Cahangir Əsgərovun həyat yoldaşına məxsus bankın gəlirləri 3 milyon azaldı...
Bu ilin ilk 3 rübü ərzində "Premium Bank” ASC-nin xalis mənfəəti 4 milyon 12 min manat olub.
Yeniavaz.com xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə bankın mənfəəti 42,7% və ya 2 milyon 987 min manat azalıb.
Belə ki, 2021-ci ilin ilk 3 rübü ərzində "Premium Bank”ın xalis mənfəəti 6 milyon 999 min manat olub. "Premium Bank”ın xalis mənfəəti 2020-ci ilin eyni dövründə isə daha çox - 7 milyon 650 min manat təşkil edib.
Məlumat üçün bildirək ki, "Premium Bank”ın əsas səhmdarı olan Zərifə Həmzəyeva “Azərbaycan Hava Yolları” (AZAL) Qapalı Səhmdar Cəmiyyətinin prezidenti Cahangir Əsgərovun həyat yoldaşıdır.
Hazırda bank səhmlərinin 84,5%-i Zərifə Həmzəyevaya məxsusdur. Bu isə o deməkdir ki, “Premium Bank” ASC-də Zərifə Həmzəyevaya məxsus 130,6 milyon manat var.
Onu da bildirək ki, “Premium Bank” 1993-cü ildə “AZAL Bank” adı ilə yaradılıb. 2008-ci ildə adı dəyişdirilərək “Silk Vey Bank” olub. 2018-ci ildə bankın adı yenidən dəyişdirilib və “Premium Bank” adlandırılıb.