May ayı tarixi günlər sarıdan kasad deyil. Bu ay nə qədər zahirən gözəl olsa da, 28 may istisna olmaqla qalan günlər ağır nəticələri ilə tariximizə, ömrümüzə, günümüzə düşən faciələrlə zəngindir...
Onları sadalamaq istəmirəm, məlumdur. Deyərlər ki, ölümə çarə yoxdur, qalan işlər düzələndi, amma bu ağırlığı aradan qaldırmaq, tariximizdən bu qara səhifələri silmək üçün illərdir ki, nə millət olaraq, nə dövlət olaraq o “qalan işləri düzəltmək” yolunda ortaya iradə qoya bilmirik. Bu qara günlərin ömrü zəncir kimi ürəyimizə, başımıza sarılıb uzana – uzana getdikcə, təəssüf ki, insanlarımız “ellikcə gələn qara gün toy-bayramdır” məsəlini birbaşa şənlik kimi qəbul edib, hətta faciə günlərində də şadyanalıq etməkdən çəkinmirlər. Bu günlərdə şənlik həm rəsmi şəkildə, həm də fərdi adamların simasında aydın görsənirdi. Belə may günlərindən birini yola saldıq. İndi bəzilərinin uğur, bəzilərinin də məğlubiyyət günü kimi qəbul etdiyi daha bir günün ildönümüdür. Dörd ildən çox çəkən silahlı qarşıdurma tariximizə “Bişkek protokolu” kimi düşmüş atəşkəs razılaşmasıdır. Bu razılaşmanı kimin imzalaması, kimin qol çəkməkdən imtina etməsi artıq xatirə səviyyəsindədir, önəmli deyil, heç nəyi dəyişmir...
Biz Şuşanın, Laçının işğalından sonra toparlanıb Ağdərəni azad etsək də, Kəlbəcərin işğalından sonra başımız hakimiyyət uğrunda mübarizəyə o qədər qarışdı ki, pərən-pərən olduq və daha altı rayon itirib atəşkəs razılaşmasını imzaladıq. Tarixdə belə hallar olub, müvəqqəti atəşkəsə nail olunub, danışıqlar aparılıb, paralel olaraq tərəflər yeni müharibəyə hazırlaşıb. Bu razılaşma düşmən üçün göydəndüşmə oldu. Dağlıq Qarabağı və Tərtər istisna olmaqla bütün ətraf rayonları işğal edib minillik arzusuna çatan düşmənə bundan yaxşı hədiyyə olmazdı. Bu hədiyyənin ləzzətini işğalçı 26 ildir ki, bayram edir. Vaxtilə mətbutda yazdığımı bir də təkrarlayıram. Beynəlxalq tədbirdə Ermənistanın keçmiş təhlükəsizlik xidmətinin rəhbəri David Şahnazaryan şəxsən bu sətirlərin müəllifinin üzünə dedi ki, “atəşkəs razılaşmasını eşidəndə mən Vladimir Kazimirovu qucaqlayıb təbrik etdim. Sabaha atmağa gülləmiz qalmamışdı. Mən hər il mayın 12-də Kazimirova təbrik ünvanlayıram”. Qalibin yaraları ağrımaz, yəqin buna deyirlər...
Həmin vaxtlar bizimkilər də sevinrdi və sevinclərini belə izah edirdilər ki, “tezliklə neft müqavilələri imzalanacaq, biz güclənəcəyik və torpaqlarımızı azad edəcəyik. Atəşkəs bizim üçün nəfəslikdir”. Bu nəfəslik bizim işimizə yaradı, yoxsa düşmənin? 26 il keçdiyinə görə, bu günkü yelkənsiz qayığımıza baxanda, əlbəttə düşmənin. Zaman düşmənin xeyrinə işlədi və işləyir. Bu illərdə düşmən təhlükəsizlik zolağı adlandırdığı yerlərdə güclü müdafiə istehkamları qurub. Dağlıq Qarabağda və ətrafında sürətlə məskunlaşma aparıb. Mövcud statusu saxlamaq üçün yalançı sülh danışıqları, müxtəlif beynəlxalq sənədlərin müzakirəsi ilə öz işlərindədir, Qarabağ isə işğaldadır.
Biz nə etdik? Biz məğlubiyyətə alışdırıldıq. Deyirlər ordumuzu gücləndirmişik, güclü silahlarımız var, dünyada ilk əlli ölkənin sırasındayıq, lazım gəlsə torpaqlarımızı azad edərik. Necə yəni lazım gəlsə? Belə çıxır ki, indi lazım deyil. Amma, daha heç o “lazım” ritorikasını da işlətmirik. Biz faktiki olaraq torpaqlarımızın azad edilməsi üçün mübarizə aparmırıq. Ona görə bu üzüqara atəşkəs razılaşması yada düşəndə məşhur bir deyimi yada salmamaq olmur:
”Sən o vaxt uduzdun ki, mübarizə aparmaqdan əl çəkdin”. Çox şeyi imitasiya etmək olar - rüşvət bataqlığında batanları da tutmaq olar və nə qədər desəniz bu prosesi uzatmaq da, amma mübarizə imitasiyasının ömrü qırx gündür, baxmayaraq ki, 26 ildir dayanmadan bu imitasiya davam edir. Məğlub tərəfə həmişə ətrafı maksimum diktə etməyə çalışır. Ətrafımız diktə edənlərlə şimaldan, cənubdan, qərbdən sarılıb. Biri Cəbrayılda su anbarı tikir, o biri Kəlbəcərdə tikməyə hazırlaşır. Suların altında da biz qalırıq-keçmişimizlə, bu günümüzlə, sabahımızla.
Düşmən Qarabağda hər nəyimiz vardısa işğal edib, bizə yalnız göz saxlayıb ki, hərdən ağlaya bilək. Ağladıqca da Sabirin dediyindən oluruq. Olmamaq üçün müharibə edib qələbə çalmaq lazımdır ki, bir daha müharibə olmasın. Suvorovun dediyi kimi “Qələbə - müharibənin düşmənidir”.
Yox, biz qələbə uğruna ölkəni hazırlamasaq, atəşkəsin yubileylərini qeyd edəcəyik, düşmən də qələbəsini. Bu gün olduğu kimi.
Atəşkəsiniz mübarək...(nidasız)
İLHAM İSMAYIL