İran Azərbaycanda “təsir agentləri”ni NECƏ YETİŞDİRİR?!

İran Azərbaycanda “təsir agentləri”ni necə yetişdirir?

İran şiə məzhəbinin yayıldığı müxtəlif ölkələrdə dini-siyasi qruplaşmaların yaradılmasında adətən Livanda fəaliyyət göstərən və bu ölkədə, eləcə də Yaxın Şərqdə ciddi hərbi gücə çevrilən “Hizbullah” modelindən istifadə edir.

Əhalisinin əksəriyyəti şiə məzhəbinə inanan Azərbaycanda din üzərindən siyasi təşkilatlanma həyata keçirməyə, Azərbaycan dövlətinə qarşı dini-siyasi qruplaşmalar yaratmağa cəhd edən İranın “Hizbullah” modelini ölkəmizdə də tətbiq etmək planı sirr deyil. Hərçənd, Azərbaycanda “Hizbullah” qədər böyük qruplaşmanın yaradılması mümkün olmasa da, Tale Bağırzadə və qruplaşmasının timsalında onun kiçik modeli formalaşdırılmışdı. Nardaran hadisələri bu qruplaşmanın dini ideoloji təbliğatla yanaşı, silahlı mübarizə metodunu da əsas götürdüyünü ortaya çıxardı. Məhz Nardaranda “Biz imam Hüseynin əsgərləliyik, bu yola ölmək üçün gəlmişik” deyən 10 yaşlı uşaqların beyinlərinin yuyulması prosesi “Hizbullah”ın Azərbaycan qolu olan Tale Bağırzadə və qruplaşmasının silaha əl atmasından sonra dövlətin və cəmiyyətin özünümüdafiə refleksi ilə sıradan çıxarıldı. Nardaranın da İranın dini kantonu olmasına imkan verilmədi. Bu hadisələr İranın dini dairələrinin və xüsusi xidmət orqanlarının Azərbaycana uzanan qollarının kəsilməsi ilə nəticələndi. Bununla yanaşı, ictimai rəydə ayətullahların Əhli-Beyt eşqi üzərindən siyasi maraqlarını həyata keçirdiyi faktı qətiləşdi.

Bu, bütün regionun dini kimliyini özünün siyasi alətinə çevirməyə çalışan İranın ölkəmizə qarşı təhlükəli planlarının qarşısının alınması baxımından uğurlu nəticə idi. Lakin bu gün baş verənlər, xüsusilə Ərbəin yürüşü ərəfəsində müşahidə olunanlar “bu təhlükə tamamilə aradan qalxıbmı?” sualını günün əsas məsələsinə çevirir.

Cavab mənfidir: Araşdırmalar göstərir ki, İranın xüsusi xidmət orqanları Nəcəf-Kərbəla ziyarətinə gedən, xüsusilə Ərbəin yürüşünə qatılan azərbaycanlı dindarlar arasından özünün casus şəbəkəsini yaratmaq və onların Azərbaycana radikallaşmış şəkildə qayıtmasını təmin etmək üçün gizli iş aparır. Lakin bu dəfə öz məqsədlərini pərdələmək üçün marşrutun yönü bir qədər dəyişdirilib.

İranın Azərbaycanda “təsir agentləri” olaraq fəaliyyət göstərənlər indiyə kimi ayətullahlardan dərslər alır, xüsusilə Qum və Məşhəd şəhərindəki dini mədrəsələrdə yetişdirilirdi (söhbət dini təhsil alanların hamısından yox, onların arasından xüsusi seçilmiş şəxslərdən gedir). Bu şəxslər Azərbaycana qayıdandan sonra İranın dini-siyasi təbliğatını aparır və insanları dövlətin qanunları ilə yox, İran ayətullahlarının fitvaları ilə yaşamağa sövq edirdi. Azərbaycan dövləti ölkədə dini kəsimin siyasiləşdirilməsi, başqa ölkənin siyasi alətinə çevrilməsinə qarşı bir sıra addımlar atırdı. Lakin Nardaran hadisələri və Tale Bağırzadə qruplaşmasının əməlləri bu “təsir agentləri”nin tamamilə zərərsizləşdirilməsi üçün siqnal oldu. Silahlı qruplaşmalar qanun qarşısına çıxarıldı, hicri təqvimində şəriət qaydaları ilə yaşayan Nardaran təmizləndi. Ardınca ölkədə İslama əsaslanan dini təhsilin inkişaf etdirilməsi, İlahiyyat İnstitutunun fəaliyyətinin genişləndirilməsi istiqamətində bir sıra addımlar atıldı. Bu, milli təhlükəsizliyə qarşı təhdidlərin aradan qaldırılması ilə yanaşı, İranın dini dairələrinin Azərbaycanda planlaşdırdıqları siyasi oyunlara da ciddi zərbə vurmaqla nəticələndi.

