"Bu iki ölkə dünyada oyun qaydalarını yenidən yazmaq istəyir..."
"Beynəlxalq Cinayət Məhkəməsi diktator Putinin həbsinə order verməklə Rusiyanı həmişəlik rüsvay edib..."
Bu gün, martın 20-də Çin lideri Si Tszinpinin Rusiya diktatoru Vladimir Putinlə görüşü olacaq. ABŞ bu görüşün nəticələrini diqqətlə izləyəcək, çünki bu ölkələr son illər əməkdaşlığı genişləndirib.
Moderator.az xəbər verir ki, bu barədə Ağ evin Milli Təhlükəsizlik Şurasının koordinatoru Con Kirbi "Fox News" telekanalına müsahibəsində deyib.
Onun sözlərinə görə, hər iki ölkə ABŞ və bir çox müttəfiqlərinin İkinci dünya savaşından sonra bərqərar etdikləri qaydalara əsaslanan dünya nizamını sarsıdır.
Spiker hesab edir ki, Rusiya Federasiyası və Çin "dünyada oyun qaydalarını yenidən yazmaq istəyir", hazırda onlar əməkdaşlığını genişləndirib və münasibətlərini gücləndirib.
Lakin Kirbi ümid edib ki, Çin lideri Co Baydenlə əlaqə xətlərini açıq saxlayacaq və Vladimir Zelenski ilə danışıqlar yolu ilə Ukraynanın mövqeyini öyrənməyə cəhd göstərəcək.
Bu yaxınlarda Haaqada Beynəlxalq Cinayət Məhkəməsi diktator Putinin həbsinə order verib və bu, Rusiya Federasiyasını həmişəlik rüsvay edib. Gələcəkdə ölkə parçalana və ya dövlət subyektliyini saxlamaqla ÇXR-in bir hissəsi ola bilər.
Çin liderinin Moskvaya səfəri zamanı hər iki ölkə rəhbəri Rusiyanın beyləlxalq sanksiyalardan yan keçməyə kömək edə biləcək üsulları da müzakirə edəcək.
Xatırladaq ki, Çin, İran və Rusiya Oman körfəzində yaxın günlərdə birgə dəniz təlimlərini keçirməyi planlaşdırır. Gözlənilir ki, təlimlərə hərbi-dəniz və hərbi-hava qüvvələri cəlb ediləcək.
Çin xarici işlər naziri Tsin Qan bəyan edib ki, ABŞ tərəfindən davam edən düşmənçilik fonunda Çin Rusiya ilə öz münasibətlərini möhkəmləndirməlidir.