Əli İnsanova qarşı açılan yeni cinayət işi məhkəməyə GÖNDƏRİLİB
Sabiq səhiyyə naziri Əli İnsanova qarşı açılan yeni cinayət işi üzrə ibtidai istintaq yekunlaşaraq məhkəməyə göndərilib. Bu barədə “Report”a onun vəkili Toğrul Babayev məlumat verib. Vəkilin sözlərinə görə, işə Qaradağ Rayon Məhkəməsində baxılacaq. Məhkəmənin vaxtı yaxın günlərdə bəlli olacaq. Qeyd edək ki, Ə.İnsanov 2005-ci ilin oktyabr ayında həsb edilib. O, dövlət vəsaitlərinin mənimsənilməsində və dövlət aktivlərinin qanunsuz özəlləşdirilməsinin təşkilində ittiham olunub. 2007-ci ilin aprel ayında Ə.İnsanov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə əmlakı müsadirə olunmaqla və 3 il ərzində dövlət vəzifəsi tutması qadağan edilməklə 11 il müddətinə azadlıqdan məhrum olunub. Ötən il il avqustun 24-də Ə.İnsanova Cinayət Məcəlləsinin (CM) üç maddəsi ilə ittiham irəli sürülüb. Sabiq nazir CM-nin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama), 315.2-ci (hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə müqavimət göstərmə, xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar ona və ya onun yaxın qohumlarına qarşı belə zor tətbiq etmə və ya zor tətbiq etmə hədəsi ilə hədələmə, bu maddədə göstərilən şəxslərə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) və 317-2.1-ci (cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi, eyni əməllər təkrar törədildikdə) maddələri ilə ittiham olunur. Qaradağ Rayon Məhkəməsində onun barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib. Sabiq nazirə yeni cinayət işinin açılması ilə bağlı müxtəlif söz-söhbətlər yayılıb. Belə iddialar var ki, hakimiyyət tərəfindən ona azad edəcəyi halda ölkəni tərk etməsi tələb edilib. Bu versiya bir qədər inandırıcıdır. Çünki İnsanovla eyni hadisəyə görə 2005-ci ildə həbs edilən sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev üç il öncə məhz belə anlaşma yolu ilə azadlığa çıxmış və ölkəni tərk etmişdi. Sabiq səhiyyə nazirinə hətta yaşayacağı ölkənin Almaniya olduğu deyilir. Almaniyanın seçilməsinin təsadüf olmadığı vurğulanır. İddia olunur ki, İnsanovun hazırda ailəsinin əksər üzvləri bu ölkədə yaşayır. Amma İnsanovun hakimiyyətlə bu məsələdə anlaşmadığı üçün həbsdə qaldığı söylənilir.