Azərbaycana din pərdəsi altında təzyiqin geosiyasi hədəfləri - TƏHLİL
Son günlər adı tez-tez hallanan “Müsəlman Birliyi Hərəkatı”nın davranışları cəmiyyət üçün ciddi təhlükə siqnalı oldu. Söhbət Yaxın Şərqin xarabalıqlarından boylanan radikal həll yolları və dini qarşıdurmadan gedir. Belə görünür ki, Azərbaycanda da Suriya xarabalıqları inşa etmək istəyənlər var və buna cəhdlər edilir. Əslində bu ilin ilk ayında yüksək rəsmilərin “Azərbaycanı Suriyaya çevirmək istəyirlər” açıqlamaları siyasi ritorika deyildi. Dövlətin ən yüksək səviyyəsində təhdid və təhlükələrdən xəbərdardırlar. Bu baxımdan, noyabrın ilk günlərində “Müsəlman Birliyi Hərəkatı” tərəfdarlarının hüquq-mühafizə orqanları ilə qarşıdurmaya getməsi heç də sıradan məişət hadisəsi sayılmamalıdır. Ortada daha böyük geosiyasi planlar və bu planda alətə çevrilənlər var. Hazırda görünən fiqur Hacı Tale Bağırzadədir. Hesab etmək olar ki, “Müsəlman Birliyi Hərəkatı” qarşıdurmanı hələ xeyli əvvəl - Aşura günündə başlamaq istəyirmiş və zamanın məhz həmin vaxt seçilməsi də insanların həssas məqamlarından rahat şəkildə istifadə etmək olub. Digər tərəfdən, “Sonuncu vaqon” kampaniyasının məqsədi də mentalitet və din üzərindən çıxış edərək, cəmiyyətdə ictimai rəyin formalaşdırılmasına xidmət edirdi. Və heç də təsadüfi deyil ki, bu, Tale Bağırzadənin təhsil aldığı və bağlı olduğunu gizlətmədiyi İran təcrübəsindən çıxış edərək irəli sürülmüşdü. Məqsəd ictimai şüurun alt qatına lazımi informasiyaların ötürülməsi idi və burada asanlıqla “ictimai rəy” texnologiyası tətbiq olundu. Bu texnologiyaya görə, insanların həssas yanaşdığı məsələlər üzərindən provokasiya edilir, cəmiyyətin doğru bildiyi məqamlar lazımi istiqamətə yönləndirilir.
32 yaşı olan bu şəxs İranın Qum şəhərində təhsil alıb. Azərbaycana döndükdən sonra 2012-ci ildə Təhsil Nazirliyinin qarşısında “Hicaba azadlıq” aksiyasının təşkilatçılarından biri olub. Qanunsuz davranışlarına görə həbs olunub. Həbsdən azad olunandan sonra T. Bağırzadə respublikanın müxtəlif bölgələrinə gedərək, dini moizələr deyib. Hətta moizələrini şəxsi evlərdə də aparıb və maraqlıdır ki, onun moizələrində dindən çox, siyasi məsələlər gündəmə gətirilir. Bu baxımdan, onun dini maarifləndirmədən çox, siyasi təşkilatlanma apardığı ehtimalları güclüdür. Sonuncu dəfə Ağsu polisi tərəfindən qanunu pozduğu üçün həbs olunub. Bu ilin iyul ayında yenidən azadlığa çıxıb. Maraqlıdır ki, T. Bağırzadə həbsdə olarkən 2015-ci ilin yanvar ayında “Müsəlman Birliyi Hərəkatı” təsis olunub. Özü həbsdən çıxandan sonra ciddi təşkilatlanma aparıb və adı hüquq-mühafizə orqanları ilə qarşıdurmaya səbəb olan hadisələrin əsas təşkilatçısı olaraq çəkilir.
Azərbaycanın tolerant ölkə olduğu bütün dünya səviyyəsində təsdiq olunmuş faktdır və bu ölkədə hansısa dini kəsimin hüquqlarının pozulmasını iddia etmək absurddur. Xüsusilə də, çoxluq təşkil edən şiələrin. Bu mənada, “Müsəlman Birliyi Hərəkatı” din üzərindən çıxış etməsi əslində siyasi oyunların bir parçası hesab oluna bilər. Lakin T. Bağırzadə məqsədlərinin heç də siyasi olmadığını, dövlətə qarşı çıxmadıqlarını bəyan edir. Faktlar isə bunun tam əksini göstərir.
Faktlar: “Müsəlman Birliyi Hərəkatı”nin tərəfdarlarının sosial şəbəkələr üzərindən dövləti açıq şəkildə təhdid etməsi ortadadır.
