ADU-da Çin dili günü QEYD EDİLİB
Aprelin 25-də Azərbaycan Dillər Universitetində (ADU) Çin dili gününə həsr olunmuş bayram tədbiri keçirilib. Tədbirin açılışında ənənəvi olaraq Çin dilində dərsliklər, lüğətlər, Ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyevin Azərbaycan-Çin əlaqələrinin inkişafı istiqamətində fəaliyyətlərinə həsr olunan kitabların sərgisi keçirilib. Tədbirin rəsmi hissəsi Konfutsi İnstitutunun direktoru, professor Rafiq Abbasovun Çin dilinin tarixi barədə nitqi ilə başlayıb. O, Çin yazısının banisi, əfsanəvi imperator Xuan Dinin sarayının tarixçisi, köhnə heroqliflərdən sonra piktoqram növlərini hazırlayan Szyan Szenin dilin inkişafına verdiyi töhfələrdən söz açıb. Çin dilinin tədrisinin perspektivlərindən danışan R.Abbasov Çin və onun mədəniyyətinin öyrənilməsinin əhəmiyyətindən də bəhs edib. Tədbirdə Konfutsi İnstitutunun tələbələri Çin xəttatlıq sahəsinin ənənəvi üslubu və texnikasını, naxışlarla düzəldilmiş kağızları – “Szyançji”ni qonaqlara nümayiş etdirib. Qeyd edək ki, bu tarixi gün Birləşmiş Millətlər Təşkilatının (BMT) rəsmi dillərinin özünəməxsusluğu və zənginliyini ön plana çəkmək məqsədi ilə BMT-nın İctimai İnformasiya Departamentinin təklifinə uyğun olaraq 2010-cu ildə təsis edilib.AzerTaym.az