BU DƏST-XƏTT BİZƏ ÇOXDAN TANIŞDIR! – Fazil Mustafa sui-qəsdində İrandan niyə şübhələnirik?...

Martın 28-də deputat Fazil Mustafaya qarşı törədilmiş sui-qəsdin İran xüsusi xidmət orqanlarının sifarişi ilə həyata keçirilməsi versiyası cəmiyyətdə geniş müzakirə olunur. Hüquq-mühafizə orqanları olayı siyasi xadimə qarşı terror aktı sayır. İki gündür davam edən əməliyyat-axtarış tədbirlərinin nəticəsi isə hələ ki, ictimaiyyətə açıqlanmayıb. Əlbəttə, terror aktının İranın sifarişi ilə törədilməsi iddiasının dəstək qazanması konkret səbəblərlə bağlıdır.

Əvvəla, 44 günlük müharibədən sonra Azərbaycan və İran arasında gərginləşən münasibətlər yoluna qoyulmayıb. Liderlər, xarici işlər nazirləri və diplomatlar arasında təmaslar olsa da, fundamental ziddiyətləri həll etmək mümkün olmayıb. Bu da daha çox İranın bölgədə yürütdüyü siyasətin Azərbaycanda təpki ilə qarşılanması, habelə rəsmi Bakının geniş vektorlu xarici siyasət konspesiyasını ələ alması ilə bağlıdır.

İran müharibədən sonrakı status-kvo ilə razılaşmır, Azərbaycandan xarici siyasətini Tehranla razılaşdırmağı (?) tələb edir. Xüsusən, İsrail, Türkiyə, Böyük Britaniya ilə sıxlaşan əlaqələr, müdafiə və təhlükəsizlik sahəsində genişmiqyaslı əməkdaşlıq İranı qəzəbləndirir. Tehran rəsmiləri dəfələrlə bildiriblər ki, Azərbaycanın bu siyasəti İranın təhlükəsizlik maraqlarına təhdiddir.

 

 

Müharibədən sonra İranın Qarabağda destruktiv fəaliyyəti, Ermənistanı iqtisadi, hərbi cəhətdən gücləndirməyə çalışması, habelə Londonda, Tehranda Azərbaycan səfirliyinə hücumların təşkilində aydın görünən rolu münasibətlərin ən aşağı həddə endirilməsinə gətirib çıxarıb. Ötən ilin sonlarında Azərbaycan sərhədlərində qoşun qruplaşmalarının hərbi təlimlərinin təşkilini, Araz çayını keçmək məşqlərini, Bakının Türkiyə ilə birgə bu hədələrə cavab verməsini də əlavə etsək, gərginliyin hansı həddə olduğunu təsəvvür etmək asanlaşar.

Bu mərhələdə Azərbaycanın İsraildə ticarət nümayəndəliyi, daha sonra səfirlik açması İranda hiddətlə qarşılandı, biz sərhədlərimizdə hərbi manevrləri, siyasətçilərin, hərbçilərin və din xadimlərinin Azərbaycanın ünvanına hədələr səsləndirməsini müşahidə etdik.

Beləliklə, Azərbaycan cəmiyyəti haqlı olaraq deputata qarşı terror aktını bu təzyiq-təhdid siyasətinin davamı kimi qəbul edir.

Burada müstəqilliyin ilk illərindən başlayaraq İranın Azərbaycana qarşı yürütdüyü siyasəti də xatırlatmağa ehtiyac var. Ötən 30 il Tehran rejiminin təcavüzkar Ermənistanı açıq şəkildə dəstəkləməsi, işğaldakı ərazilərin talan olunmasında müstəsna fəaliyyəti, hava, dəniz sərhədlərimizin dəfələrlə pozulması, Güney Azərbaycan məsələsi ilə məşğul olan fəallarla bağlı Bakıya sərt təzyiqlər etməsi və s. hadisələrlə xarakterizə olunub.

Bura Azərbaycana dini fundamentalizmin ixracı, təxribatçı qrupların, kəşfiyyat şəbəkələrinin icitmai-siyasi mühitə yerləşdirilməsi, ölkənin cənubunda, Bakıətrafı kəndlərdə radikal, dini-esktremist qrupların fəaliyyətinə meydan verilməsi də unudulmayıb.

 

 

Azərbaycan cəmiyyəti həmin dövrdə görkəmli tarixçi alim, akademik Ziya Bünyadovun qətlinin sifarşinin İranın müəyyən dairələri tərəfindən verildiyinə əmindir. 75 yaşlı akademik 21 fevral 1997-ci ildə, axşam saat 18:10-da yaşadığı binadan çıxarkən bıçaq və odlu silahla qətlə yetirilmişdir.

Aparılan istintaq işinin nəticəsində cinayətə görə "Hizbullah" və "Ceyşullah" təşkilatlarına bağlı 7 nəfər təqsirkar bilinib. Onlardan biri – qətlin əsas təşkilatçısı Qalib Babayev Azərbaycan-İran sərhədində öldürülüb. Azərbaycan hüquq-mühafizə orqanlarına görə, Ziya Bünyadovun "Albaniya tarixi" kitabına yazdığı “Ön söz”də İslam dini ilə bağlı fikirkərini təhqir kimi yozan İran müştehidləri onun ölümünə fətva verib. Hazırda qətlin bir neçə iştirakçısı İranda gizlənir.

 

 

Bu, İranın suçlandığı yeganə qətl hadisəsi deyil. 2011-ci il noyabrın 19-da saat 22.00 radələrində işdən evə qayıdan 8 saylı Təcili Tibbi Yardım stansiyasının həkimi, yazıçı-publisist Rafiq Tağıya yaşadığı binanın yaxınlığında naməlum şəxs tərəfindən çoxsaylı bıçaq xəsarətləri yetirilib. Bir neçə gün Klinik Tibbi Mərkəzdə müalicə olunan Rafiq Tağı noyabrın 23-də xəstəxanada dünyasını dəyişib.

Hadisə ilə bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi açılıb, istintaq aparılıb. Qətlin icraçısı və sifarişçisi hələ də azadlıqdadır.

Xatırladaq ki, İrandan ayətullah Fazil Lənkərani 2006-cı ildə Rafiq Tağının "Avropa və Biz" məqaləsi çap olunandan sonra onun öldürülməsinə çağıran fitva verib. Bu məqalənin dərcindən sonra Nardaran kəndində nümayişlər təşkil olunub, orada Rafiq Tağıya qarşı ölüm hədələri səsləndirilib. İran hakimiyyəti bu günə qədər bu fitvaları heç zaman pisləmədi.

İranın belə yaramaz, qəddar teror aktları həyata keçirməyə tərəddüd etməməsi Azərbaycan cəmiyyətində deputat Fazil Mustafaya qarşı sui-qəsdin həmin ünvanlarda planlaşdırılmasına əminlik yaradır. Dəst-xətt, zamanlama və İran rejimin ittihamlar qarşısında hələ də susması tanış mənzərədir... “AzPolitika.info”

 

 






Fikirlər