Sağ ikən Fəxri Xiyabanda özünə qəbir qazdıran kimlərdir? - FOTOLAR
Buna nə ad vermək olar, bir az qəliz məsələdir. Kimisi deyə bilər ki, özünə rəhmət oxudur, kimisi düşünər ki, fərasətsiz övladına etibar etmir deyə belə addım atır, kimisi də sağlığında öz başdaşını görmək istədiyi üçün indidən özünə qəbir qazdırır, baş daşı qoydurur deyə fikir yürüdə bilər. ...Bizim məhəllədə bir Aydın kişi var idi: sağlığında özünə qəbir qazdırmışdı, məzar daşı qoydurmuşdu, doğum təvəllüdünü üstünə yazdırıb ölüm təqvimini oğluna vəsiyyət etmişdi. İnsafən düz də eləmişdi, oğlu fərsizin biriydi. Bilirdi ki, öləndən sonra ona qəbir qazdırıb baş daşı qoydurmağa pulu da olmayacaq. Ancaq illər keçdi, o günlərdə saytların xəbər lentlərində həmin Aydın kişinin arvadı ilə birlikdə qətlə yetirildiyi xəbərinə rastladım. Kişi özünü qabaqcadan "öldürüb”, özünə qəbir qazdırması ilə hiss edibmiş ki, haçansa əcəli ilə ölməyəcək. *** İndi II Fəxri Xiyabanda eynilə həmin Aydın kimi adamları görmək olar. Onlar özlərinə sağ ikən qəbir qazdırıb, heykəl qoydurublar. Əgər yolunuz Qurd qapısı yaxınlığındakı qəbiristanlıqdan keçsə, elə girişdə sağa-sola boylanıb belə məzarların şahidi ola bilərsiniz. Belə demək olarsa, onlar canlı ölülərdir və bəlkə də vaxtaşırı gəlib öz qəbir daşlarına baxırlar, nə vaxtsa bu torpağın altına girəcəklərini dərindən düşünürlər, hətta qapıdakı mollalardan birinə yasin də oxutdururlar. İslamda ölüyə də rəhmət düşür, diriyə də. Məsələn, II Fəxri Xiyabanın girişində solda ucaldılmış iki əzəmətli heykəl dərhal adamın diqqətini çəkir. Onlar rəhmətə getməyiblər, ər-arvad heykəllərini ucaltdırıb, qəbirlərini qazdırıb həyatlarını yaşayırlar. Biri Rusiyanın əməkdar geoloqu (məzar daşının üstündə yazılıb – müəllif.) Faiq Məmmədov, yanındakı isə həyat yoldaşı Hacı Svetlana Məmmədovadır. Bunu bizə orda olarkən mollalar dedilər.
Sadəcə Hacı Svetlana ilə Faiq Məmmədov arasında 9 yaş fərqi var. S.Məmmədova 1942-ci il, aprelin 19-da anadan olub. Əməkdar geoloq isə 1951-ci il təvəllüddür. Mollaların dediyinə inanmasaq, böyük ehtimalla onlar bacı-qardaş ola bilər. Amma özündən nəinki 9 yaş, 20 yaş böyük qadınla ailə həyatı quranlar da var. Əsas məsələ isə onların böyük bir yeri hasarladıb, özlərinə qəbir qazdırıb heykəl qoydurmalarıdır. Görünür ki, geoloqlar qazıntı işlərinə fundamental yanaşırlar. *** Amma Hacı Sabir adlı şəxs geoloq olmasa da, onlardan geri qalmır. Məzarlığın girişində sağda özünə qara daş qoydurub. Nə doğum, nə ölüm tarixi, nə baş daşında şəkli var. Yasin oxuyanların dediyinə görə, bu adam da həyatdadır və öz qəbrini qazdırıb.
Onun yaxınlığındakı məzarda təkcə soyadı yazılmış T.Adilovanın qəbir daşı var. Bu xanımın da ölümüylə dünyaya göz açmasının vaxtı bilinmir. Maraqlıdır ki, onun qəbrinin üstündə qərənfil var idi. Mollalar danışırlar ki, Azərbaycanda özünə yer götürüb qəbir qazdırmaq ənənə halını almaqdadır. Buna bir səbəb Bakıdakı qəbiristanlıqlarda yerlərin getdikcə azalması, qiymətlərin qalxmasıdırsa, başqa bir səbəb öz yaxınlarına etibarsızlıqdır. Ona görə də imkanı olan adamlar o dünyadakı evlərini də tikdirirlər. Üstəlik, onlar pul verib böyük bir ərazini hasarlayır, mərmər döşətdirirlər. Misal olaraq, Əbülhəsən Mahmudov və Əzizə Məmmədovanın məzar yerlərini göstərmək olar. Hər iki mərhumun qəbir yerinə baxanda elə bir fikir formalaşır ki, sanki böyük bir pir yaradılıb.Məzarlığa girişdə də bir yer saxlamayıblar. Kimisi özünə diri ikən qəbir qazdırıb böyük bir yeri hasarladıb, kimisi də hər tərəfini mərmər edərək azı iki ölünün yerini darısqal edib. Ancaq bu dünyadan yarım metr kəfəndən başqa heç nə aparmaq olmur ki olmur... (bakupost)
Hər tərəfi qara və ağ mərmərlə hörülmüş, yerə də mərmər vurulmuş bu ərazidə azı daha 2-3 vəfat etmiş şəxsi dəfn etmək olardı. Amma pulu olanlar qəbiristanlıqda da boş yerləri zəbt edirlər. *** Qiymətlərə gəlincə, müxtəlif rəqəmlər var. Əvvəla II Fəxri Xiyabanda yalnız görkəmli xadimlər, tanınmış insanlar, şəhidlər və siyasət, elm adamları dəfn olunur. Amma kimin pulu varsa, o da fəxri mərhuma çevrilə bilər. Burada yer götürmək 4000-5000 min manatdır. O da Qurd qapısının boş qalan arxa massivinə aiddir. Girişə yaxın yer götürmək isə 7000 manatdan aşağı deyil. Rəsmi məlumata görə, hazırda I Fəxri Xiyabanda 251, II Fəxri Xiyabanda isə 500-dən artıq mərhum dəfn olunub. Amma bu rəqəm inandırıcı görünmür, çünki getdikcə qəbirlərin sayı sürətlə artır. .. (bakupost)