“Atəşkəs bizdən Qarabağı aldı...” - Üç deputat

Bu gün Birinci Qarabağ müharibəsinin sonlandırılmasından, cəbhədə atəşkəs əldə edilməsindən 26 il keçir. Cəbhə bölgəsində atəşkəsi nəzərdə tutan, bir növ siyasi müraciət və ya sülhə çağırış məqsədli və hüquqi xarakter daşımayan sənəd - "Bişkek protokolu" 1994-cü ilin may ayında imzalanıb. Məhz bunun nəticəsində həmin il mayın 12-dən etibarən 20 il müddətində cəbhədə atəşkəs haqqında razılığa nail olunub.

 Artıq bu hadisədən 26 il keçib. Maraqlıdır, atəşkəsin imzalanması Azərbaycana nə verdi və nələrin itirilməsinə gətirib çıxardı?

 Bu barədə Modern.az-a danışan deputat Fazil Mustafa düşünür ki, atəşkəs bizim zəif dövrümüzə təsadüf etdi və Azərbaycan başqa çıxış yolu qalmadan bu addımı atmağa məcbur oldu:

 “Çünki ermənilər Rusiyanın da dəstəyi ilə ölkəmizə ciddi təhdid idilər. Bu durumda atəşkəsin imzalanması Azərbaycana nəfəs almağa imkan verdi.

Halbuki atəşkəsin bu qədər uzun müddət saxlanması bizim ziyanımıza oldu. Biz bu reallığı dəyişməyi bacarmalıyıq. Əks halda bu məsələdə itkilərimiz çox olacaq. Biz illər keçdikcə Qarabağdan daha da uzaqlaşırıq. Bu, heç arzuolunan deyil. Atəşkəs reallığının dəyişməsi, bizi Qarabağa yaxınlaşdıran addımlar üzərində düşünməliyik. Torpaqlarımızı işğaldan azad etmək üçün hərəkətə keçməliyik”

 Deputat Aqil Abbasın fikrincə isə, atəşkəs bizə Azərbaycanın güclü ordusunu qura bilməyimiz üçün imkan yaratdı:

 “Bunu etdik, iqtisasiyyatımızı dirçəltdik, müəyyən problemlərimizi həll etdik. Amma müsbət tərəfi olduğu kimi mənfi yönü də oldu ki, bizdən Qarabağı aldı”.

 Milli Məclisin digər üzvü Anar İsgəndərli bildirib ki, bu günün gözü ilə baxanda “niyə atəşkəs imzaladıq” –deyib, düşünə bilərik:

 “Amma 1994-cü ildəki ictimai, siyasi, hərbi vəziyyətə qiymət verə bilsək, həqiqəti görərik. O dövrdə siyasi vəziyyət o qədər gərgin idi ki, atəşkəsin imzalanmasına hava, su qədər ehtiyac var idi.

Bu gün hər birimiz deyirik ki, güclü Azərbaycanımız, dünyanın nüfuzlu təşkilatlarında söz sahibi olan dövlətimiz var. Sual verirəm, 1993-94-cü illərdə bu Azərbaycan var idimi? Hansı beynəlxalq təşkilat qəbul edirdi. Həm ölkə daxilində, həm də ölkə xaricində ölkəmizin haqq səsini müdafiə edən heç kim yox idi. Belə məqamda atəşkəsin imzalanması Azərbaycanın sonrakı tarixi üçün vacib idi. Atəşkəsin nəticəsində bu gün güclü dövlətimiz var, haqqımızı tələb etmək üçün həm dünya dövlətləri, həm də dünya qarşısında sözümüzü deyə bilirik. Ona görə, 26 il bundan öncə imzalanmış atəşkəsi Azərbaycanın o zamankı rəhbərliyinin ən uğurlu addımı kimi qəbul edirəm”.






Fikirlər