“Hökümət pandemiyaya görə vəsait xərcləmək istəmir” - QUBAD İBADOĞLU
“Azərbaycanda bu gün 230 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb. Dünən 191 nəfər yeni yoluxma faktı var idi. Bu, o deməkdir ki, gündəlik yoluxma sayı son 2 gündə 200-ü ötüb. Əvvəllər deyirdilər ki, havalar istiləşəndə virus özü-özünə yox olacaq. Əksini müşahidə edirik”. Hurriyyet.org xəbər verir ki, bu barədə Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı alim Qubad İbadoğlu qeyd edib. “Elə bil ki, virus yalnız saat 22-dən sonra yayılır, 22-dək yatır” “Bu gün keçirdiyi brifinqdə TƏBİB sədri qeyd edib ki, “say beynəlxalq statistikaya uyğundur. Dalğavari yüksəlişə nəzər salsaq, görərik ki, əhali tələb olunan qaydalara əməl etmir. Bunun qarşısını almaq üçün ya qaydalar tam sərtləşməli, ya da qaydalara düzgün əməl etməliyik. Sərtləşməni də müəyyən səbəblərdən edə bilmirik”. Maraqlı və ziddiyyətli açıqlamadır. TƏBİB sədrinin qənaət budur ki, yoluxma sayının artmasının günahı əhalinin özündədir. Təklif edir ki, yoluxmanın sayının artımının qarşısını almaq üçün sərtləşmə olmaldır, amma edə bilmirik. Nəyə görə edə bilmədiklərinin səbəbini göstərmir. Eyni zamanda dolayı yolla təsdiq edir ki, hazırkı ağır durum idarəetmənin düzgün qurulmaması ilə əlaqədardır. Maraqlı odur ki, bir tərəfdən karantin rejimi iyunun 15-dək uzadılır, digər tərəfdən də iri ticarətə məhdudiyyətlər aradan qaldırılır, “Mall”arın fəaliyyəti bərpa olunur, kafe və restoranlarda iş saatı 22-dək artırılır. Elə bil ki, virus yalnız saat 22-dən sonra yayılır, 22-dək yatır”,-deyə ADR sədri əlavə edib. “Bilmirsən ki, bu hökümətdəkilər nə ilə düşünürlər, başla, yoxsa?” Q. İbadoğlunun sözlərinə görə, bütün bunlar onu göstərir ki, Nazirlər Kabinetinin Operativ Qərargahı ilə TƏBİB arasında fikir ayrılığı mövcuddur: “Ümumiyyətlə, hökümətin yanaşmasında iqtisadiyyatın açılması və dövlət dəstəyinin dayandırılması əhalinin sağlamlığı və təhlükəsizliyindən daha öndədir. Bir sözlə, hökümət pandemiyaya görə vəsait xərcləmək istəmir. Hesab edir ki, başlı başın saxlamalıdır. Yeri gəlmişkən, gələn aydan başlayaraq, işsiz əhaliyə olan 190 manat birdəfəlik yardım, fərdi (mikro) sahibkarlara dəstək də dayandırılacaq. Görək, bundan sonra necə olacaq? Yardımı kəsilənlər işlə təmin olunacaqmı? İşsizlərə sığorta haqqı ödəniləcəkmi? Açıq qalan və cavab gözləyən suallar çoxdur. Bu hakimiyyətə güvənmək olmaz. Odur ki, əhali narahatlığı olduğu kimi anlamalıdır və özünü qorumalıdır. Hökümətə gəlincə, qərarlar əlaqəli deyil, kordinasiya olunmur, yoluxma sayı artır, karantin rejimi yumşaldılır və uzadılır. Halbuki, yoluxma sayı azalanda karantin rejimi sərtləşdirilirdi. Bilmirsən ki, bu hökümətdəkilər nə ilə düşünürlər, başla, yoxsa?” “Hazırkı ağır durum idarəetmənin düzgün qurulmaması ilə əlaqədardır"