Türkiyə hücum qarşısında: “Bu savaşın fəsadları ağır olacaq” – Müsahibə/Video
“Haftar yanvar-fevral ayında müvəqqəti bir üstünlük əldə etdi, sonra geri çəkilməyə başladı. Çünki dəstəyin ardı gəlmədi. Bu gün isə BMT tərəfindən tanınan Sərrac hökuməti öz mövqelərində güclənir. Bu proses may-iyun aylarında başladı”. Politoloq Vüqar Zifəroğlu belə düşünür. "AzerTaym.az" onun Teleqraf.com-a müsahibəsini təqdim edir. - Misir Prezidenti Sisi Liviyada hərbi əməliyyatlara başlaya biləcəklərini istisna etmədi. Sizcə, belə bir müdaxilə nə ilə nəticlənəcək? Artıq Türkiyə və Liviya hökumətindən Sisiyə sərt cavab verilib. - Misir həmişə Liviyada gedən proseslərdə maraqlı tərəf kimi çıxış edib. Çünki həm qonşu, həm də Aralıq dənizində tarixi maraqları olan bir ölkədir. Eyni zamanda, “Ərəb baharı” prosesləri Misir və Liviyanı müəyyən mənada bir-birinə yaxınlaşdırdı. Yanvar-fevral aylarında Liviyada aktivliyin artması və Misirin də fəal şəkildə Xəlifə Haftara dəstək verməsi, bu ölkə ilə Türkiyə arasındakı gərginliyin yenidən artmasına səbəb oldu. Son dörd ayda Qərb mediasında belə bir təbliğat aparıldı ki, Haftar “Liviyanın Sisisi” olacaq. Belə bir kampaniya qurulmuşdu. Hətta Haftar və Sisi arasında da görüş planlaşdırılmışdı. Misir başçısı da qeyd etmişdi ki, Haftarı özünün Liviyadakı davamçısı kimi görür. Vaxtilə “Müsəlman Qardaşları”nın hakimiyyətə gəlməsindən sonra Sisi Qərbin dəstəyi ilə çevriliş həyata keçirdi və iqtidara gəldi, indi də buna bənzər prosesləri Liviyada Sərrac hökumətinə qarşı həyata keçirməyə cəhdlər var. Amma proseslər tamam fərqli istiqamətə yönəlib. Haftar yanvar-fevral ayında müvəqqəti bir üstünlük əldə etdi, sonra geri çəkilməyə başladı. Çünki dəstəyin ardı gəlmədi. Bu gün isə BMT tərəfindən tanınan Sərrac hökuməti öz mövqelərində güclənir. Bu proses may-iyun aylarında başladı. Sərrac hökuməti gücləndikcə, Haftara dəstək verən qüvvələrin geri çəkilməsinin və dialoqla bağlı təkliflər verməsinin şahidi oluruq. Eyni zamanda da Misirin... Sisi fevral-mart aylarında birmənalı şəkildə Haftara dəstəyin verilməsini vacib sayırdısa, son bir ayda isə onun danışıqlarla bağlı təkliflər verməsinin, hətta lazım gələrsə, vasitəçi kimi çıxış edə biləcəyini elan etdiyini görürük. İndi yenidən sərt tona qayıdıb. Çünki Sərrac hökuməti danışıqlara getməkdə maraqlı olmadığını ifadə edir, Türkiyə tərəfi də indiki məqamda belə bir dialoqa ehtiyac görmədiyini bildirir. Məlumdur ki, Sərrac hökumətinə ən böyük dəstəyi Türkiyə verir. Hazırda biz tərəflər arasında daha çox belə bir diplomatik atışma və ya qarşıdurmanın şahidi oluruq. Türkiyənin burada hədəf seçilməsinə gəlincə, çünki Sərraca ən böyük dəstəyi bu ölkə verir. Məlumdur ki, Türkiyə “Müsəlman Qardaşları” devrildikdən sonra Misirdə hakimiyyətə gələn Sisini dəstəkləmədi. Ümumiyyətlə, son 6-7 ildə Misir və Türkiyə arasındakı münasibətlər gərgin məcrada gedir. Türkiyənin Yaxın Şərqdə - Liviya, Suriya və İraqda mövqelərini gücləndirməsi bölgədə maraqları olan