15 fevral 2018-ci il tarixində Xocalı soyqırımının 26-cı ildönümü münasibətilə 129 №-li tam orta məktəbdə ümumrayon tədbiri keçirilib.
Tədbirdə Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova, Xocalı Rayon İcra Hakimiyyəti başçısının müavini Vahid Əliyev, Nizami Rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları, “Erməni Təcavüzünün Tanıdılması” İctimai Birliyinin sədri Səriyyə Müslümqızı, rayon ictimaiyyətinin nümayəndələri, müəllimlər və yeniyetmə-gənclər iştirak edib.
İlk öncə Xocalı faciəsinin qurbanlarının və torpaqlarımızın azadlığı uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra “Erməni Təcavüzünün Tanıdılması” İctimai Birliyinin sədri, jurnalist Səriyyə Müslümqızının Xocalı faciəsinə həsr etdiyi “Xocalıdan əsən yellər” adlı sənədli filminin təqdimatı olub.
Filmin təqdimatından sonra 129 №-li tam orta məktəbin şagirdləri tərəfindən hazırlanmış ədəbi-bədii kompozisiya nümayiş etdirilərək Xocalı faciəsi barədə Azərbaycan, rus və ingilis dillərində məlumatlar verilib.
Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova, Xocalı Rayon İcra Hakimiyyəti başçısının müavini Vahid Əliyev, “Erməni Təcavüzünün Tanıdılması” İctimai Birliyinin sədri Səriyyə Müslümqızı, 129 №-li tam orta məktəbin direktoru Esmira Quliyeva, 129 №-li tam orta məktəbin müəllimi Svetlana Əmirova Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı ermənilərin etnik təmizləmə siyasəti olaraq Xocalı şəhərində sakinlərə qarşı törədilmiş soyqırım aktının Azərbaycan xalqının yaddaşına qanlı səhifə kimi yazıldığını, soyqırım nəticəsində 613 nəfər dinc sakininin vəhşicəsinə öldürülməsinin dünya tarixində görünməmiş bəşəri cinayət kimi qiymətləndirildiyini qeyd ediblər.
Natiqlər hər il bu müdhiş faciənin ildönümünün ölkəmizdə, dünyanın müxtəlif yerlərində yaşayan soydaşlarımız və dost xalqların nümayəndələri tərəfindən yad edildiyini, Xocalı qətliamı qurbanlarının əziz xatirəsinin anıldığını, ermənilərin vəhşiliklərini əks etdirən fotoşəkil və filmlərin nümayiş etdirildiyini, dünya ölkələrinin nüfuzlu qəzetlərində faciəyə həsr olunmuş məqalələrin çap olunduğunu, televiziya və radio kanallarında verilişlərin yayımlandığını söyləyiblər. Eyni zamanda, Xocalı qətliamının təqsirkarlarının haqlı cəzalarına çatacağına, Azərbaycan xalqının işğal altındakı bütün torpaqlarının yağı düşməndən tezliklə azad ediləcəyinə, əzəli torpaqlarımızdan didərgin düşmüş həmvətənlərimizin öz ata-baba yurdlarına qayıdacaqlarına və ölkəmizin ərazi bütövlüyünün bərpa olunacağına əminliklərini ifadə ediblər.
AzerTaym.az