“Facebook”da “Hicab bizim namusumuzdur” səhifəsində dövlət məmurları ciddi şəkildə təhdid olunur və onların döyülməsi, öldürülməsi istənilir. Yaxud “İmam Hüseyn bayrağını bayrağımız edib Azərbaycanı Kərbəla məktəbi ilə talan edərik. Dindarlar və Bakının 32 kəndi Hacı Tale bəyin əmrini gözləyir, tutulan dindarlar buraxılmasa, polis idarələri yandırılacaq və polislərə qarşı amansız olacağıq” kimi təhdidlər, “Buradan Lənkəran polis idarəsinə səslənirik! Ağlınız varsa, Seyid Elmana qarşı zərrə qədər hörmətsizlik etməzsiniz. Əks təqdirdə, hər bir işə görə məsuliyyət daşıyırsınız” kimi radikal çağırışlar edirlər. Bu tipli təhdid və çağırışlar yetərincədir. Lakin məsələ cəmiyyətdə hansısa qrupun hakim dairələrə olan narazılığı ilə yekunlaşmır, bu, faktiki olaraq dövlətin təhdid olunmasıdır.
Hər şeyin aşkar olunması “Müsəlman Birliyi Hərəkatı” sədri Tale Bağırzadənin müavinlərinin hüquq-mühafizə orqanları tərəfindən saxlanılması ilə başladı. Hərəkat tərəfdarları polis bölməsinə doğru yürüşə çıxdı və ciddi qarşıdurma yaşandı. Lakin bu hadisəyə qədər olanlar da diqqətdən qaçmamalıdır.
Oktyabrın 24-də Aşura günündə Gəncədə məhz T. Bağırzadənin sədri olduğu “Müsəlman Birliyi Hərəkatı”nın üzvləri qanunsuz yürüş keçirməyə cəhd etdilər. Halbuki dini mərasiminin hansısa yürüşə, yaxud mitinqə aidiyyəti yoxdur. Xüsusilə hər kəsin etiqad azadlığının təmin olunduğu Azərbaycan kimi tolerant bir ölkədə buna ehtiyac varmı?! Hərəkat tərəfdarları hansısa iddialarla bunu etdi və qarşıdurma nəticəsində hərəkat üzvləri qanunsuz davranışlarına görə saxlanıldı. Daha sonra vəziyyət sakitləşdi. Noyabrın 6-da isə “Hicab bizim namusumuzdur” səhifəsində “Müsəlman Birliyi Hərəkatı” Gəncə icra hakimiyyətinin başçısı Elmar Vəliyev haqda “Onun kimilərin qanı halaldır. İnşallah tez bir zamanda onların ölüm xəbəri yayılacaq” təhdidi səsləndirdi. Bu, faktiki olaraq dövlət məmuruna qarşı terror çağırışı idi.
Noyabrın ilk günlərində sosial şəbəkələrdə başalayan “Sonuncu vaqona minməyin” kampaniyası da böyük tablonun kiçik pazllarından biri idi. Kampaniyaya görə, Azərbaycanda da İranda olduğu kimi sonuncu vaqona yalnız qadınların minməsinə, kişilərinsə digər vaqonlardan istifadə etməsinə çağırılırdı. Bu məsələ “Məşədi Dadaş” məscidinin axundu Hacı Şahin Həsənlinin “facebook” profilində də yayılmışdı. Lakin Ş. Həsənli sözügedən profillərin ona aid olmadığını, onun adından yaradıldığını bildirdi.
Hüquq-mühafizə orqanları vəziyyətə tam nəzarət edir. Amma maraqlı olan din adı altında fəaliyyət göstərən kiçik bir qrupun Azərbaycanda dini qarşıdurma və xaos yaratmaq tapşırıqlarını kimdən, yaxud kimlərdən almasıdır.
Burada əsas ehtimal İrandır. Təkcə ona görə yox ki, hadisələrin mərkəzində şiəlik dayanır, əsas məsələ mövcud geosiyasi situasiyada görünən mənzərədir.
Birinci faktor: İran daim regional güc olmağa can atan ölkədir və rəsmi Bakının bərabərhüquqlu qonşuluq siyasətinə rəğmən Tehran hər fürsətdən yararlanmağa çalışır. Tehran ötən ilə qədər 10 illik bir dövrü əhatə edən mənfi münasibətlərə səbəb kimi Bakının İsraillə münasibət qurmasını əsas gətirirdi. Lakin Azərbaycan eyni münasibəti ABŞ, Avropa Birliyi, Rusiya, Türkiyə, Gürcüstan, elə İranın özünə də göstərir. Bu baxımdan, “düşmənimin dostu düşmənimdir” prinsipi əslində bəhanə kimi görünür. İran regional güc olmaq planında həmişə Azərbaycanı özündən asılı vəziyyətdə saxlamaq istəyir və bu istiqamətdə din amili onun əlində əsas alətdir. Həmçinin, Azərbaycanın zəif olması Güney Azərbaycan məsələsində onun əlini gücləndirir. İranın Qarabağ məsələsində qeyri-diplomatik yollarla Ermənistana dəstək verməsinin arxasında da bu məqsəd dayanır.
