Dövlət qulluqçuları üçün yenilik – TEZ-TEZ yerləri dəyişdiriləcək
Azərbaycanda dövlət qulluqçularının rotasiyasına – vəzifə yerlərinin mütəmadi dəyişdiilməsinə başlanacaq. Bu prezident İlham Əliyevni təsdiqlədiyi «Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya»da nəzərdə tutulub. Strategiyaya əsasən, dövlət qulluqçularının potensialından səmərəli istifadə, xidməti və peşəkarlıq səviyyəsinin artırılması məqsədilə və dövlət orqanlarının tələbatına uyğun olaraq dövlət qulluqçularının rotasiyası həyata keçirilməlidir. Rotasiyanın səmərə verdiyi sahələr və vəzifələr, onun tətbiqi mexanizmləri qanunvericiliklə müəyyən edilməlidir. Dövlət orqanlarının rəhbərləri rotasiyadan mütəmadi istifadə etməlidirlər. Rotasiya zamanı dövlət qulluqçularının və onların ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi və dövlət qulluqçularının regionlarda işləməyə həvəsləndirilməsi məqsədilə kompensasiya və birdəfəlik ödənişlər qanunvericilikdə nəzərdə tutulmalıdır. Strategiyada yer alan tədbirlər planına əsasən, rotasiyanın tətbiqi mexanizmlərinin yaradılmasına dair təkliflər 2020-c ildə hazırlanacaq. Bu işlər Nazirlər Kabineti, Ədliyyə Nazirliyi və Dövlət İmtahan Mərkəzinə tapşırılıb. Paralel olaraq dövlət qulluqçularının karyera planının tərtib edilməsinin qanunvericiliklə tənzimlənməsinə dair təkliflər də hazırlanacaq. Eyni zamanda mütəmadi rotasiyanın aparılacağı sahələr də müəyyən ediləcək. Sənədə əsasən, rotasiya olunan zaman yaşadığı regionu dəyişən dövlət qulluqçuları üçün kompensasiya və birdəfəlik ödəniş nəzərdə tutulacaq. Bundan başqa, rotasiya olunan dövlət qulluqçularının ailə üzvlərinin onların köçdüyü regionda işlə, məktəbəqədər təhsil və ümumtəhsil müəssisələrində yerlə təmin edilməsi də nəzərdə tutulur. Tədbirlər planından məlum olur ki, rotasiya ilə bağlı bütün qanunvericilik bazası 2021-ci ilədək hazırlanmalıdır. /fed.az