Kəlbəcər həsrətinə son qoyuldu - Azərbaycan tarix yazmaqda davam edir
Noyabrın 25-i Azərbaycan tarixinə daha parlaq bir səhifə əlavə etdi. 2 aprel 1993-cü ildə erməni quldurları tərəfindən işğal edilən, ölkəmizin ən füsunkar bölgələrindən olan Kəlbəcər nəhayət, əsl sahiblərinə qovuşdu. Silahlı Qüvvələrin Ali Baş Komandanı, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun əsgər və zabitləri dünən Kəlbəcərdə bayrağımızı ucaltdılar. Təbii ki, bu, noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin birgə imzaladıqları bəyanatın reallaşması fonunda baş verdi. Burada istər-istəməz dövlət başçımızın dediyi bir fikri yada salmaq istərdim: “İndi güc amili önə çıxıb”. Demək istəyirəm ki, Ağdam və Kəlbəcərin müharibəsiz Azərbaycana təslim edilməsi əslində buna qədər ordumuzun erməni silahlı qüvvələrinə öz gücünü göstərməsi nəticəsində baş verdi. Azərbaycan yenə zəfər içindədir. Sözsüz ki, ən çox sevinən məhz kəlbəcərlilərdir. Onların buna haqqı da var. Kəlbəcər ərazisinə görə ölkəmizin ən iri rayonlarından biridir. Bu bölgə dağlıq ərazidə yerləşdiyindən saf təbiəti ilə seçilir. Nəyi yoxdur Kəlbəcərin? Çayları, meşələri, tarixi qalaları, təbii sərvətləri, dağ vüqarlı insanları… Kəlbəcərlilər həm də sazlı-sözlü olublar. Buranın aşıqlarını, şair və yazıçılarını sadalasaq, onda çox uzun bir siyahı alınacaq. Hələ Kəlbəcərdən çıxan elm adamlarını, məşhur alimləri demirəm. Bəli, 10 min 100 günlük həsrətə son qoyuldu. Ali Baş Komandanımız, ölkə başçısı cənab İlham Əliyev yenə öz ənənəsinə sadiq qalaraq xalqımıza xoş müjdə verdi: Kəlbəcər torpaqları murdar erməni tapdağından azad edildi! Azərbaycan gerçəkdən tarix yazır, özü də yeni tarix! Dövlət başçımız yenə xalqa müraciət etdi, yenə hər bir azərbaycanlı qürur hissi ilə öz sərkərdəsini dinlədi. “Müharibə bir daha kimin kim olduğunu göstərdi, biz zəfər çaldıq, ermənilər aciz durumda qaldılar”, - deyə cənab Prezident öz müraciətində bildirir: “Görün, biz hansı vəhşilərlə üz-üzə idik…” Düzdür, Kəlbəcərin erməni quldurlarından təmizlənməsi əslində noyabrın 15-də baş verməli idi. Yenə də erməni yanvarışları işə düşdü. Biz onsuz da humanist xalqıq. Və həmin tarix 10 gün uzadıldı. Bəs vəhşi ermənilər bu müddət ərzində nə etdilər? Yenə öz xislətlərini bütün dünyaya nümayiş etdirdilər, evlərə, meşələrə od vurub yandırdılar. Bu yaxınlarda “Rossiya 1” telekanalında yayımlanan “60 minut” verilişində qonaq olan, “Kommersant” Nəşrlər Evinin xarici siyasət şöbəsinin müdir müavini Aleksey Naumov azərbaycanlılarla ermənilərin Kəlbəcəri tərk etmələrini müqayisə etdi. O, bildirdi ki, azərbaycanlılar ermənilərdən fərqli olaraq Kəlbəcərdən ayaqyalın qovulmuşdu. Təsəvvür edin: qışın oğlan çağında, qarlı-şaxtalı havada nə uşağa, nə qadına, nə yaşlıya rəhm edən erməni vandalları kəlbəcərlilərə necə zülm ediblər?! Bütün bunları sözlə ifadə etmək mümkünsüzdür! Amma biz onların öz vətənlərinə normal şəkildə qayıtmaları üçün hər şeyi etdik. Budur, insanlıq! Elə məqamlar, elə hadisələr var ki, heç əsrlər keçsə belə, unuda bilməzsən. Kəlbəcərin Ağdaban kəndindən olan qadınların hələ 1991-ci ildə 11 nəfər silahlı erməni quldurunu tərksilah edib, əsir götürmələrini necə unutmaq olar? Bunu yalnız qeyrətli Azərbaycan qadını edə bilərdi! Nə edəsən ki, 1992-ci il aprelin 8-də Ağdaban kəndi vəhşi ermənilərin amansız hücumlarına davam gətirə bilmədi. 39 nəfər kənd sakini qəddarcasına qətlə yetirildi. Beş nəfər girov götürüldü, 100-dən artıq ev yandırıldı. 1993-cü ilin mart ayında düşmənlər strateji əhəmiyyətli bir neçə yüksəkliyi tutdu. Təkəqaya, Zağalar, Çıraq kəndlərində evlərə od vuruldu, dinc əhali diri-diri yandırıldı. Ən əhəmiyyətli Keçiliqaya yüksəkliyi əldən getdi. Aprelin 2-də isə Kəlbəcər artıq erməni quldurlarının əlində idi… Bir daha yada salmaq yerinə düşərdi: işğal nəticəsində Kəlbəcərdə 511 nəfər şəhid olub, 231 nəfər itkin düşüb, minlərlə adam şikəst qalıb. 130 yaşayış məntəqəsi, dünya şöhrətli “İstisu” sanatoriyası, 500-dən artıq sənaye, tikinti, məişət, ticarət obyektləri, 172 mədəniyyət ocağı, 96 ümumtəhsil məktəbi, 76 səhiyyə obyekti, 1 muzey darmadağın edilib. 100 min baş qaramal, 500 min baş qoyun-quzu, yüzlərlə maşın, texnika, avadanlıq və s. talan olunub. Hələ rayonun ekologiyasına, flora və faunasına nə qədər ziyan vurulub. Bütün bunlar artıq arxada qaldı. Azərbaycanda yeni dövr başlayır. Bax, Kəlbəcər də öz yeni dövrünü yaşayacaq. Cənab Prezident bəyan etdi ki, Kəlbəcərin Baş Planı hazırlanacaq. Bütün bunlar olacaq və Azərbaycan daha da qüdrətli bir ölkəyə çevriləcək. Millət vəkili Əliabbas Salahzadə