Dünən Nizami Rayon İcra Hakimiyyətində “Bitməyən müharibənin qəhrəmanları” silsiləsindən Azərbaycanın Milli Qəhrəmanı Ərəstun İspəndi oğlu Mahmudova həsr olunmuş “Göylərdə döyüş” filminin təqdimatı keçirilib.
Tədbirdə YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva, Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov, Azərbaycan Mətbuat Şurasının üzvləri, şəhidin doğmaları və yoldaşları iştirak ediblər.
Tədbiri açan Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov Azərbaycanın Milli Qəhrəmanı Ərəstun Mahmudovun həyatından və keçdiyi döyüş yolundan danışıb. 28 yanvar 1992-ci ildə qəhrəmancasına həlak olan Ərəstun Mahmudova Azərbaycan Respublikası Prezidentinin 25 noyabr 1992-ci il tarixli 337 saylı Fərmanı ilə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verildiyini diqqətə çatdırıb. Həmçinin oxuduğu 220 saylı məktəb-liseyin Milli Qəhrəmanın adını daşıdığını və yaşadığı binanın önünə xatirə lövhəsi vurulduğunu bildirib.
Sonra torpaqlarımızın azadlığı uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov “Göylərdə döyüş” filmi haqqında məlumat verərək, Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə «Bitməyən müharibənin qəhrəmanları» silsiləsindən hazırlanmış filmin cəbhə xəttində həyatını itirmiş Azərbaycanın Milli Qəhrəmanı Ərəstun Mahmudovun keçdiyi ömür yolundan bəhs etdiyini diqqətə çatdırıb. Ə.Amaşov qeyd edib ki, filmin ssenari müəllifi Bəxtiyar Qaraca və rejissoru Kəmalə Mirzəyevadır. Mətbuat Şurasının layihəsi əsasında indiyədək bir neçə şəhid haqqında sənədli filmlər hazırlandığını və təqdim olunduğunu söyləyən Ə.Amaşov, belə filmlərin gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi baxımından çox əhəmiyyətli olduğunu bildirib.
Sonra Azərbaycanın Milli Qəhrəmanı Ərəstun Mahmudova həsr olunmuş “Göylərdə döyüş” filmi təqdim edilib.
Təqdimatdan sonra Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov, YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva, Rayon Ağsaqqallar Şurasının sədri Mayıl Əliyev çıxış edərək, bu filmin vətənpərvərlik tərbiyəsinin təbliğində çox əhəmiyyətli vasitə sayıla biləcəyini qeyd ediblər və çəkilişində əməyi olan hər bir insana, yaradıcı heyətin bütün üzvlərinə təşəkkürlərini bildiriblər. Natiqlər Vətən uğrunda şəhidlik zirvəsinə ucalanların qanlarının yerdə qalmayacağını, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında düşmənlərdən qisasın alınacağını, işğal altında olan torpaqların azad olunacağını əminliklə söyləyiblər və şəhidlərimizin xatirəsinin xalqımızın qəlbində əbədi yaşadığını vurğulayıblar.
Azərbaycan Mətbuat Şurasının üzvü, “İki sahil” qəzetinin redaktoru Vüqar Rəhimzadə və yazıçı-publisist Bəxtiyar Qaraca torpaqlarımızın mənfur düşmənlərdən azad edilməsi uğrunda şəhid olmuş qəhrəmanlarımızın keçdiyi döyüş yolunun gənc nəslə təbliğ edilməsinin qarşıda duran ən böyük məqsədlərdən biri olduğunu söyləyərək, belə filmlərin televiziya ekranlarında, orta məktəblərdə nümayiş etdirilməsinin vacibliyini vurğulayıblar.
Tədbirdə çıxış edən Azərbaycanın Milli Qəhrəmanı Ərəstun Mahmudovun qızı Mehriban Mahmudova və pilot yoldaşı Bayram Muxtarov öz xatirələri ilə bölüşərək, torpaqlarımızın azadlığı uğrunda şəhid olanların göstərdikləri qəhrəmanlıqların gələcək nəsillər üçün bir örnək olduğunu söyləyiblər.
Tədbirin sonunda şagirdlərin ifasında vətənpərvərlik mövzusunda ədəbi-bədii kompozisiya nümayiş edilib.
"AzerTaym.az"
Fikirlər