“DELTA” ŞTAMMI TÜĞYAN EDİR, ÖLÜMLƏR ARTIR... - "Payızda daha pis olacaq, yeganə çıxış yolu..."
Yoluxma sayı çoxalır, ölüm artır, xəstəxanalarda yerlər dolub. Son günlər yoluxma sayı gündəlik 3 min - 4 min nəfərə yüksəlib. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, son sutka ərzində koronavirus infeksiyasından 32 nəfər ölüb. Mövcud durumda Operativ Qərargah qapanmaya, sərt karantinə getmədi. Amma sentyabrdan ağır şərtlər olacaq. Bütün dünyada qorunmaq taktikası da dəyişib. Sərt karantindənsə, yumşaq karantin, amma vaksinasiyanın tətbiq olunması irəli sürülür. Bununla belə, son günlər vaksinlərlə bağlı da xoş olmayan məlumatlar yayılıb. Bir müddət əvvəl “CoronaVac”ın “Delta” ştammına qarşı qoruyuculunun az olduğu bildirilirdisə, indi eyni vəziyyətin “Pfizer”lə də təkrarlandığı bildirilir. Belə ki, İngiltərədəki tədqiqatçılar, ölkənin ən çox yayılmış iki peyvəndi olan “Pfizer” və “AstraZeneca”nın “Delta” ştammına qarşı qoruyuculuğunu yoxlayıblar. Məlum olub ki, üç ay müddətində vaksinlərin effektliyi azalıb. Bundan əlavə, elm adamları, peyvənd edildikdən sonra COVİD-19-a yoluxanların, əvvəlki COVİD-19 versiyalarına nisbətən başqaları üçün daha böyük risk yarada biləcəyini aşkarlayıblar. “Pfizer və AstraZeneca”nın ikinci dozasından 90 gün sonra isə peyvəndin effektivliyinin 75 və 61 faizə düşdüyü məlum olub. Eyni zamanda effektivliyin azalması daha çox 35 yaşdan yuxarı şəxslərdə müşahidə edilib, nəinki gənc yaşda olanlara. Tədqiqatçılar belə qənaətə gəliblər ki, peyvəndlərin effektivliyi 4-5 aydan sonra da dəyişməyəcək. Nicat Əzimli Bu və digər suallarla bağlı həkim-infeksionist Nicat Əzimli “Yeni Müsavat”a danışıb: “”Pfizer" dünyada ən populyar, eləcə də araşdırmalar əsasında təsdiqini tapmış ən effektiv vaksin hesab olunur. Xüsusilə də koronavirusun ilkin variantına qarşı 95 faiz effektiv idi. İndi isə İsraildə “Delta” ştammı ilə bağlı aparılan araşdırma nəticəsində məlum olub ki, bu effekt 39-42 faizə enib. “Pfizer”lə bağlı olan bu nəticə eynilə “CoronaVac”la da bağlı müşahidə olunur. Düzdür, “CoronaVac”la bağlı uyğun, inandırıcı bir araşdırma görməmişəm. Şəxsi təcrübəmdən isə deyə bilərəm ki, həqiqətən də koronavirusun indiki variantına qarşı göstərdiyi effekt əvvəlkindən zəifdir. Amma yenə də insanları ağırlaşmaqdan, kritik xəstəlik halına düşməkdən, reanimasiyaya düşməkdən, ölüm halından sığortalayır. Azərbaycanda da statistika göstərir ki, vaksinasiya olunmuş əhalinin əksər hissəsi “CoronaVac” peyvəndindən istifadə edib və hazırda hər iki doza vaksin olunmuş insanlara reanimasiyada demək olar ki, rast gəlinmir. Bu da onu deməyə əsas verir ki, “CoronaVac” insanı ölümdən sığortalayır, xəstəliyin kritik halından qoruyur. Ona görə də “CoronaVac”ı bu qədər pisləməkdə məntiqi əsas görmürəm. Hər bir peyvəndin müəyyən dərəcədə insan üçün böyük rolu var. İkinci bir nüans da var, burada molekulyar səviyyəyə ensək, Azərbaycandakı vaksinlərdən “Pfizer” məlumat RNT-si vaksinidir. “Sputnik V” və “AstraZeneca” isə vektor vaksinidir. Coronavac isə inaktiv vaksindir. mRNT və vektor vaksinləri virusun Spayk proteininə spesifik immunitet yaradır. Lakin “CoronaVac” inaktivləşdirilmiş vaksin olduğu üçün virusun bütün - əsasən dörd proteininə qarşı insanda immunitet yaranır. Bu da spayk proteinində əmələ gələn hər hansı bir mutasiyada peyvəndin effektivliyini müəyyən dərəcədə daha yaxşı qoruyub saxlamış olur. Yəni “CoronaVac” peyvəndinin bu üstünlüyü də var". İnfeksionist “koronavirusa yoluxmuş şəxslə təmasda olanlar qabaqlayıcı nə kimi tədbirlər görməlidir” sualına da cavab verib: “Bu xəstəliyin yeganə gerçək profilaktikası vaksindir. Yəni əgər bir insan vaksin olunmayıbsa, digər şəxslərlə təmasdan sonra nə etsə də, yoluxmanın qarşısını alması tədbirləri maksimum 10 faiz rol oynaya bilər. Ən yaxşı halda xəstələnməkdən onu qoruya bilər. Əgər insan vaksin olunmayıbsa, xəstəliyin yoluxuculuğu o qədər yüksəkdir ki, o insanı heç nə ilə qorumaq mümkün olmayacaq. Xüsusilə hazırda ”Delta" variantının yayıldığı bir dövrdə vaksinasiyadan kənar qalan şəxslər üçün qarantiya