HƏRBİ KƏŞFİYYAT GENERALININ CİNAYƏTKAR ŞƏBƏKƏSİ – Şok faktlar + Konkret adlar

 

“1000 nəfərə yaxın çağırışçının hər birindən 10-40 min manat arası rüşvət alıb, onları MTN-in “N” saylı hərbi hissəsinə əsgər kimi xidmətə qəbul edirdilər”

115100_src

Artıq on gündür ki, ölkə gündəmini Milli Təhlükəsizlik Nazirliyində (MTN) baş verən ağılasığmaz cinayətlər, generalların törətdiyi geniş miqyaslı qanunsuzluqlar zəbt edib. Ölkə prezidenti İlham Əliyevin sərəncamı ilə nazir Eldar Mahmudovun vəzifəsindən azad edilməsindən və MTN rəhbərliyilə bağlı araşdırmaların başlanmasından sonra ictimailəşən bu cinayətlər sözün həqiqi mənasında cəmiyyətdə şok yaradıb. İnanmaq olmur… Demə, millətin və dövlətin təhlükəsizliyinin etibar olunduğu bir qurumun yüksək rütbəli təmsilçiləri dövlətçiliyin əsaslarını laxladan cinayətlərin birbaşa iştirakçısı və təşkilatçısıymıış.

Əlbəttə, bəzi MTN əməkdaşlarının qanunsuz fəaliyyəti ilə bağlı müxtəlif fikirlər səslənir, mətbuatda müəyyən yazılar da gedirdi. Hətta indi buna əsaslanaraq, MTN-lə bağlı açılan cinayətlərin təəccüblü olmadığını, hamının bunları bildiyini iddia edənlər də var. Ancaq bir-neçə səbəbdən bu yanaşma doğru deyil.

Əvvala, MTN-in rəhbərliyi səviyyəsində bu böyüklükdə və sayı-hesabı olmayan cinayətlərin baş verdiyini, nəinki kimsə yazıb, əminik ki, heç kimin ağlına belə gəlməyib.

İkincisi, Eldar Mahmudov nazir təyin olunduqdan sonra həyata keçirilən “Qara kəmər” əməliyyatı (bəzi məlumatlara görə, bu da Türkiyə xəfiyyələrinin məlumatları və iştirakı ilə həyata keçirilib-red.) və nazirlərin (Əli İnsanov və Fərhad Əliyevin) dövlət çevrilşinə cəhddə ittiham olunaraq həbs edilməsi MTN-lə bağlı elə br mif formalaşdırmışdı ki, çoxlarımız son günlərədək bu quruma dövlətin inanılmış orqanlarından biri kimi baxırdıq. Hətta bu səbəbdən aşağı dövlət orqanlarının rəhbərlərindən şikayəti olanlar belə daha yuxarı instansiyalara deyil, birbaşa MTN-ə müraciət edirdilər.

Üçüncüsü, Eldar Mahmudov MTN-lə bağlı elə bir tabu yaratmışdı ki, bu qurumun qanunsuz tələbləri, şantajları ilə üzləşənlər onu ictimailəşdirməkdən çəkinirdilər. Ya bu tələbləri sakitcə yerinə yetirir, ya intihar edir, ya da ən yaxşı halda ölkədən qaçıb gedirdilər. Bunların da bir hissəsini bizlər “Eldar Mahmudov mifi” dağıldıqdan sonra – son bir həftədə bildik.
Ancaq hər gün ortaya çıxan faktlar göstərir ki, Mahmudovun komandası MTN-nin əsl fəaliyyətini bir tərəfə qoyub, bu cür işlərlə – ağır cinayətlərlə məşğul olub.

Eldar M

MTN-ə yaxın mötəbər mənbələrdən belə faktlarla bağlı “AzPolitika.info”ya daxil olan çoxsaylı məlumatlar da deyilənləri sübut edir. Həmin məlumatlardan aydın olur ki, Eldar Mahmudov son 7-8 ildə peşəkar təhlükəsizlik əməkdaşlarını işdən çıxarmaq, səlahiyyətlərini əlindən almaqla, MTN-də əsasən GENERALLARDAN ibarət CİNAYƏTKAR ŞƏBƏKƏ yaradıb. Hazırda bu şəbəkənin tam neytrallaşdırılması, bütün üzvlərinin məsuliyyətə cəlb edilməsi istiqamətində işlər aparılır.