İranın dini dairələri Azərbaycandakı “təsir agentləri”nin bir-bir sıradan çıxarıldığı ilə qarşılaşanda istiqaməti dəyişdirərək, yeni varianta əl atdılar: Nəcəf-Kərbəla ziyarətinə gedən, xüsusilə Ərbəin yürüşünə qatılanlar arasında təbliğat aparmaq və yeni kontingent formalaşdırmaq.

İrana gedən və ölkəyə qayıdan “təsir agentləri” məlum təhlükələrdən dolayı dövlətin nəzarətindədir. Buna görə də “təsir agentləri”nin seçilməsi və yetişdirilməsi İraqa transfer edildi. Araşdırmalar göstərir ki, İranın xüsusi xidmət orqanları Nəcəf-Kərbəla ziyarətinə gedən, həmçinin, Ərbəin yürüşünə qatılan azərbaycanlılar arasından xüsusi seçilmişlər üzərində iş aparır, “yararlı” olanları İranda yox, məhz İraqda xüsusi düşərgələrdə hazırlayır. Bu proses son 3 ildə - 2016-2017-2018-ci illərdə sürətlənib. Çünki 2015-ci ildə baş verən Nardaran hadisələrindən sonra İranın dini dairələrinin Azərbaycana uzanan əlləri kəsildi.

Təhlükəli statistika: son üç ildə Azərbaycandan Ərbəin yürüşünə qatılanların sayı artan temp üzrə davam edir. İraq hökumətinin açıqladığı statistikaya görə, 2016-cı ildə 17 min Azərbaycan vətəndaşı bu ölkəyə ziyarətə gedib. Onların 12 min nəfəri məhz Ərbəin mərasimlərinə qatılıb. 2017-ci ildə bu göstərici 18 minə çatıb. İran Astarasında fəaliyyət göstərən “Ərbəin mərkəzi”nin məlumatına görə, bu il Azərbaycan mərasimə qatılmaq üçün gedənlərin sayı 12 mindir. Lakin bu rəqəmlər gedənlərin bir qisminin göstəriciləridir. Ümumilikdə 30 minə yaxın Azərbaycan vətəndaşının Ərbəin mərasimində iştirak etdiyi deyilir. Onlardan 12 mini təkcə Astara gömrük qapısından keçərək gedənlərdir.

Nəcəf-Kərbəla ziyarətinə gedənlərin və Ərbəin mərasiminə qatılanların kütləviliyini təmin etmək üçün müxtəlif vasitələrdən istifadə olunur.

Təbliğat – xüsusilə Azərbaycan auditoriyasına işləyən İranın “Səhər” telekanalı dini təbliğat aparır, ziyarətə gedənlərin çoxalması üçün xüsusi mükafatlar vəd edir, müxtəlif müsabiqələr keçirir.

Təminat – ziyarətə gedənlərin bütün xərcləri İran dövləti tərəfindən təmin olunur, yolboyu qurulmuş çadırlarda pulsuz yeməklər verilir, onlara tibbi və digər yardımlar göstərilir. Bütün xərclər İranın ali dini liderinin xüsusi fondu tərəfindən qarşılanır.

Xüsusi qruplar – İrana bağlı şəxslər insanlar arasında Ərbəin mərasiminə qatılmağın dinin əsas şərtlərindən biri olduğuna dair təbliğat aparır.

Araşdırmalar göstərir ki, bu qruplar ziyarətlərin təşkil edilməsini monopoliyaya alıb. İranın maraqlarına uyğun gəlməyən şəxslər tərəfindən təşkil edilən adi ziyarətlərə süni maneələr yaradılır, nəzarət edilən sosial səhifələr vasitəsilə onların əleyhinə məqsədyönlü kampaniya aparılır və nəticədə şiə məbədlərinə azərbaycanlıların ziyarətinin təşkili vahid mərkəzdən yönləndirilir. Bununla həm maliyyə vəsaitləri vahid mərkəzdən idarə olunur, həm Ərbəin mərasimlərinin bəzi sirləri ört-basdır edilir, həm də radikal şiəliyin bütün mexanizmləri iranlıların əlində cəmlənərək Azərbaycanın ictimai-siyasi həyatına təzyiq mexanizmləri yaradılır. Bu qrupun üzvlərinə külli miqdarda vəsaitlər ödənilir, onlara biznes qurmaq üçün münbit şərait də yaradılır.

