Azərbaycanda nağd alış-verişə SON QOYULUR
Azərbaycanda nağdsız hesablaşmalar sisteminin inkişafı üçün POS-terminallarda bank kartları ilə ödəmə zamanı ƏDV-yə (ƏDV 18% təşkil edir) diferensiallaşmış verginin tətbiqi istisna olunmur. Bu barədə Sputnik Azərbaycan-a hökumətdəki məlumatlı mənbə məlumat verib. Hazırda Milli Məclisdə Azərbaycanın 2018-ci il büdcəsinə və respublikanın Vergi Məcəlləsinə dəyişikliklərə baxılır. Qeyd edək ki, 2016-cı ildə Vergi Məcəlləsinə 201 dəyişiklik edilib. Onlardan 123 maddə vergi idarələri, 34-ü vergi ödəyicilərinin hüquqlarının genişləndirilməsi, 8-i vergi güzəştləri və vergidən azad edilmə ilə bağlıdır. Mənbənin sözlərinə görə, hökumətin iqtisadi blokunun strukturları arasında ƏDV-nin diferensiallaşması imkanları barədə danışıqlar gedir. Əgər razılıq əldə olunsa, sənəd Nazirlər Kabinetinin müzakirəsinə təqdim olunacaq. "Söhbət ondan gedir ki, POS-terminallarda bank kartları vasitəsilə ödəniş edilsə, ƏDV iki dəfə aşağı düşəcək, yəni 9% olacaq" — deyə mənbə bildirib. "Hələ ki, parlamentdə ƏDV-nin aşağı salınması müzakirə edilmir, amma bu, nəzəri cəhətdən mümkündür". Bunu Sputnik Azərbaycan-a Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin üzvü Rüfət Quliyev deyib. Onun sözlərinə görə, məsələ ondadır ki, Azərbaycanda ödəniş kartlarının tətbiqi tempi qeyri-qənaətbəxşdir. "Bizdə hesablaşmaların ödəniş kartları vasitəsilə aparılması aşağı səviyyədədir. Ona görə də, nağdsız hesablaşmaların stimullaşdırılması üçün vergi dərəcələrinin aşağı salınması məsələsinin qaldırılması istisna deyil" — deyə Quliyev bildirib. Deputatın sözlərinə görə, bir sıra Avropa ölkələrində, misal üçün İslandiya və İrlandiyada nağd pul demək olar aradan qalxıb və istifadə olunmur. Çünki adamların bank kartları var və alış-verişi onun vasitəsilə həyata keçirirlər. "ƏDV-nin yarıbayarı azadılmasına çox yaxşı münasibət bəsləyirəm. Çünki bu, insanların ödəniş kartlarından istifadəsini stimullaşdıracaq. Eyni zamanda, bu addım həm dövlət, həm də alıcılar üçün əlverişlidir" — deyə Quliyev bildirib. AR Mərkəzi Bankının məlumatlarına görə, bu ilin avqust ayının yekunlarına görə, ödəniş kartları vasitəsilə 1.240 milyard manat həcmində 8,088 milyon transaksiya həyata keçirilib. Bundan 4,809 milyon transaksiya bankomatlar vasitəsilə həyata keçirilib ki, həmin vəsaitlərin də miqdarı 906 milyon manat olub. Kart hesablarına yerləşdirilmiş vəsaitlərin 73%-ni vətəndaşlar nağdsız ödəniş infrastrukturundan istifadə etməyərək nağd formaya keçirirlər. Mərkəzi Bankın statistik məlumatlarına görə, 2017-ci ilin 8 ayı ərzində bankomatların sayı 41 ədəd artaraq 2495 ədədə çatıb. Sözügedən dövrdə POS-terminalların sayı 3369 ədəd azalıb və bu aparatların sayı 68,439 ədəd təşkil edib.