Əli Həsənov: "AZƏRBAYCAN Cənubi Qafqaza sülh, BARIŞ GƏTİRMƏK istəyir"

Əli Həsənov: "Azərbaycan Cənubi Qafqaza sülh, barış gətirmək istəyir"

Bu il Azərbaycan Xalq Cümhuriyyətinin 100 ili tamam olur. Əlbəttə ki, bu 100 illik bizim dövlətçilik tariximizin kiçik bir parçasıdır. Bu gün ermənilər bundan da istifadə edib anti-Azərbaycan siyasəti həyata keçirilər. Deyirlər ki, Azərbaycanın cəmi 100 illik dövlətçilik tarixi var və guya biz İrəvan xanlığının ərazisinə iddia irəli sürürük.

Axar.az xəbər verir ki, bu sözləri Prezidentin köməkçisi, Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov Avropa Azərbaycanlıları Konqresinin Amsterdamda keçirilən qurultayındakı çıxışında bildirib. Ə.Həsənov qeyd edib ki, Azərbaycanın çox qədim dövlətçilik tarixi var:

“Sasanilər imperiyası dövründən Azərbaycan ərazisində şimallı-cənublu, o cümlədən, Avrasiya ərazisində mövcud olan mərkəzləşmiş Azərbaycan Səfəvilər dövləti olub. Avropada mərkəzləşmə hərəkatı 16-cı əsrdən başlayıb, 18-ci əsrdə tamamlanıb, amma bizdə mərkəzləşmə 16-cı əsrdə artıq tamamlanmışdı, mərkəzləşmiş türk-Azərbaycan dövləti - Səfəvi dövləti var idi.

Yəni biz Azərbaycan dövlətçilik tarixini deyil, respublika tarixinin 100 illiyini qeyd edirik. Bu baxımdan da ilki biz yaratmışıq. Bütün müsəlman dünyasında cümhuriyyəti, ilk demokratik respublikanı biz qurmuşuq. AXC 1918-ci ildə yarandı və 23 aydan sonra süqut etdi. Bundan sonra bu dövlətin ideyaları üzərində böyük Atatürk Türkiyə Cümhuriyyətini qurdu və AXC-nin başlayıb sona çatdıra bilmədiyi ideyalar Türkiyə Cümhuriyyətində davam etdirildi. Biz bunun 100 illiyini qeyd edirik”.

Prezident köməkçisi qeyd edib ki, diaspor qurumları dövlətçiliklə bağlı yaxşı nümunələri, yazıları, tarixi araşdırmaları, milli elita nümayəndələrinin çıxışlarını, bəyanatlarını yaşadıqları ölkələrdə yaymalıdır:

“Yaşadığı və vətəndaşı olduğu ölkələrdə Azərbaycan dövlətçiliyinin tarixinin tanıdılması və müvafiq dəyərlərinin təbliğ olunması üçün öz imkanlarınızdan istifadə etməlisiniz. Azərbaycan mediasında Azərbaycan dövlətinin maraqları barədə yazılar, dövlət rəsmilərinin müsahibələri, ziyalılarımızn, ayrı-ayrı politoloqların, millət vəkillərinin çıxışları olur. Azərbaycanın qarşısında duran əsas öhdəliklər dövlətçiliyimizin qorunması, əbədiyaşar hala gətirilməsi, Azərbaycan dövlətinin iqtisadi-siyasi-sosial təhlükəsizlik maraqlarının təmin olunması, dövlətimizin maraqlarının xarici aləmin, o cümlədən, bizim tərəfdaşlarımızın maraqları ilə uyğunlaşdırılması, Azərbaycanın bölgənin aparıcı dövlətləri sırasında öz yerini möhkəmlətməsi üçün zamanın, qloballaşan dünyanın müasir çağırışlarına uyğun olaraq dünya enerji, nəqliyyat, kommunikasiya, logistika, informasiya, texnologiya və s. sahələrdə onun yerinin getdikcə möhkəmləndirilməsidir.

Bir sözlə, Azərbaycanın dövlət maraqlarını biz zaman-zaman mediada, mətbuat orqanlarında, televiziyalarda dövlət rəsmilərinin, bizim milli elita nümayəndələrinin dilindən səsləndiririk. Bu vəzifələrə müvafiq olaraq diaspor təşkilatları da öz fəaliyyətlərini qurmalıdır”.

Ə.Həsənov vurğulayıb ki, bu il Azərbaycan-Ermənistan münaqişəsinin 30 ili tamam olur:

“Bu ərəfədə, əlbəttə, işğalı, işğalın nəticələrini dünyada təbliğ etməlisiniz ki, Azərbaycan Cənubi Qafqaza sülh, barış gətirmək istəyir. Azərbaycan özünün enerji, nəqliyyat, kommunikasiya siyasətini təkcə Azərbaycan xalqının maraqları, firavan həyatı üçün istifadə etmir, o cümlədən, digər bölgə ölkələrinə, elə Ermənistana da - işğal siyasətindən əl çəkəcəyi təqdirdə - şərait yaratmaq istəyir. Biz bölgəyə iş yerləri, firavan həyat, əmin-amanlıq, barış gətiririk, ermənilər isə müharibə, fəlakət, qarşıdurma gətirir.

Bunlar təbliğ olunmalıdır. Ermənilərin militarist siyasəti bizi bəzən məcbur edir ki, dinc məqsədlər üçün istifadə edəcəyimiz vacib maliyyə vəsaitini silahlanmaya yönəldək. Çünki Azərbaycanın təhlükəsizliyi bizim üçün önəmli məsələdir”.

Ə.Həsənov diaspor nümayəndələrinə ünvanlanan çıxışında bu istiqamətlər üzrə təbliğat aparılmasının vacibliyini bildirib.






Fikirlər