EKS NAZİR və komitə sədrlərindən KİMLƏR YENİ TƏYİNAT ala bilər
Ramiz Həsənov nazir müavini postuna təyin edildi; vurulan sabiqlər üçün isə bu variant real deyil Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin keçmiş sədri Ramiz Həsənov xarici işlər nazirinin müavini vəzifəsinə təyin edilib. Xatırladaq ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi 20 aprel 2018-ci ildə Azərbaycan Prezidentinin fərmanı ilə ləğv edilib. Məlumat üçün bildirək ki, bu təyinatadək Azərbaycan Xarici İşlər Nazirliyi başçısının 5 müavini var idi: Araz Əzimov, Xələf Xələfov, Mahmud Məmmədquliyev, Hafiz Paşayev və Nadir Hüseynov. Qeyd edək ki, R.Həsənov komitə sədri təyinatından əvvəl Azərbaycanın Gürcüstandakı səfirliyinə başçılıq edib. Yəni onun diplomatiya, xarici siyasət sahəsində təcrübəsi var. Maraqlıdır ki, bundan əvvəl də vəzifəsindən azad edilən bir sıra məmurlar müxtəlif strukturlarda müavin, yaxud hansısa ölkələrdə səfir postuna təyin olunublar. Məsələn, keçmiş kənd təsərrüfatı naziri İsmət Abbasov nazir vəzifəsindən azad olunaraq baş nazirin müavini təyin olunmuşdu. Yaxud keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Əli Nağıyev Özbəkistana səfir göndərilmişdi və sair. Budəfəki prezident seçkilərindən sonra 3 nazir və daha 3 nazirə bərabər tutulan məmur vəzifəsini itirdi. Nazirlər arasında vəzifəsindən könüllü uzaqlaşdığına dair məlumat yayılanı yeganə olaraq sabiq ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov oldu. O, yerinə təyin olunan nazirin kollektivə təqdimatı mərasiminə qatılmaqla vəzifədən özü getdiyini, üzvü olduğu hakimiyyət komandasından vurulmaqla uzaqlaşdırılmadığını isbatlamış oldu. Bu baxımdan, H.Bağırovun öz istəyinə uyğun vəzifə ilə təmin olunması heç də təəccüb doğurmaz.
Seçkilərdən sonra vəzifəsindən məhrum olanların bəziləri isə ciddi tənqid atəşinə tuş gəldilər. Bu baxımdan, ən kəskin fikirlər Diasporla İş üzrə Dövlət Komitəsinin, bir də Dövlət Miqrasiya Xidmətinin rəhbərlərinin ünvanına səsləndirildi. Belə ki, hər iki şəxsin xələfini kollektivə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev təqdim etdi. Və təqdimat mərasimlərində hər iki sahədə ciddi problemlərin olduğunu, korrupsiya, vəsaitlərin təyinatından yayındırılması hallarına yol verildiyini bildirdi. Bu amil göstərir ki, Nazim İbrahimov və Firudin Nəbiyevin yenidən bu hökumətdə hansısa vəzifə almaq şansları demək olar ki, yoxdur. Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sabiq sədri Əli Həsənov bu vəzifədən alınsa da, baş nazirin müavini postunu saxlaya bilib. Bakı Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Hacıbala Abutalıbov da yenidən əvvəlki postuna - baş nazirin müavini vəzifəsinə qaytarılıb. Seçkilərdən sonra vəzifəsini itirən sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun da yenidən hansısa posta gətirilməsi bir xeyli çətin görünür. Belə ki, onun özü üçün də çox gözlənilməz olduğu deyilən gedişindən sonra məlum olub ki, rəhbərlik etdiyi nazirlikdə ciddi yoxlamalar başlanıb. Xüsusilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunda Hesablama Palatası tərəfindən aparılan yoxlamalar zamanı ciddi qanun pozuntuları aşkarlanıb. Hazırda bu yoxlamalar davam etdirilir. Xatırladaq ki, bir müddət öncə özəl mənbələrdən “Yeni Müsavat”a daxil olan məlumatda Sosial Müdafiə Fondunda 2-2,5 milyard manata yaxın vəsait itkisinin aşkarlandığı bildirilmişdi. Hesablama Palatasının açıqladığı pozuntular göstərir ki, bu məlumat reallıqdır. Bütün bunlar isə deməyə əsas verir ki, S.Müslümovun hətta təskinlik üçün olsa belə, yenidən hansısa vəzifəyə gətirilməsi çətin məsələdir. Yenidən vəzifə təyinatı qeyri-mümkün görünən daha bir sabiq məmur Kənd Təsərrüfatı Nazirliyinin başından alınan Heydər Əsədovdur. Son 5 ildə ən önəmli qurumların birinə rəhbərlik edən cənab Əsədovun vəzifədən alınacağı əvvəlcədən proqnozlaşdırılırdı. Nazirlik sistemində korrupsiya və rüşvətxorluq halları ilə bağlı məlumatların yayılması, kənd təsərrüfatı istehsalçılarının qurumdan narazılığının getdikcə artması kimi amillər H.Əsədovun ölkə iqtisadiyyatının əsas prioritetlərindən biri olan aqrar sektora layiqincə rəhbərlik edə bilmədiyini göstərirdi. Qeyd etmək yerinə düşər ki, Azərbaycanda bəzən cəmiyyət üçün xeyli gözlənilməz olan kadr təyinatları baş verir: vəzifəsindən alınan birisi başqa bir yüksək posta gətirilir. Bu baxımdan, hətta indi işdən çıxarılan məmurların bir qədər sonra hansısa vəzifəyə təyinat alması mümkündür. Bir şərtlə ki, həmin şəxs vəzifəsindən vurulmadan getmiş olsun...