Bu gün yanvarın 16-da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) ali məktəb tələbələri arasında futzal üzrə idman yarışının, “Nə? Harada? Nə zaman?” intellektual oyunun qaliblərinin, “İlin peşəkar gənci” müsabiqəsinin fəal iştirakçılarının, 2017-ci ildə müxtəlif elm, mədəniyyət və idman üzrə beynəlxalq səviyyəli tədbirlərdə uğurlar qazanmış bir qrup gəncin mükafatlandırılması mərasimi keçirilib.
Mərasimi AHİK-in sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev açaraq Azərbaycanda həyata keçirilən uğurlu gənclər siyasətindən danışıb, əldə olunan nailiyyətlərdən bəhs edib.Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin əhəmiyyətindən danışıb, Ulu Öndərin ideyalarının Prezident İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirildiyini vurğulayıb. Dövlətimizin başçısının təhsilə, mədəniyyətə, idmana daim böyük önəm verdiyini deyən AHİK-in sədri diqqətə çatdırıb ki, müvafiq sahələrdə qazanılan nailiyyətlər ildən-ilə artır.
Rəhbərlik etdiyi qurumun fəaliyyətindən danışan S. Mehbalıyev bildirib ki, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi tələbə və gənclərin hərtərəfli inkişafı üçün müxtəlif tədbirlər reallaşdırır.
Tədbirdə məlumat verilib ki, AHİK 2017-ci ilin sonunda ali məktəb tələbələri arasında futzal idman yarışı, “Nə? Harada? Nə zaman?” intellektual oyunları keçirib və qaliblər müəyyənləşdirilib. Hər iki tədbirdə Bakı, Gəncə, Sumqayıt, Mingəçevir və Lənkəran şəhərlərindən iyirmi ali məktəbin tələbələri iştirak ediblər. Futzal üzrə yarışlarda Azərbaycan Memarlıq və İnşaat Universiteti birinci, Gəncə Dövlət Universiteti ikinci, Bakı Mühəndislik Universiteti üçüncü yeri qazanıb.
“Nə? Harada? Nə zaman?” intellektual oyununda birinci yeri Bakı Mühəndislik Universitetinin tələbələri, ikinci və üçüncü yerləri Azərbaycan Dövlət İqtisad Universiteti və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbələri tutublar.
Tədbirdə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin Rəyasət Heyətinin qərarı əsasında keçirilmiş "İlin peşəkar gənci" müsabiqəsinin fəal iştirakçıları da mükafatlandırılıblar.
Mükafatçılar sırasında gənc yaşlarında müəllim peşəsində uğur qazanmış ümumi orta, orta ixtisas və ali təhsil müəssisələrinin 40 nəfər təhsil işçisi də vardır.
Bu günkü tədbirdə həmçinin 2017-cı ildə müxtəlif elm, musiqi və idman üzrə beynəlxalq tədbirlərdə uğur qazanmış bir qrup ali məktəb tələbəsi də mükafatlandırılıb.