Yasamal sakinləri tikinti şirkətilə ÜZ-ÜZƏ - FOTOLAR

Yasamal sakinləri tikinti şirkətilə ÜZ-ÜZƏ

Yasamal rayonu, Şərifzədə 37 ünvanının sakinləri evlərinin sökülməsinə etiraz edirlər.

Sakinlər musavat.com-a bildiriblər ki, bu gün səhər saatlarında "Pilot Residense" tikinti şirkətinin əməkdaşları əraziyə gəlib, söküntü işlərinə başlamaq istəyiblər. Lakin sakinlərin etirazı səbəbindən onlar ərazidən uzaqlaşıblar.

Hadisə yerində olduğumiz zaman müşahidə etdik ki, ərazidə heç bir söküntü işi aparılmasa da, söküntüsü nəzərdə tutulan evlərin qarşısından keçən yol qazılıb. Sakinlər bildirdilər ki, şirkət burada çəpər çəkməyi planlaşdırır.
Sakin Bəhruz Eyvazov musavat.com-a bildirib ki, öncədən heç bir xəbərdarlıq etmədən 24 evi sökmək istəyiblər: "Buradakı bütün evlər sənədlidir və 1950-55-ci illərdə tikilib. Hamısı da fərdi yaşayış evidir və qəzalı deyil. Çünki hər kəs öz evini lazım olanda təmir etdirir. Camaat niyə qəzalı evdə yaşasın? Bizə deyirlər ki, evinizi söküb, sizə 2 il başqa yerdə kirayə yaşamanız üçün aylıq ödəniş edəcəyik. Daha sonra tikilən binadan mənzil verəcəyik. Biz isə bununla razılaşmırıq. Bizim fikrimizə baxan yoxdur. Söküntü işinə başlamaq istəyirlər. Əllərində sərəncam belə, yoxdur. Hansı haqla evimizi sökürlər? Biz mənzilimizi tərk etməyəcəyik".
Sakin Səadət Hacıyeva da bildirdi ki, söküntü işləri qanunsuz olaraq aparılır: "Deyirik ki, sökməyin. Bizə cavab verirlər ki, işığınızı, qazınızı kəsməmiş razılaşın. Burada camaatın mağazası da var. Camaat oradan pul qazanıb, ailə dolandırır. Bunlar o mağazaları da sökürlər. Deyirlər ki, mağazaların qarşısından çəpər çəkəcəyik. Artıq yolu da qazıb, işə başlayıblar".
Digər sakinlər də oxşar fikirlər səsləndirdilər. Onlar bildirdilər ki, səhər küçəyə çıxanda küçədə söküntü işlərinin getdiyini görüblər. Səbəbini soruşanda, evlərin qəzalı vəziyyətdə olmasını və buna görə də pilot layihəyə düşdüyünü deyiblər.
Səslənən fikirlərə münasibət almaq üçün "Pilot Residense" şirkətinin ofisində də olduq. Ofisdəki əməkdaşlar söküntü işlərini onların apardığını təsdiqlədilər və bildirdilər ki, müdiriyyət işdə deyil. Ona görə də, əlavə fikir bildirməyəcəklər.

Fikirlər