü ilə əlaqədar rayon İcra Hakimiyyətinin başçısı tərəfindən tədbirlər planı təsdiqlənib.
Tədbirlər planına uyğun olaraq rayonun idarə, müəssisə və təşkilatlarında anım tədbirləri keçirilib, faciə qurbanları yad edilib. Füzuli Dövlət Dram Teatrında isə 20 yanvar faciəsindən bəhs edən ədəbi-bədii kompozisiya nümayiş olunub, faciəni özündə əks etdirən kitab və rəsm sərgisi təşkil edilib.