“Onların hamısı valideynlərimin dırnağı belə ola bilməz” - “Bayağı veriliş” qalmaqalı

“Onların hamısı valideynlərimin dırnağı belə ola bilməz” -

Xəbər verdiyimiz kimi teletənqidçi, əməkdar jurnalist, professor Qulu Məhərrəmli son günlər televiziya kanallarında nümayiş olunan şou proqramları şərh edərkən onları bayağı və bir-birinin təkrarı olmaqla ittiham edərək sərt fikirlər səsləndirib. O bildirib ki, dəfələrlə kanallara xəbərdaqlıq edilsə də, onlar yenə də öz əməllərindən əl çəkmir: Xüsusilə, özəl kanallarda bu proses hələ də davam edir. Kanallar aşağı səviyyəli şoulardan, proqramlardan yapışıb buraxmaq istəmirlər. Düşünürəm ki, onların bacardığı budur”. 

Məsələ ilə bağlı “Xəzər TV”də “Hər şey daxil” verilişinin aparıcıyı, tanınmış prodüser Tarix Əliyev (Tolik) “Yeni Sabah”a açıqlamasında Qulu Məhərrəmlini tanımadığını amma fikirlərində həqiqətin olduğunu deyib:

“Qulu Məhərrəmli kimdir?  Allah can sağlığı versin, tanımıram kimdir, üzrlü hesab edin. Əslində düz deyir. Dediyində böyük bir məntiq var. Q. Məhərrəmli statistikanı haradan götürüb bilmirəm, amma düzgün izah edib. Mənim səhifəmdə 700 minə yaxın izləyicim var. Bu da  bəzi müğənnilərin səhifələri kimi yalançı deyil. Çünki səhifəm üç dəfə “İnstagram” tərəfindən bağlanıb, təzədən açılıb. “Fake” profil olsa idi, təzədən açılmazdı. Bu gün insanlar deyir ki, Filan müğənnini görməkdən bezdik, dünən o verilişdə idi, o gün filan verilişdə idi… 

Mən Milli Musiqi Günündə iki xalq artisti dəvət etdim, verilişimizi milli musiqimizə həsr etdim, Üzeyir Hacıbəyova, Müslim Maqomayevə. Həmin verilişi çox səviyyəli etdim. Türkiyədən, Gürcüstandan qonaqlarımız da var idi. Mən həmin günün verilişinin reytinqini aldım və özüm utandım. Bilmirəm, bu reytinq ölçən qurumlar kimin evində qurulub və hansı səviyyə cihazlara malikdir? Bunu heç kim bilmir. Mən istəyərdim ki, jurnalistlər bunu araşdırsın. Müğənni var ki, ona bayağı deyirlər. Yazırlar ki, bezdik onu görməkdən, amma o gəlir, reytinq çox olur. Bilirsiniz, bu gün insanların çoxu yalançı vətənpərvərdirlər. Mənə çox vaxt yazırlar ki, niyə şəhid ailələrini, qaziləri dəvət etmirsən? Mənim verilişimdə şəhid ailələri də olub. Qubadlının, Şuşanın, Laçının işğal günlərində bütün efiri buna həsr etdiyim də olub. Siz baxın görün o verilişin reytinqi nə qədərdir. Hansısa müğənnin, 200-300 manata efirə çıxanların reytinqi nə qədərdir. Ona görə də biz rəqabət aparırıq. 

Mənim verilişimlə eyni vaxta, bu mövsümdə üç veriliş efirə çıxır. ATV, ARB telekanalında. Onlarla rəqabət apara bilmək üçün mən insanlara maraqlı veriliş verməliyəm və mən oturub baxıram ki, görüm insanlar nə istəyir. Görürəm ki, insanlar bunu istəyir, buna zənglər gəlir. Mən də məcbur oluram onları çağıram. Düzdü, arada olub ki, biz Fuad Poladovun yaradılıcıq gecəsini keçirmişik, yaxşı reytinq verib. Amma kanalları da qınamayın, çünki  adam yoxdur. Hər yerindən duranı da efirə çağırmaq olmaz ki. Bu, Türkiyədə də var. Bəlkə, müəllim bilmir, amma orada da var.  Türkiyədə səhər verilişləri var ki, eyni tipdədir. 