yoxdur ki, onlar hər hansı bir təmasdan sonra xəstələnməyəcəklər. Yəni xəstəliyin qarşısını alacağı real deyil". Nuran Abdullayev Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru Nuran Abdullayev isə bəzi narahat doğuran məqamlara toxunub: “Təəssüflər olsun ki, bu gün Azərbaycanda sərt qapanma (mərhələli və ya birbaşa) yeganə çıxış yoludur ki, insanlar ölməkdən qorunsunlar. Amma sərt qapanmaya getməmək üçün də elmi əsaslı plan və strategiya mövcud idi, bu haqqda geniş yazmışdım və ciddi xəbərdarlıq etmişdim, əməl olunmadı. “Delta” variantı ilə bağlı Azərbaycan üçün xəbərdarlığımda peyvəndlər haqqında xüsusi olaraq ”effektiv" ifadəsini istifadə etmişəm və bu cür effektiv peyvənd Azərbaycan üçün Çindən olan peyvənd deyil. Ümumiyyətlə, peyvənd seçimində Azərbaycanda insanlar iki önəmli məsələ arasında qərar verməlidirlər: təhlükəsiz, az effektli peyvənd, yoxsa müəyyən qədər yan təsirləri ola biləcək yüksək effektli peyvənd. Azərbaycanda elmi statistika yox səviyyəsindədir. Bu da insanlar arasında sistemə və xəstəliyə qarşı inamı sıfıra endirir. Payızda gözlənilən və lazımi tədbirlər görülmədiyinə görə artıq Azərbaycanda indidən başlayan dalğa bu günə qədər pandemiya dönəmində gördüklərinizdən daha pis olacaq. Uşaqlarınızı qorumalısınız. Təəssüf ki, məktəblər onlayn olmalıdır. Səhiyyənin uşaqları qoruyacaq qədər gücü yoxdur". Səhiyyə nazirinin birinci müavini Teymur Musayev isə Real TV-yə müsahibəsində deyib ki, koronavirusun “Delta” ştammı sürətlə yayılsa da, burada ağırlaşma və ölüm faizi digər ştamlardan aşağıdır: “İnsanlara tövsiyə edərdim ki, simptomlar görüləndə test verib, həkim məsləhəti ilə müalicə olunsunlar. İnsanlar özlərini evdə müalicə etməsinlər". Nazir müavini əlavə edib ki, hazırda koronavirusun müalicəsi üçün ayrılan xəstəxanalarda çarpayı fondunun doluluğu 50 faizə çatmır: “Hazırda ölkədə aktiv koronavirus xəstələrin sayı 30 mindən artıqdır. Onların hamısı heç də stasionar şəraitdə müalicə almırlar. Bir qismi reanimasiya şöbəsində, digər qismi adi şəraitdə, digər qismi isə evdə müalicə alır. Azərbaycan Tibb Universitetinin l cərrahi xəstəliklər kafedrasının assistenti, tibb üzrə fəlsəfə doktoru Azər Hümmətov isə şəkərli diabet xəstələrini xəbərdar edib: “Şəkərli diabet xəstələri mütləq qaydada COVİD-19 peyvəndi vurdurmalıdır. Vaxtında normal kompensasiya olunmuş diabet xəstələrində COVİD-19 xəstəliyidə normal keçirilir, lakin kompensasiya olunmayan, nəzarətsiz şəkərli diabet xəstələri daha ağır və fəsadlarla nəticələnir. Qanda şəkərin kəskin yüksəlməsi diabetik ketoasidoz, diabetik nefropatiya, diabetik retinopatiya kimi fəsadlara gətirib çıxarır. Bu səbəbdəndir ki, COVID-19-un ölüm statistikasında kardiovaskulyar xəstələrdən sonra ikinci yerdə şəkərli diabet xəstələridir”. Azər Hümmətov Onun sözlərinə görə, araşdırmalar göstərir ki, şəkərli diabet xəstələrində riski təyin edən əsas amillər yaşdır, qan şəkərinin və digər yanaşı xəstəliklərin olub-olmamasıdır: “Bu səbəbdən xəstəliyin nəzarətsiz şəkərli diabet xəstələrində daha ciddi şəkildə irəliləyəcəyini söyləyə bilərik. COVİD-19 prosesi zamanı, şəkərli diabet xəstələrimizə təcili bir problem olmadığı təqdirdə, gündəlik şəkər müayinələrini təxirə salmalarını tövsiyə edirik. Evdə qan şəkərini daha tez-tez izləmələri, kifayət qədər maye qəbul etmələri və ümumi sağlam qidalanma tövsiyələrinə riayət etmələri çox vacibdir. Pandemiya dövründə xəstələrimizin çoxu öz pəhrizlərinə uyğun qidalanmadıqları üçün çəki artımı ilə birlikdə yüksək şəkər, yüksək xolesterol və yüksək təzyiq görünür. Xəstələrimizə evin içərisində və ya varsa evin bağçasında gündə ən azı 5000 addım atmağı tövsiyə edirik. Gəzinti həm qan şəkərinin tənzimlənməsini, həm də çəki nəzarətini və psixoloji sağlamlığı təmin edəcək. Pandemiya zamanı dərmanlarını kəsməmələrini və mütəmadi olaraq istifadə etmələrini tövsiyə edirik. Şəkərli diabet xəstələri mütləq qaydada COVİD-19 peyvəndi vurdurmalıdır. Özümüzün, əzizlərimizin, doğmalarımızın həyatını riskə atmaq istəmiriksə, qızıl qaydalara əməl etməli və vaksinasiyada iştirak etməliyik”.