Mötəbər mənbələrdən “AzPolitika.info”ya verilən bilgiyə görə, bu istiqamətdə araşdırmalar getdikcə dərinləşdirilir, millətə və dövlətə xəyanət etmiş, cinayətə yol vermiş MTN əməkdaşları hansı postu tutmasından, kimin qohumu, adamı olmasından asılı olmayaraq, işdən qovularaq, istintaqa cəlb edilirlər.

Belələrindən biri kimi də, 10 ilə yaxın MTN-ni Hərbi Əks-Kəşfiyyat İdarəsinə başçılıq etmiş general- mayor Nizami Talış oğlu Şirinovun adı çəkilir.

“AzPolitika.info”ya verilən məlumata görə təhlükəsizlik üzrə onlarla peşəkar kadrı böhtan və şantajlarla işdən uzaqlaşdıran, onların yerinə rüşvət hesabına öz “kadrlarını” təyin edən, bu kadrlar vasitəsilə də hərbi hissələrdən total rüşvət yığımını həyata keçirən Nizami Şirinov artıq vəzifəsindən uzaqlaşdırılb. Onun da həbs ediləcəyi gözlənilir.

Azərbaycan millətinə qarşı anormal münasibəti ilə seçilən Nizami Şirinovun vaxtilə təhlükəsizlik orqanlarından qovulmasına baxmayaraq, məhz Eldar Mahmudov tərəfindən MTN-ə gətirildiyi, onun himayəsi altında yüksək vəzifə və rütbə sahibi olduğu bildirilir.

Belə ki, bizə verilən məlumata görə Nizami Şirinov 2 dəfə xidməti uyğunsuzluğa görə MTN-dən xaric edilib. Sonuncu dəfə isə 1998-ci ildə rüşvətxorluqla məşğul olduğuna dair çoxsaylı məlumatlara görə, birbaşa mərhum prezident Heydər Əliyevin göstərişi ilə MTN-dən qovulub. Heydər Əliyev bu cür adamlara ədalət və ləyaqət prinsiplərini əsas götürən təhlükəsizlik orqanlarında yer olmadığını bildirib.

Ancaq Eldar Mahmudov nazir təyin olunduqdan sonra – 2004-cü ildə tikinti hərbi məktəbini bitirən Nizami Şirinovu yenidən MTN-də vəzifəyə qaytarır. Mahmudova “sədaqət andı” içən Şirinovun MTN-ə qaytarıldıqdan sonra nəinki köhnə işlərini davam etdirdiyi, hətta bu məqsədlə xüsusi dəstə də yaratdığı iddia olunur.

Belə ki, Nizami Şirinov MTN-nin Hərbi Əks-Kəşfiyyat İdarəsinə rəhbər təyin olunduqdan sonra 70-dən artıq peşəkar kadrı müxtəlif qanunsuz yollarla işdən uzaqlaşdırıb. Onların əvəzinə işə götürdüyü polkovnik-leytenantlar Elcan Abdullayev, Elman Tahirov, Zahid Qəniyev, Dəyanət Məmmədov, Vüqar Bəxtiyarov və başqalarından ibarət özünə bağlı komanda yaradıb. Hansı ki, bu qrup vasitəsilə orduda, hərbi hissələrdə əsgər və zabitləri şantaj edərək pul yığmaqla, rüşvətxorluq və korrupsiya ilə məşğul olub.
“AzPolitika.info”ya verilən məlumata görə, bu işdə Nizami Şirinov həmçinin köməkçisi Mehman Hadıyev, baldızı oğlu Emin Musayev, nazirin köməkçisi Vüqar Mahmudov və Hərbi Hissə komandiri, general-mayor Vüqar Allahquliyevlə (artıq vəzifəsindən azad edilib-red.) birlikdə fəaliyyət göstəriblər.
“Bu cinayətkar dəstə çağırış zamanı 1000 nəfərə yaxın çağırışçının hər birindən 10-40 min manat arası rüşvət alıb, onları MTN-in “N” saylı hərbi hissəsinə əsgər kimi xidmətə qəbul edirdilər. Bu yolla ildə təxminən 15 milyon manat pul toplanırdı. Bundan şəbəkənin hər bir üzvünə pay ayrılsa da, əsas hisəssi Nizami Şirinova və nazirə çatırdı.
Bununla da kifayətlənməyib, Nizami Şirinov və Vüqar Allahquliyev həmin əsgərlərdən “sakit obyektlərə” paylaşdırmaq adı ilə 10-25 min manat arasında rüşvət tələb edirdilər. Verməyənləri cəbhə bölgəsinə göndərməklə şantaj edirdilər” – deyə, mənbə bildirir.

