Səlim Müslümovun menyusuna: «300 min verib gəlmişəm»

muslimTSEK sədri Mirdaməd Nəbiyev qiymətləri qaldırıb, imkansız əhali isə nə edəcəyini bilmir

Səlim Müslümov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbəri təyin olunandan sonra bəyan etmişdi ki, bundan sonra Füzuli Ələkbərovun dövründəki qaydaları tamamilə dəyişəcək.

Üstəlik, nazir onu da vəd etmişdi ki, heç kimdən pul alınmayacaq və bu barədə məlumatı olan olarsa, nazirliyə müraciət etsin. Səbəb də tədbir görüləcəyi ilə bağlıydı.

Qeyd edək ki, Səlim Müslümov bu vədlərinə qismən riyayət edib. Nazir təyinatı aldıqdan sonra Müslümov qısa müddət ərzində Sosial Müdafiə Mərkəzləri və Tibbi Sosisal Sığorta Komissiyalarının (TSEK) tərkiblərini dəyişsə də, onların yerinə gətirilənlər heç də az aşın duzu olmayıblar.

Masallıda fəaliyyət göstərən TSEK-in sədri Mirdaməd Nəbiyev sözün həqiqi mənasında əhaliyə qan uddurur. Şikayətçilər qeyd edirlər ki, Nəbiyev təyinat aldıqdan sonra indiyə qədər TSEK-də olan bütün qaydaları dəyişib. Elə tibbi komissiyadan keçənlərdən alınan məbləğlərə qədər. Məsələn, əgər əvvəllər tibbi komissiyadan keçmək üçün 1000-1500 manat tələb olunurdusa, TSEK sədri bu qiyməti 2000-2500 manata qaldırıb.

Təkrar komissiyadan keçmək də pulsuz deyil. Bu da müraciət edən şəxsin imkanlarına bağlıdır. Şikayətçilər jam.az-a deyiblər ki, TSEK-də təkrar komissiyanın qiyməti 150 manatdan başlayıb, 300 manatda yekunlaşır.

Maraqlı məqam isə Mirdaməd Nəbiyevin bu hərəkətlərinə haqq qazandırmasıdır. O hərəkətlərini belə əsaslandırır ki, guya, kimlərəsə haqq verir. Hətta bəzi iddialara görə, TSEK sədri açıq şəkildə bəyan edir ki, «300 min verib gəlmişəm, nə etməliyəm ki?»






Fikirlər