dövlətləri, o cümlədən də Misiri narahat edir. Lakin bu iki ölkənin hərbi qarşıdurmaya gedəcəyini istisna edirəm. Hesab edirəm ki, proses diplomatik atışmalar şəklində davam edəcək. - ABŞ-ın da fəallığı nəzərdən qaçmır. Amerikanın Almaniyanın Liviyadakı hərbi bazasındakı hərbi qüvvələrini Tripoli istiqamətinə çəkməsi haqda məlumatlar var. Amerikalıların Liviyadakı bu gözlənilməz fəallığı nəyə hesablanıb? - Liviya ABŞ üçün xüsusi önəm kəsb edir. İstər Aralıq dənizi hövzəsi, istər Şimali Afrika, istər Yaxın Şərqə açılan strateji əhəmiyyətə malik bir qapı kimi, istər bu ölkənin təbii sərvətləri, istərsə də burada maraqları olan dövlətlər baxımından ABŞ üçün önəmlidir. Buna görə də, ABŞ-ın Liviyada fəallaşacağı gözlənilən idi. Almaniyaya gəldikdə, bu ölkə Liviyadakı maraqlarını Türkiyə ilə uzlaşdıra bilir. Sərrac-Haftar qarşıdurmasında Almaniya digər Avropa ölkələri, məsələn, Fransa ilə müqayisədə daha loyal mövqe ortaya qoyur. Almaniyanın Liviyada dəstəklədiyi tayfalara Sərrac hökumətinin maraqlarından çıxış edirlər. Müəyyən yerdəyişmələr ola bilər, amma yeni bir düzənin qurulması məsələsi gündəmə gəlib. ABŞ və digər Avropa dövlətləri tərəfindən belə bir təklif verildi ki, BMT sülhməramlıları bölgəyə yerləşdirilsin. Türkiyə də buna razılıq verib. Hesab edirəm ki, Liviyada qalıcı bir düzənin formalaşmasına çalışırlar. Bölgədə bu düzəndən narahat olan Yunanıstan, Misir və bir sıra digər dövlətlər bundan narahatdırlar. Həmin ölkələr bu düzənin formalaşmasının qarşısını almaq üçün müqavimət göstərirlər.
- Yunanıstanın bu proseslərə münasibətinə diqqət çəkdiniz. Artıq yunan hökuməti Türkiyəni açıq bir dillə savaşla hədələyir. İki ölkə arasındakı gərginlik hansı istiqamətə yönələ bilər? - Birmənalı şəkildə Yunanıstan və Türkiyənin qarşıdurmaya gedəcəyini istisna edirəm. Yunanıstanın Türkiyə ilə müharibəyə başlamaq üçün nə iqtisadi, nə də hərbi potensialı var. Ümumiyyətlə, pandemiya dönəmində bir çox ölkələr iqtisadi böhranla üz-üzə qalıb, inkişaf etmiş ölkələrdə belə iqtisadi geriləmə var. Yunanıstan iqtisadiyyatı isə pandemiyaya qədərdəki dövrdə də normal vəziyyətdə deyildi. Müharibə isə böyük iqtisadi potensial tələb edən bir işdir. Yunanıstanın isə Türkiyəyə qarşı belə bir potensialı yoxdur. Belə bir durumda da bu addımı atsa, bu, Yunanıstan üçün ciddi fəsadlar törədəcək. Sadəcə olaraq, Yunanıstan tez-tez bu ritorikadan istifadə edərək, Türkiyəyə təzyiq etmək istəyir. Amma istisna etmək olmaz ki, Aralıq dənizində lokal və ya kiçik toqquşmalar olsun. Dəfələrlə də, Aralıq dənizinin şərq bölgələrində türk və yunan gəmilərinin üz-üzə gəlməsinin şahidi olmuşuq. Amma bunun böyük bir savaşa çevriləcəyini istisna edirəm. Heç Türkiyə də buna getməz. Habelə, yunan-türk qarşıdurması Avropa İttifaqı və ya Qərb dövlətlərinin də marağında deyil. İndi onlara belə bir ciddi problem lazım deyil. Əksinə, Qərb dövlətləri bu bölgədə gərginliyi azaltmağa çalışırlar. Liviyada yeni düzənin qurulmasına edilən cəhdlər də buna xidmət edir.