Akademik Ziya Bünyadov da səhv EDƏRMİŞ...

Azərbaycan SSR Elmlər Akademiyasının aspiranturasında oxuduğum illərdə attestasiya zamanı ən çöx ehtiyat etdiyimiz akademik Ziya Bünyadov idi.

Sonralar Ziya Bünyadovla dostlaşdıq. Görkəmli alimi dostumuz Faiqin köməyiyi ilə  Elxan Əmirvəyovun direktor olduğu Araz Ekologiya Liseyinə  şagirdlərin görüşünə dəvət etdik.

Maraqlı söhbətimiz alındı. Bir yerdə şəkil çəkdirdik. Yenə də ehtiyat edib, dərin söhbətlərə meydan açmadıq.

Söhbət zamanı  akademik əlimdəki "Qirmızı terror " kitabını görüb söhbətin məcrasını dəyişdi. Kitabın yazılması zamanı arxivlərdə rastlaşdığı hələ çap olunmamış materiallardan söz açdı. (Kitabı alimlə görüşə avtoqraf yazdırmaq üçün aparmışdım. Amma ehtiyat edib, bu fikrimdən daşındım ki, birdən yersiz söz-söhbət yaranar).

O görüşün şəkilləri ,yəqin ki, E.Əmirbəyovda qalıb.

Yeri gəlmişkən qeyd edim ki, Ekologiya Liseyinin 10-15 müəllimi Akademiyanın kadrları idi: dilçi İsmayıl Məmmədov, kimyaçı Vəli Əliyev, Mahmud Kərimovun dostu Valentin Kojarin,  sənətşünas Cəmilə müəllimə və başqaları.

Biz o vaxtlar respublikamızın ilk fərqli məktəblərindən birini açanda akademiya ilə ciddi əlaqələr qurmağı planlaşdırmışdıq.

Liseyə işləməyə dəvət etdiyimiz  alimlərin  hamısı Z.Bünyadovun xasiyyətinə bələd idi. Ziya Bünyadov hamımızın sevimlisi idi. 

İndi mən inaha bilmirəm ki, Ziya Bünyadov Abdülbaqi Gölpinarlını  yaxşı tanımırmış.

A.Gölpinarlı əslən Azərvaycandandır, atası Şəkidəndir. A. Gölpinarlı Azərbaycan ədəbiyyatının görkəmli tədqiqatçılarından olub.Nəsimini, M.Füzulini, Molla Nəsrəddini tədqiq edib, onların Türkiyədə tanınmasında əhəmiyyətli elmi işlər görüb.

Mən son 2-3 il ərzində A.Gölpinarlının  həyat və yaradıcılığı haqqında 10-15 məqalə yazmışam. Məqsədim unudulmuş, yaddan çıxmış dünya şöhrətli ədəbiyyatşünas alimi həmyerlilərnə, Azərbaycana tanıtmaq olub.

A.Gölpinarlı Azərbaycanda yaxşı tanınan  professor Fuad Köprülüzadənin rəhbərliyi ilə elmi əsərlər yazıb. Sonralar onlar elmi yaradıcılıqlarındakı fikirlərə görə əqidə dostluğundan uzaqlaşıblar.  

 A.Gölpinarlı haqqında yazdığım məqalələr Azərbaycan və Türkiyə mətbuatında işıq üzü görüb. Təəssüf ki, nə Şərqşünaslıq İnstitutu , nə də Ədəbiyyat İnstitutu bu yazılara reaksiya verib. Vaxtilə "Ədəbiyyat qəzeti"nin redaktoru olan  Vəfalı Ayaz müəllim də  A.Gölpinarlı haqqında  yazdığım yazını 2 il arxivində bərk-bərk saxladı, nədənsə, çap etməyə cəhd göstərmədi. Amma sonralar bu mövzuda dostlarımızdan birinin yazısını oxuculara  çatdırdı.

 Ayaz müəllimin dediyinə görə o, Füzuli haqqında tədqiqatında  A.Gölpinarlının adını çəkib. Amma  burada  da  A.Gölpinarlını məhz Türkiyə alimi kimi tanıdılıb.

Hə...Yenə də qayıdıram elminə, biliyinə inandığımız və güvəndiyimiz  akademik Ziya Bünyadov və A.Gölpinarlı məsələsinə.

Ziya müəllim Nəsimi haqqında  yazdığı çox möhtəşəm  məqaləsində (Məqalə akademikin ölümündən bir neçə il sonra çap edilib)  A.Gölpinarlı oxuculara Türkiyə alimi kimi tanıtmışdı. Doğrudanmı, yerin altını da, üstünü də bilən Z.Bünyadov Abdülbaki Gölpinarlının əslən Azərbaycanlı olduğunu bilmirmiş? İnanmıram...

 

Nazim Nəsrəddinov,
Azərbaycan Respublikasının əməkdar müəllimi

 






Fikirlər