Mən bu tənqidlərə açığam, razılaşıram, amma digər kanallara baxanda mənim verilişimdə biabırçılıqlar olmur. Mənim verilişimdə elə şey olmayıb ki, kimsə yalandan gəlsin eşq elan etsin, “anamı, atamı sənə qurban verərəm” desin. Özü də atasını, anasını kimə? Müğənniyə qurban verən. Nə bilim, qurban olsun bütün müğənnilər. 100 faiz müğənnilərin hamısı mənim valideynlərimin dırnağı belə ola bilməz. O nə deməkdir ki, mən valideynlərimi hansısa bir müğənniyə qurban verəm. Bu gün efirlər bunu özünə reklam sayırsa, bu da onların başında olan rəhbərliklərinin fikir dünyasının məhsuludur. Bəlkə də, Qulu müəllim düz deyir. Amma dünən verilişimə Azərbaycanda ilk dəfə teleməkanda Xətai rayonunun təmizlik sahəsinin işçiləri olan 247 nəfər adam gəldi. Onlara rəhbərliyimiz tərəfindən 5000 manatdan çox  hədiyyələr təqdim olundu. Özü də sponsor verməmişdi, nağd pula alınmış hədiyyələr paylandı. Niyə bəs bunları görmürlər, bunu maarifləndirmək saymırlar? Biz orada çağırış etdik ki, küçəyə zibil atmasınlar, o işçiləri nəzərə alsınlar. Bunları niyə görmürlər? 

Mən şəxsən ev tikdirirəm imkansız ailəyə. Bu ziyalılar bunları niyə görmürlər? Bir dəfə pis bir şeyi görürlər, amma min dənə yaxşılığı görmürlər. Bu da onların qocalığıdır, məncə. Mən onlara keçirəm. Bu müğənnilərdə də var, onlar cavanlara  dəstək olmaqdansa, çalışırlar onları “vursunlar”, ictimaiyyət qarşısında gözdən salsınlar”. 

ARB TV-də “Elgizlə izlə” verilişinin aparıcısı Elgiz Əkbər Q. Məhərrəmlinin fikirlərini özünə aid etmədiyini bildirib:

Mənim Qulu Məhərrəmliyə çox böyük hörmətim var, o bizim hamımızın müəllimidir. Mənə dərs  deməsə də, mən onu özümə müəllim hesab edirəm. Onun televiziya haqqında yazdığı kitabdan mən həmişə yararlanıram və hesab edirəm ki, Qulu müəllim televiziya sahəsində işini bilən mütəxəssisdir. Onun dedikləri mənə aid ola bilməz, çünki mənim hazırda apardığım sosial verilişin Azərbaycanda ilk dəfə  aparıcısı mən olmuşam. Bütün tamaşaçılar bilir ki, Azərbaycanda ilk dəfə sosial verilişlə bağlı tok-şounun aparıcısı mən olmuşam. Studiya, müraciət edən insan, auditoriya, ekspertlər... Bunu Azərbaycan televiziyasında ilk dəfə  mən etmişəm. Ona görə də mən təkrarçılığa yol vermirəm. Ümumiyyətlə, mənim indiyə qədər apardığım bütün verilişlərin ideyası özümə aid olub və yaradıcı heyətə aid olub. Mən heç vaxt heç bir verilişi təkrar etməmişəm. Məsələn, “Toy olsun” verilişi, insanların işə düzəlməsi ilə bağlı veriliş... Təvazökarlıqdan uzaq olsa da, bunları Azərbaycanda ilk dəfə mən etmişəm. Ona görə düşünürəm ki, Qulu müəllimin dediklərini mənə aid etmək olmaz”.

Mövzu ilə bağlı Nərgiz Cəlilova ilə də əlaqə saxladıq. Xanım aparıcı Qulu Məhərrəmlinin açıqlamasını hələ oxumadığını ona görə də fikir bildirə bilmədiyini deyib:

Mən o açıqlamanı oxumamışam. Gördüm, amma oxuya bilməmişəm. Tədbirim var deyə neçə gündür başım qarışıqdır. Həmin açıqlamanı oxumamışam, ona görə fikir bildirə bilməyəcəyəm”.






Fikirlər