“XƏYANƏT və RÜŞVƏT BAĞIŞLANMAYACAQ!” – Komitə sədrindən qəribə XƏBƏRDARLIQ

sefer

“Xəyanət və rüşvət bağışlanmayacaq. Kim korrupsiyaya cəhd edirsə və rüşvət alıb rüşvət verirsə həmin şəxslər cəzalandırılacaq”.

Bu fikirləri Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev bu gün keçirilən mətbuat konfransında deyib. O, eyni zamanda rüşvət vermək istəyənlərin də məsuliyyətə cəlb ediləcəyini bildirib.

Mətbuat konfransında çıxış edən Komitənin daxili təhlükəsizlik idarəsinin rəisi Fuad Qasımov deyib ki, 4 fakt üzrə 5 əməkdaş barədə Baş Prokurorluğunun Korrupsiyaya qarşı Mübarizə İdarəsində cinayət işi açılıb: “Komitənin daxili istintaq idarəsində kemidirdiyimiz 5 fakt üzrə 4 əməkdaş barəsində araşdırma aparılıb. 9 nəfər işdən xaric edilib. 4 nəfər tutduğu vəzifədən azad olunub. 6 nəfərin vəzifəsi aşağı salınıb. 47 nəfər son şiddətli töhmət verilib. 113 nəfərə töhmət verilib. 20 nəfərə irad bildirilib. 228 nəfər barəsində isə tənbeh tədbiri seçilib”.

Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev “Gömrük orqanlarında aparılan islahatlar və nəticələr” mövzusunda keçirilən mətbuat konfransında sərhəd keçid məntəqəsində sıxlığın aradan qaldırılması məsələsinə də toxunub: “”Sınıq Körpü” sərhəd keçid məntəqəsində Ticarətin Asanlaşdırılması Mərkəzi tikilir.  Bu ayın sonunda həmin mərkəz istifadəyə veriləcək.  Bu yeni bir modeldir. Hesab edirik ki, bundan sonra həmin mərkəzin vasitəsilə sözügedən məntəqədə sıxlığın aradan qaldırılması prosesi baş tutacaq”.

O bildirib ki, 8 ay ərzində komitədə bir sıra struktur islahatları aparılıb: “Bu çərçivədə iki yeni baş idarə yaradıldı. Bu da kadr çatışmazlığının aradan qaldırılmasına xidmət etdi. Hava Nəqliyyatında Baş Gömrük İdarəsi  1 milyon 500 min insana xidmət göstərib.  Bu da son illərdə rekord göstərici hesab oluna bilər.Təkcə ” Qırmızı körpü” sərhəd keçid məntəqəsində gün ərzində 17 min rezident və qeyri-rezidentə xidmət göstərilib”.

S.Mehdiyev qeyd edib ki,  8 ay ərzində 250 gənc kadr işə götürülüb: “Bu müddətdə həmçinin 6155 min hüquqpozma faktı qeydə alınıb. Bunlardan 458-i  cinayət xarakterli olub. Bu da 6 milyon 135 min manat məbləğində vəsait təşkil edib.  Həmçinin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 150 fakt qeydə alınıb.  Bu da 1 ton 19 kq 906 qram narkotik vasitə deməkdir.  169 nəfər narkotik vasitə keçirən şəxs tutulub. Onlardan 132-si  Azərbaycan vətəndaşı, 37-si isə əcnəbi olub”. 

Komitə sədri həmçinin əlavə edib ki, struktur islahatları komitədə ixtisara səbəb olmayıb: “Sadəcə təkrarlamalar aradan qaldırılıb”.

****

Gömrük Komitəsi sədrinin öz əməkdaşlarına “xəyanət və rüşvət” xəbərdarlığı maraq doğurur. Rüşvət, korrupsiya məsələsini anlamaq çətin deyil. Bəs XƏYANƏT xəbərdarlığı nə deməkdir? Bir gömrük işçisi kimə və necə xəyanət edə bilər? Burda xalqa, dövlətə, yoxsa rəhbərliyə XƏYANƏTDƏN söhbət gedir? 

Hər 2 halda bu xəbərdarlıq o qədər də yerinə düşmür. Dövlətə xəyanət, əlbəttə ki, ən ağır cinayət sayılır və təbii olaraq Gömrük Komitəsi rəhbərliyinin bu halda hansısa bağışlamasından söhbət gedə bilməz.

Rəhbərliyə sədaqət və xəyanət məsələsinin isə belə açıq şəkildə qoyulması çoxlu suallar doğurur. Məsələn, sual oluna bilər ki, bir gömrük işçisi rəhbərliyə necə xəyanət edə bilər? Bəli, əvvəllər xəyanət məsələsi aktual ola bilərdi. Lakin indi şərait dəyişib axı. Hazırda Gömrük Komitəsində hansısa gizli sövdələşmələr, monopoliya, “qara kassa”, paket kimi hallar yoxdursa, deməli xəyanət mühiti də olmamalıdır. 

Görünür hörmətli komitə sədri XƏYANƏT xəbərdarlığını köhnə alışqanlıqdan dolayı dilə gətirib… 






Fikirlər