Məlumatlara görə, son “yığım sezonunda” polkovnik-leytenant Elcan Abdullayevin Nizami Şirinova 300 min manat “atdığı” ortaya çıxdığı üçün onlar düşmən oldular və birinci işdən çıxarılaraq pensiyaya göndərildi.

Nizami Şirinov və dəstəsinin əməlləri bununla yekunlaşmayıb. Onların bütün hərbi hissələrdən, korpuslardan pul yığdığı, bu sahədə tenderləri həyata keçirənlərdən külli miqdarda rüşvət aldıqları iddia olunur“Hətta hərbi hissələri ət, kortof-soğan, geyim əşyaları ilə təchiz edənlərdən də haqq alınır, hər çöpə görə faiz istəyirdilər.”

Geniş miqyaslı rüşvət əməliyyatları hesabına “kəşfiyyatçı general” Nizami Şirinovun özünə böyük kapital topladığı bildirilir. Onun paytaxtda və rayonlarda çoxlu sayda obyektlər ələ keçirdiyi, Xudatda klinika açdığı, Bakıda, Nabranda villalar tikdirdiyi bildirilir. Eyni zamanda Nizami Şirinov tutduğu postun imkanlarından yararlanaraq, xaricdə də özünə biznes qurub. Belə ki, Rusiyada, Almaniyada, Türkiyədə Nizami Şirinovun klinikalarının, supermarketlərinin və başqa biznes obyektlərinin olduğu bildirilir.

“Kəşfiyyatçı general” Nizami Şirinov bu böyüklükdə kapitalı və əmlakı yalnız hərbi hissələrdən toplamayıb. Eyni zamanda Nizami Şirinov vəzifə səlahiyyətlərini aşaraq vəzifəli şəxslərin, hərbi hissə komandirlərinin, generalların və iş adamlarının dinlənilməsində şəxsən iştirak edib. Bu vasitə ilə əldə etdiyi məlumatlarla onları şantaj edərək, pul yığıb.

Bundan əlavə ölkədəki biznes adamlarının əmlakını ələ keçirmək məqsədilə, onlara “divan tutulmasında” birbaşa iştirak edib. Bunlardan biri kimi Nizami Şirinov tərəfindən son aylar müflis edilən iş adamı Asif Tağıyevin adi çəkilir. “Onun bütün əmlakını, pulunu, maşınını əlindən aldıqdan sonra özünü də həbs etdirməyə çalışırdı. Köməksiz qalan Asıf Tağıyev hətta bu şantajlardan can qurtarmaq üçün ictimai yerdə intihara cəhd etmişdi. O, Nizami Şirinovun başına açdığı müsibətlərlə bağlı Prezident Administrasiyasına, Hərbi Prokurorluğa da müraciət edib”, deyə mənbə bildirir.

Bundan başqa Hacı adlı iş adamına da eyni aqibəti yaşadıblar. Nizami Şirinov onun da əmlakını əlindən alıb. Özü isə çanını qurtarmaq üçün ABŞ-a qaçıb. Bununla bağlı da Hərbi Prokurorluqda cinayət işi açılıb.

“Azpolitika.info”ya verilən məlumatda Nizami Şirinovla bağlı bir cinayət işinin isə ölümlə nəticələndiyi bildirilir. Belə ki, Şirinov ötən il Lənkərandan olan imkanlı bir dostunun 2 oğlunu əsgər kimi öz şöbəsinə götürüb. Həmin qardaşlar da 16 yaşlı bir azyaşlı qızı zorla öz şöbələrinə gətirərək, ona təcavüz ediblər. Nizami Şirinov da qardaşların atasından cinayəti ört-basdır etmək üçün 100 mindən yuxarı rüşvət alır.Həmin qızın valıdeynləri Hərbi Prokurorluğa şikayət etsələr də, Nizami Şirinov istintaqın aparılmasına imkan verməyib. Hətta qızın ailəsini hədələyib. Həmin cinayət işi bu gün də açıq qalır. Ancaq qız bütün bunlara dözməyərək, MTN-in qarşısında özünü yandıraraq intihar etdi. Nizami Şirinov tamahkarlığı gənc bir qızın həyatına son qoydu.

Mənbə bildirir ki, Nizami Şirinov və dəstəsinin çoxlu sayda belə tükürpədici cinayətləri var. Hazırda onunla bağlı yaradılmış istintaq qrupu bu cinayətləri araşdırır.

AzPolitika.info

P.S. Yazda adları çəkilən şəxslərin də mövqeyini işıqlandırmağa hazırıq.

 

  






Fikirlər