Ziyarətlərin kütləviliyinin təmin edilməsi həm İranın Ərbəin mərasimi üzərindən regionda siyasi hakimliyini təmin etməyə (Oxu: Həcc, yoxsa Ərbəin: İslamın təməllərini yıxan siyasət-), həm də gedənlərin arasında “təsir agentləri”nin seçilməsi imkanının geniş olmasına hesablanıb.

“Təsir agentləri” necə yetişdirilir?

Nəfəc-Kərbəla ziyarətinə gedənlər, eləcə də Ərbəin mərasiminə qatılanlar arasında İranın nüfuzlu din xadimləri təbliğat aparır. Məlumatlara görə, azərbaycanlı zəvvarların bəziləri istirahət adı altında otellərdə deyil, ayrı-ayrı İran vətəndaşlarının evlərində və xüsusi düşərgələrdə məskunlaşdırılır. Zəvvarlar içərisində “moizə” oxuyanların arasında Azərbaycan vətəndaşlarından hazırlanmış “xüsusi ruhanilər”, İranda və ya postsovet respublikalarında yaşayan və “Hüseyniyyun” adlı terror təşkilatı yaradaraq Azərbaycanda siyasi hakimiyyəti ələ almaq istəklərini qətiyyən gizlətməyən cənub bölgəsindən olan Tohid İbrahimbəyli kimi şəxslər kifayət qədərdir.

İraqda ciddi təsir rıçaqlarına malik olan İran azərbaycanlı zəvvarlar üzərində təbliğatın aparılmasında bu ölkənin müctəhid və ayətullahlarından da istifadə edir. İraqda İranın təsirində olan din xadimlərinin Azərbaycan dilində internet resurslarının və sosial şəbəkə səhifələrinin yaradılması da bunu göstərir. Seyid Əli Hüseyn Sistaninin internet səhifəsibuna nümunədir.

Zəvvarlar arasında seçilən xüsusi şəxslərə müxtəlif təlimatlar verilir. Əsas təlimat isə öz ölkələrində əksər dini mərasimlərdə bütün ayinləri İranda olduğu qaydalara uyğun həyata keçirməklə bağlıdır. Faktlar son 3 ildə Azərbaycanda Aşura mərasimlərinin İransayağı keçirilməsi hallarının artdığını göstərir. BBC yazır ki, “Azərbaycanda 1930-cu illərdən sonrakı ən izdihamlı Aşura mərasimləri 2015-2017-ci illərdə keçirilib. Bəzi məhəllələrdə ehsan məclisləri qurulurdu. Hətta “Torqovı”da belə səhər-səhər camaata ehsan paylanırdı. Aşuranın narazılığın ifadə yerinə çevrilməsi güclənir. 2017-ci ilin Aşura təziyəsi, bütün qadağaların meydanda olmasına baxmayaraq, keçənilkindən seziləcək dərəcədə izdihamlı oldu. O dərəcədə ki, İslam Partiyasının həbsdə olan sədri də izdihama görə təziyə mərasimlərində iştirak edənlərə təşəkkürünü bildirdi. Bakı ətrafında uzun müddətdir olmayan təziyədə xəncərlə baş yarma hadisəsi də nəzər diqqəti cəlb etdi. Uşaqların təziyə mərasimlərinə aparılması internetdə ciddi müzakirə mövzusuna çevrildi”.

01.10.2017 tarixində Bakıda keçirilən Aşura mərasimin videogörüntüləri də İranın istədiyinə müəyyən qədər nail olduğunu göstərir.

Göründüyü kimi, İran regionun dini kimliyi üzərindən hərəkət edərək, siyasi hədəflərinə doğru irəliləyir. Yaxın Şərqdə “Hizbullah”, husi qrupları və digər təcrübələr göstərir ki, əvvəlcə dini təsirə düşən qrupların əlinə zamanı gələndə silah da verilir. Azərbaycanda Tale Bağırzadə və qruplaşması buna ən bariz nümunədir. Son 3 ildə baş verənlərsə Azərbaycan üçün növbəti Bağırzadələrin yetişridildiyini, gələcək “Hizbullah”ların hazırlandığı deməyə əsas verir.






Fikirlər