İkinci faktor: Bu, daha çox geosiyasi oyunda yaranan cəbhələrin arasındakı mübarizədən irəli gəlir. Belə ki, Suriya məsələsində Türkiyə ilə toqquşan İran Cənubi Qafqazda Ankaranın əsas müttəfiqi və dayağı olan Bakını sıxışdırması ümumi siyasi mənzərədə təsadüfi görünmür.
“Niyə indi?” sualının iki üzü
İranın niyə indi hərəkətə keçməsinin arxasında iki ehtimal yatır.
1. Uzun illər Qərblə “nüvə müharibəsi” aparan İranın regional güc olmaq istiqamətində yollarında tramplinlər var idi. Ciddi sanksiyalara məruz qalan ölkə daha çox ayaqda durmaq uğrunda çalışırdı və regiona təsir etmək siyasətini təxirə salmışdı. Bu il nüvə proqramı ilə bağlı razılaşmanın əldə edilməsi və sanksiyaların aradan qaldırılması üçün irəliyə doğru atılan addımlar İranın Azərbaycana təsir edəcəyi gözləntilərini artırdı. Azərbaycan daxilinə uzanan İran uzantılarının süni gərginlik yaratmaq cəhdlərinə paralel olaraq, Tehranın Xəzərdə “Sərdar/Cəngal” yatağına dair iddiaları yenidən gündəmə gəldi. 2001-ci ildə hərbi təyyarələrin Xəzər üzərindən uçmasına qədər gərginləşən vəziyyət sonradan sakitləşsə də, İranın dənizdə Azərbaycanın da paya sahib olduğu yataqlar haqda iddiaları indi də davam edir. Bu hadisələrin fonunda İran dövlət kanalının Güney Azərbaycandakı soydaşlarımızı təhqir etməsi də təsadüfə bənzəmir. Görünür, Qərblə anlaşan Tehran bölgəyə dair ədalətsiz siyasətini davam etdirmək niyyətindədir.
2. Niyə indi sualının ikinci üzü isə nə qədər qeyri-real görünsə də, başqa məsələni ön plana çıxarır. Çünki İranın özünə gələndən sonra Azərbaycana təzyiq etmək istəklərinin olacağı ehtimalı olsa da, Qərbin bir çox layihələrdə tərəfdaş olaraq gördüyü Bakının üzərinə yürüməsi bu qədər tez gözlənilmirdi. Hesab etmək olar ki, hazırkı oyun qaydaları İranla yanaşı Qərbə də sərf edir. Çünki Qərb bölgədə İranın haqsız hücumlarına məruz qalan Azərbaycana dəstək verməklə, əvəzində ondan Rusiyaya qarşı siyasətdə yer almağı istəyə bilər. Azərbaycanın müstəqil siyasətini qırmaq üçün bütün vasitələrdən istifadə etməsinə rəğmən uğursuzluğa düçar olan Qərbin ən həssas məsələdən çıxış etməsi ehtimalı da bu fikirləri gücləndirir. Təbii ki, Qərbin, konkret desək, ABŞ-ın Azərbaycanda radikal dini qrupları dəstəklədiyinə dair məlumatlar kifayət qədərdir (http://publika.az/mnews/58724). Lakin Azərbaycan hüquq-mühafizə orqanlarının radikal kəsimin qanunsuz fəaliyyətini tamamilə məhdudlaşdırması təzyiq siyasətində “radikal kartını” aradan çıxarır. Ona görə də burada İrana bağlı dairələrin oyuna girməsində Qərbin istəklərinin olması ehtimalı hiss olunur. Bu geosiyasi oyundakı qaydalardan da İran öz planları, Qərb isə öz məqsədi üçün istifadə edir.
Rəsmi Bakının bu oyunu pozmağa həm gücü, həm də iradəsi yetərincədir. Lakin geosiyasi oyunun bir parçasına çevrilən ölkə daxilindəki qrupların bunu nə dərəcədə anlayacağı sual altındadır. Hətta anlasalar belə, yəqin ki, gec olacaq.
Asif Nərimanlı