Cahangir Hacıyevlə bağlı müəmma-acdır, yoxsa BLEF edir..
Yaxınları iddia edir ki, sabiq bankirə təzyiq var, Penitensiar Xidmət təkzib edir Azərbaycan Beynəlxalq Bankının (ABB)İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyevin bacısı Əminə Hacıyeva mediaya açıqlamalarında iddia edir ki, qardaşını həbsdə ac saxlayırlar. “Sentyabrın 12-dən ona aparılan bağlama istintaq orqanının göstərişi ilə qəbul edilmir. Faktiki, qardaşımı ac saxlayıb ona işgəncə verirlər. 19 sentyabrda bir daha yemək apardıqda bildirdilər ki, guya Cahangir Hacıyev özü ərizə yazaraq, yeməkdən imtina edib. Yeməyi qəbul etmədilər. Biz vəkil Aqil Layıcdan xahiş etdik ki, gedib onunla danışsın, aclıq aksiyasının qarşısını alsın. Elə bilirdik ki, 15 sentyabrdan Cahangir Hacıyev aclıq aksiyası keçirir. Lakin məlum oldu ki, onu yeməkdən, həm də ailə üzvləri ilə telefon danışığından məhrum ediblər. Vəkil qardaşımla görüşəndən sonra bəlli oldu ki, o, yeməkdən imtina etməsi haqda ərizə yazmayıb, onu cəza olaraq, aclığa məhkum ediblər”. Bacısının sözlərinə görə, C.Hacıyev haqqındakı 360 cildlik, 100 min səhifədən çox cinayət işi ilə tanış olmaq üçün kifayət qədər vaxt istəyir, istintaq orqanı razılaşmır: “Təsəvvür edin, 360 cildlik iş, hər cilddə də 300 səhifə var. Bunu bir neçə günə bitirmək mümkündürmü? Şəxs öz hüquqlarından istifadə edəndə onu cəzalandırarlarmı?!” Vəkil Aqil Layıcov sentyabrın 22-də facebook səhifəsində ona qarşı təzyiqlər, hədə-qorxu barədə fikirlərini paylaşıb: “Həbsdə camaatın yanına yeməyini, əsas dərmanlarını buraxma, həmin şəxsi ac saxla, faktiki aclığa məhkum et, sonra da olanları vəkilin üstünə at, vəkilə hədə-qorxu gəl. Uzaqbaşı, vəkilliyi əlimdən alacaqsınız, qorxum yoxdur. Sanki şəxsi aclığa və xəstəliyə düçar edən vəkillər imiş. Sonra da şəxsin vəziyyəti pisləşəndə vəkildən yardım istə. Elə bil, vəkilin yemək buraxmamaq, sovqat qəbul etmək və ya etməmək kimi səlahiyyətləri var. Ayıbdır və artıq kulminasiya nöqtəsidir...” A.Layıcov AzadlıqRadiosuna bu yazıda söhbətin konkret hansı dustaq və vəkilindən getdiyini də açıqlamaq istəməyib. Ancaq yazının məzmunundan söhbətin onun özündən və müvəkkili olan Beynəlxalq Bankın sabiq rəhbəri Cahangir Hacıyevdən getdiyi ehtimal olunur. “Uzaqbaşı, vəkilliyi əlimdən alacaqsınız” cümləsi məhz onun özünün təzyiqlərlə üzləşdiyini deməyə əsas verir. Radionun əldə etdiyi məlumata görə, A.Layıcov Vəkillər Kollegiyasından uzaqlaşdırılmaq təhlükəsi ilə üzləşib və məqsəd də onu elə C.Hacıyevin işinə görə cəzalandırmaqdır. “Vəkillər Kollegiyası rəhbərliyinə A.Layıcovun cəzalandırılması üçün müraciət olunub. Cahangir Hacıyevlə bağlı yeni cinayət işinin istintaqında Aqil Layıcovun davranışı - müvəkkilinin mövqeyini müdafiə etməsi, geri çəkilməməsi istintaq orqanını narazı salıb. Ona görə kollegiya rəhbərliyinə şikayət olunub ki, onu cəzalandırsınlar”, - radionun əldə etdiyi məlumatda belə deyilir. A.Layıcov özü xəbəri nə təsdiq, nə də təkzib edib. Bildirib ki, bu barədə, ümumiyyətlə, danışmaq istəmir. Penitensiar Xidmət isə təcridxanada C.Hacıyevin təzyiqlərlə üzləşməsi, hüquqlarının pozulması barədə deyilənləri qəbul etmir. Qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov AzadlıqRadiosuna deyib ki, başqa məhkumlara münasibət necədirsə, C.Hacıyevlə də o cür davranılır: “Bizim üçün onun digər məhkumlardan fərqi yoxdur. Hamıya necə, ona da elə. O da daxili intizam qaydalarına əməl etməlidir. Qanunvericilikdə məhkumlar üçün nə qədər görüş, telefon danışığı nəzərdə tutulubsa, o da o qədər istifadə edir". M.Sadıqov əlavə edib ki, C.Hacıyev aclıq etsəydi, yəqin ki, Penitensiar Xidmətin bundan xəbəri olardı. Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri Anar Bağırov isə radioya bildirib ki, prokurorluqdan və ya DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən (C.Hacıyev haqqında cinayət işinin istintaqı bu idarədə aparılıb-red.) A.Layıcov barədə hər hansı şikayət daxil olmayıb: “Aqil Layıcovla bağlı bizdə başqa intizam işi var, uzun müddətdir araşdırılır. İntizam Komissiyası vəkilin özünün iştirakı ilə araşdırma aparır. Həmin şikayətin halları barədə məlumat verə bilmərəm. Çünki bu, vəkil sirrini təşkil edən məlumatlardır. Ancaq prokurorluqdan və ya Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən bizə onunla bağlı şikayət daxil olmayıb”. 2015-ci ilin dekabrında həbs edilən C.Hacıyev mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və başqa əməllərdə suçlanaraq, 15 il azadlıqdan məhrum edilib. Ancaq o, ittihamları qəbul etmir.